Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2020 10:47

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Müasir cəmiyyətdə dinin yeri və rolu. Azərbaycanda islami dəyərlərin bərpası. Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir.

Suallar:
1. Müasir cəmiyyətdə dinin yeri və rolu.

2. Azərbaycanda islami   dəyərlərin  bərpası.

3. Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir.

 

Müasir cəmiyyətdə dinin rolu və yeri


Azərbaycan Respublikasının Konstitusiyasına əsasən din dövlətdən, dövlət də dindən ayrıdır. Buna görə də dövlətin sosial, siyasi, iqtisadi və hüquqi fəaliyyətini müəyyən edən qanunlar qəbul edilərkən, dinin bu mövzudakı əmr və qadağalarına görə deyil, sosial ehtiyaclara görə edilir. Dövlət quruluşunun əsası olan dünyəvilik din və vicdan azadlığını dövlət tərəfindən təminat altına alır. Belə ki, o zaman həqiqi din azadlığı ancaq dünyəvi bir dövlətdə reallaşa bilər. Ancaq belə bir dövlətdə vətəndaşlar heç bir müdaxilə olmadan öz dinlərini seçə bilərlər. Dünyəvi bir dövlətdə din azadlığı, hər hansı bir dinə inanma və onun ibadətlərini yerinə yetirmə azadlığını təmin etdiyi kimi, vətəndaşların heç bir dinə inanmama və heç bir dinin ibadətlərini yerinə yetirməmə azadlığını da təmin edir. Dövlətin vətəndaşı ilə münasibəti dini və ideoloji deyil, ədalət çərçivəsində olmalıdır. Dövlətin əsas vəzifəsi, ədaləti, daxili və xarici təhlükəsizliyi təmin etmək, vətəndaşların haqq və azadlıqlarına əngəl olan problemləri aradan qaldırmaqdır. Bu səbəbdən də, dövlət bu gün ölkənin gələcəyi üçün lazım olan tədbiri görməkdədir. Yəni, vətəndaşlarını və cəmiyyəti zərərli, fanatik və radikal dini-siyasi qrup və təşkilatlardan qoruyur. Bu istiqamətdə dövlətin sekulyar dəyərləri və prinsipləri daha kəskin və aydın qoyulur.
Şərq müdrikliyi və qərb rasionallığından öz payını alan Azərbaycan, cəmiyyət olaraq multikultural və tolerant dəyərləri bu adlarla olmasa da, ancaq eyni mahiyyətdə olan digər anlayışlarla hər zaman yaşamışdır. Bu baxımdan, multikulturalizm cəmiyyətdə bütün dinlər, millətlər, milli azlıqlar və mədəniyyətlərin bir arada tolerant münasibətlər içərisində birgə yaşayışıdırsa, o zaman Azərbaycan nümunə olacaq multikultiral bir ölkədir. Çünki Azərbaycan çoxdinli, çoxkonfessiyalı ölkələrdən biridir. Eyni zamanda, Azərbaycan həm də çox millətli bir ölkədir.
Azərbaycanda din-dövlət, eyni zamanda, cəmiyyət-dövlət münasibətləri milli-mənəvi dəyərlərlə yanaşı, həm də universal və multikultural dəyərlərə əsaslanan azərbaycançılıq ideologiyası kontekstində tənzimlənir. Bu baxımdan, cəmiyyətə sağlam təfəkkürlü vətəndaş qazandırmaq üçün dərin dini-fəlsəfi dünyagörüşünə, bədii-etik təfəkkürə və yüksək estetik zövqə malik olan insan yetişdirmək lazımdır. Belə ki, bu da dövlətin düşünülmüş, planlı və uzaqgörən siyasətinə əsaslanan proqramın tərtib olunmasına və onun həyata keçirilməsinə bağlıdır. İnanmaq lazımdır ki, əgər dövlət vətəndaşını və ölkənin gələcəyini düşünərək, bütün bunları sistemli şəkildə həyata keçirərsə, gələcəkdə cəmiyyətdə problem və təhlükə yaradan radikal, fanatik fərdlər ortaya çıxmaz. Əks-təqdirdə isə dini ehtiyac və tələblər qeyriləri tərəfindən təmin edilərsə, o zaman cəmiyyətdə daha da radikal, fanatik və cəmiyyət üçün təhlükə yaradan qüvvələr və fərdlər ortaya çıxa bilər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev cəmiyyətdə dinin böyük  yeri və rolu olduğunu öz çıxışında belə qeyd etmişdir: "Dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin tətbiqi və təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir. Bütün bunlar müasir mərhələdə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, demokratik dünya birliyi ilə əməkdaşlıq münasibətlərinin prioritet xəttini təşkil edir... Azərbaycan dövləti dinlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bundan sonra da dəstəkləyəcəkdir".

