Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2020 10:47

Azərbaycan əsgəri yüksək döyüş əzminə, qələbə ruhuna malikdir

Atamın yaddaşına istinadən 1993, ya da 1994-cü ildə bir rus əsgərinin "Krasnaya Zvezda" qəzetində dərc edilmiş etirafını xatırlayıram. Bu etiraf Azərbaycan Ordusunum güclü ordu olmasının etirafıdır, reallığın etirafıdır, həm də tarixi etirafdır... "...Biz daha Dağlıq Qarabağ uğrunda döyüşlərə getmək istəmirik. Çünki daha Azərbaycan Ordusu mövcuddur...".
Aparılan genişmiqyaslı islahatlar, silahlanmaya ən müasir döyüş texnikalarının, uçuş aparatlarının daxil edilməsi, bunlarla bir sırada irimiqyaslı təlimlər Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında olmasını təmin edib. İndi ordumuz qüdrətli ordudur. Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlayacaq.
Ermənistan silahlı qüvvələri atəşkəsi pozanda da, təmas xəttində, hətta dövlət sərhədində təxribatlar törətmək istəyəndə də, Azərbaycan əsgərinin ciddi, qətiyyətli müqaviməti ilə qarşılaşır və nəticə etibarilə geri çəkilməyə məcbur olur. 2016-cı ilin aprelində də belə oldu, bu ilin iyulunda da. Düşmənin sərhəd boyu dayaq məntəqələri dağıdıldı, döyüş texnikaları sıradan çıxarıldı, hərbi qulluqçuları məhv edildi. Bu məğlubiyyətdən sonra düşmən bir daha anladı ki, ordusu ordusundan, əsgəri əsgərindən zəif olduğu dövlətin torpaqlarından çıxmalıdır. Azərbaycan Ordusu düşmənin ordu hissələrini bu torpaqlardan birdəfəlik kürüyəcək. Düşmən bu məğlubiyyəti istər döyüş, istərsə də mənəvi-psixoloji hazırlıq baxımından Azərbaycan Ordusunun hərbi qulluqçularından zəif olduğu təəssüfüylə yaşadı.
Azərbaycan Ordusu Ali Baş Komandanın əmriylə növbəti döyüşlərdə də qələbə qazanacaq. O qələbə müharibəni sonlandıracaq, torpaqlarımız işğaldan azad ediləcək. O günün ərəfəsi olduğunu Azərbaycan ictimaiyyəti də bilir, Azərbaycana ehtiramı olan dövlətlər də. Müharibə Azərbaycan Ordusunun qazanacağı qələbə ilə başa çatacaq. Bu qələbə bəşərilik qələbəsi olacaq. Yəni, işğalçı dövlətlər bir daha anlayacaq ki, özgə torpağında qalanan ocaq tez sönür. Həmin ocağı həmin torpağın yiyəsi söndürür. Həmin ocağı qalayan əlləri dağlamaqla söndürür...
2016-cı ilin aprelində olduğu kimi, iyul döyüşlərində də dünyanı qazanılan qələbə qədər ordu ilə xalqın möhtəşəm birliyi də heyrətləndirdi. Dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan əsgərinin qüdrəti həm istifadəsində olan müasir silahlarla, həm əsgərlərin bu silahların istismar xüsusiyyətlərini yüksək səviyyədə mənimsəməsiylə, həm də Vətən sevgisiylə bağlıdı. Yəni, Azərbaycan əsgərinin düşmənə tuşlanan silahlarından biri də Vətən sevgisidi və bu sevginin qüdrətinə zaval yoxdu...
Müharibədə hər döyüşün öz qəhrəmanları olur. Müxtəlif vaxtlarda müxtəlif vəziyyətlərdə olsa da, bütün qəhrəmanlıqların mahiyyəti eynidir: düşməni məğlub etmək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi fikirlər bizim də düşüncələrimizdədi, bu fikirlər təkcə müharibədə deyil, qələbədən sonra da düşüncələrimizin, yaşantılarımızın haləsi olacaq: "...bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyat, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır".
Azərbaycan əsgəri iyul döyüşlərində də qətiyyətlə vuruşdu, aprel döyüşlərinin davamı kimi vuruşdu, Ali Baş Komandanın döyüş əmriylə qazanılacaq Böyük Qələbənin başlanğıcı kimi vuruşdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin dəfnində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanlara ehtiramını bir daha bildirərək dedi: "Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib". Bu bəşəri qürur hər bir azərbaycanlının qürurudur. Bu qürur iyulun 12-də döyüşlər başlayanda ön xəttə axışanlar haqqında məlumat alanda Azərbaycan əsgərinin yaşadığı qürurdur. Bu qürurun işığı Böyük Qələbənin yolunu nurlandıracaq...
İyul döyüşlərində də, döyüşlərdən sonra da Türkiyə Azərbaycana mənəvi dəstək oldu. Bu mənəvi dəstək iki dövlət arasında qardaşlıq borcuna sədaqət kimi yaşanıldı. Bu mənəvi borc Bakının işğalında da qüdrətə döndü, İstiqlal savaşında da. Məqamında yeni qüdrət olacaq. Bunu Türkiyənin Müdafiə naziri Hulusi Akarın dediyi fikirlər də təsdiqləyir: "Yuxarı Qarabağı haqsız və qanunsuz şəkildə işğal edən Ermənistan bu yaxınlarda Azərbaycanın Tovuz bölgəsinə boyunu və həddini aşan hücum gerçəkləşdirib. Azərbaycan bizim canımızdır. Bu ağrını dərindən hiss edirik. Bu mənfur hücumu ən ağır, şəkildə şiddətlə pisləyirik. Biz Türkiyə olaraq daim can qardaşımız Azərbaycanın yanında olmağa davam edəcəyik". Azərbaycan Ordusunun şəxsi heyəti bu sevgini müqayisəyəgəlməz dövlət sevgisi bilir, onu həm də ulu öndər Heydər Əliyevin qürurla dediyi "Bir millət, iki dövlət" fikrinə ehtiram ifadəsi bilir və inanır ki, türk mehmetciyi də belə düşünür...
Nə vaxtsa oxuduğum bir məqalədə yazılmışdı ki, çağırışçılar hərbi xidmətə başlayanda nəyi qoruyacağını yaxşı bilir, necə qoruyacağını hərbi xidmətdə komandirlərindən öyrənir. Yəni, əsgər döyüş növbətçiliyi aparmağı mükəmməl mənimsəyir. 2016-cı ilin Aprel döyüşləri də, bu ilin iyul döyüşləri də təsdiqlədi ki, yaxşı döyüş hazırlığına malik olan əsgərlərimiz yüksək mənəvi-psixoloji hazırlığa da malikdir. Bu hazırlıq döyüş əzmidir, qələbə ruhudur. Biz gənclər də Azərbaycan əsgərinin yüksək döyüş əzmi, qələbə ruhu ilə qürurlanırıq. İnanırıq ki, bu əzm, bu qürur Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlayacaq.

Gülsurə HÜSEYNOVA, Silahlı Qüvvələrin Hərbi Akademiyası