 

Azərbaycanda islami dəyərlərin bərpası


Respublikamızda dünyəvi dövlət şəraitində dövlət-din münasibətlərinin tənzimlənməsi, dini-mənəvi dəyərlərin pozitiv potensialından səmərəli və məqsədyönlü istifadə olunması ilə bağlı görülən böyük işlərin mahiyyətini düzgün başa düşmək üçün müstəqillik dövrünün ilk illərində ölkənin dini durumuna ani olsa da nəzər salmaq labüddür.
Milli müstəqilliyin ilk illərində Azərbaycan cəmiyyəti üçün həyatın bütün sahələrində olduğu kimi, din sahəsində də müəyyən pərakəndəlik səciyyəvi idi, 70 illik sovet rejimi dövründə insanların zehnindən dini sıxışdırıb çıxarmaq məqsədilə çox iş görülmüşdü. İfrat dərəcədə ideolojiləşdirilmiş stereotiplər bütövlükdə materialist dünyagörüşünə əsaslanan əxlaqi tərbiyə sistemi yaradılmasına yönəldilmişdi. Bu sistem insanlara öyrədirdi ki, "Allah yoxdur, din mövhumat və xürafatdan başqa bir şey deyildir, axirət inancı yanlış inancdır, ancaq dünya həyatı var və insan öləndən sonra hər şey bitir". Sovet dövründə yaşayıb-böyümüş insan bu vaxta qədər alışmış olduğu ictimai yönümünü itirdi - çaşıb qaldı, nə edəcəyini bilmədi. Vəziyyətdən sui-istifadə etmək istəyənlər də az olmadı. Ölkədə qeyri-ənənəvi dinləri yaymaq məqsədi güdən bir sıra xarici missioner təşkilatların fəaliyyəti geniş vüsət aldı. Erməni təcavüzü nəticəsində ölkə ərazisinin böyük bir hissəsinin işğal edilməsi, bir milyonluq qaçqın və köçkünlər ordusunun yaranması ilə bağlı sosial gərginlik şəraitində bu hal, həqiqətən, cəmiyyətimizin, xalqımızın gələcəyi, onun müasir millətlər toplusuna daxil olması yolunda ciddi əngəllər törədirdi. Din ölkədə müxtəlif siyasi qüvvələrin süni surətdə yaratdığı qarşıdurmaya cəlb edilir, ayrı-ayrı bölgələrdə özünü göstərən separatizm cəhdlərində ortaya atılan şüarlarda dindən siyasi məqsədlərlə istifadə etmək meyli, dini dözümsüzlük, ayrı-seçkilik əhval-ruhiyyəsi özünü büruzə verirdi.
Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdanda cəmiyyətin dinə bağlılıq durumu mürəkkəb və ziddiyyətli idi. Bu cür çətin şəraitdən yalnız yüksək dövlətçilik təcrübəsi olan bir şəxs baş çıxara, vəziyyəti düzgün qiymətləndirib dönüş yarada bilərdi. Yalnız ulu öndər Heydər Əliyev öz dərin biliyi, yüksək bacarığı, mətin iradəsi, böyük idarəçilik təcrübəsi, düzgün və uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərini inzibatçılığa yol vermədən, məqbul beynəlxalq standartlara müvafiq şəkildə öz təbii məcrasına qaytara bilər, dövlətin strateji xəttinə əsasən tənzimləyə bilərdi.
Ulu öndər Heydər Əliyev məscidlərə gedir, dini mərasimlərdə iştirak edir, dindarlarla görüşür, dövlətin strateji xəttini özü şəxsən izah etməyə çalışırdı. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində bildirirdi ki, Azərbaycanın strateji yolu demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundan keçir. Əlbəttə, dünyəvi dövlətçilik prinsipi dövlətin dindən ayrılığını nəzərdə tutur. Lakin vətəndaş, bütövlükdə isə xalq və millət dindən ayrı deyildir. 1-2 oktyabr 1998-ci ildə Bakıda keçirilən "Müasirlik və dini-mənəvi dəyərlər" adlı beynəlxalq konfransda ümummilli lider Heydər Əliyev dünyəvi dövlətdə etiqad azadlığı prinsipini daha geniş açıqlayaraq demişdir: "Dövlətimiz insanlara bütün azadlıqları vermiş və vicdan azadlığını, din azadlığını öz siyasətinin əsas hissəsi hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası (18,48-ci maddələr) din və vicdan azadlığını təsbit etmiş, biz isə bir dövlət kimi bunun təmin olunmasının qarantıyıq. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik".
Bu gün Azərbaycanda dini zəmində münaqişələrin olmaması insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması ümummilli lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasət yürütməsinin və həmin siyasətin bu gün davam etdirilməsinin nəticəsidir.

 

Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir


Azərbaycan xalqı olduqca mühüm və bəşəriyyətə nümunə olan mənəvi keyfiyyətlərə malikdir. Bunlardan biri də əsrlərdən bəri formalaşaraq inkişaf edən, xalqımızın humanist dünyagörüşünü özündə əks etdirən multikultural və tolerant dəyərlərdir. Təsadüfi deyil ki, tarixin bütün dönəmlərində bu coğrafiyada müxtəlif etnoslar, xalqlar, ayrı-ayrı dinlərə sitayiş edən insanlar əmin-amanlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Tarixin bütün dövrlərində dünyanın demək olar ki, hər bir tərəfində milli və dini zəminlərdə qarşıdurmalar baş vermiş, insanlığa, bəşəriyyətə qarşı ağır cinayətlər törədilmişdir. Lakin Azərbaycanda yaşayan xalqlar arasında heç vaxt milli-etnik və dini zəmində ədavət baş verməmiş, bu məqsədlə kənardan edilən cəhdlər iflasa uğramışdır.
Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmiş və insanlar tərəfindən doğru dərk edildiyi zaman bu dəyərlərin zəmanətinə çevrilmişdir. Azərbaycan üçün əsas mühüm xüsusiyyətlərdən biri isə ondan ibarətdir ki, bu ölkə bütün islam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biridir. Ölkədə xristian pravoslav kilsəsinin fəaliyyətinin bərpası, Bakıda katolik kilsəsinin inşa olunması Azərbaycandakı dini müxtəlifliyin və bu müxtəlifliyə insanların tolerant münasibətinin bariz nümunəsidir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında xalqımızın multikultural və dini-mənəvi dəyərlərinin qorunması, inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət yeni mərhələdə onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Dövlət başçısı mütəmadi olaraq ölkəmizdə yaşayan xalqların, dini icmaların nümayəndələri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, milli və dini bayramlarını təbrik edir. İlham Əliyev cənablarının Azərbaycan multikulturalizminin və tolerantlığının elmi əsaslarla öyrənilməsi, həmçinin dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımlar öz bəhrəsini verməkdədir.
2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması bu sahəyə diqqəti daha da artırır və eyni zamanda, dünyanı alternativi olmayan multikulturalizm və tolerantlıq siyasətindən daha effektiv şəkildə faydalanmağa dəvət edir. 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi multikulturalizm və tolerantlığın Azərbaycan xalqının həyat tərzi olması ilə yanaşı, dövlət siyasətində prioritet istiqamət olduğunun göstəricisidir.
Azərbaycanda yaşayan bütün millətlərin və dinlərin nümayəndələrinin dövlətçiliyimiz naminə daim həmrəylik nümayiş etdirmələri xalqımızın yüksək multikultural və tolerant dəyərlərə malik olmasının bariz nümunəsidir. Ölkəmizin inkişafı, qüdrətlənməsi ilə yanaşı, ərazi bütövlüyümüzün qorunmasında da burada yaşayan bütün xalqların və dinlərin nümayəndələri hər zaman qəhrəmanlıq və vətənpərvərlik nümunələri ortaya qoyublar. Biz 2016-cı ilin aprelin əvvəllərində bunun bir daha şahidi olduq. Cəbhə xəttində erməni təxribatlarına qarşı Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri də əsl qəhrəmanlıq nümunələri göstərdilər. Onların arasında şəhidlik zirvəsinə ucalanlar oldu. Bir daha təsdiq olundu ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi bu torpağı canı qədər sevir və uğrunda ölməyə hazırdır.
Təəssüflə qeyd edək ki, xalqımızın tolerantlıq keyfiyyətindən sui-istifadə edən, dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparan Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüzün qurbanları arasında tarixi-dini abidələrimiz, fərqli dini konfessiyaların və müxtəlif  xalqların mənsubları da vardır. Azərbaycandakı dini konfessiyaların nümayəndələri Ermənistanın təcavüzkarlıq və etnik təmizləmə siyasətindən əl çəkməsi, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmuş bir milyondan artıq Azərbaycan vətəndaşının öz yurd-yuvasına qayıtması tələbi ilə dəfələrlə beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edib. Lakin işğalçı Ermənistan hələ də məkrli planlarından əl çəkmək istəmir. Bununla belə, dini konfessiyaların başçıları Azərbaycan xalqının sülh istəyini və dövlət başçısının  apardığı sülhpərvər siyasəti təqdir edərək dəstəkləyir və onun uğurlu və müdrik siyasəti nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının azad ediləcəyinə əmindir.
Dövlət, vətəndaşlarının dini-fəlsəfi dünyagörüşünün, bədii-etik təfəkkürün və estetik zövqün formalaşdırılması üçün düşünülmüş dövlət siyasəti həyata keçirir. Bu anlayış və konsepsiyaların ən mühümü multikulturalizmdir. Multikulturalizm bu gün, məhz Azərbaycanın dövlət siyasəti olaraq təyin edilmişdir. Hansı ki, mültikulturallıq bir ölkədə dini, cinsi, etnik və milli müxtəlifliklərin qorunması və inkişafına yönəlmiş siyasətdir.  Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir" - deyərək multikulturalizmi Azərbaycanın dövlət siyasəti olmasını təsadüfün deyil, əksinə, qədim dövrlərdən üzü bu yana xalqımızın həyat tərzi kimi xarakterizə etmişdir. Çünki Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemi tolerant münasibətlər içərisində birgə yaşayış ənənəsi Azərbaycan xalqının formalaşdığı bütün dövrlərdə müşahidə edilmişdir. Təbii ki, bu tendensiya Azərbaycan xalqının sahib olduğu dəyərlər sisteminin bütün nümunələrində əsas istiqamətlərdən biridir.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi