Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2020 10:47

“Əsgərin sağlamlığı ordunun gücüdür”

"Sağlam bədəndə sağlam ruh olar" deyib atalar. Belə ki, bəşəriyyətin mövcudluğundan bu yana sağlamlıq ön plandadır. Təsadüfi deyil ki, hər kəs üçün sağlam can ən şirin nemət sayılır. Kimliyindən, peşəsindən, yaşından asılı olmayaraq insan övladı öz sağlamlığının qayğısına qalmalıdır. Bu, insanın özünə verdiyi dəyərdir. Xalq, millət olaraq gigiyenaya, qidalanmaya xüsusi önəm  veririk. Bunlar insan sağlamlığı üçün vacib olan nüanslardır.
Vətəndaşların sağlam olması dövlət üçün də mühüm rol oynayır. Bütün sahələrdə olduğu kimi, ordumuzda da hərbi qulluqçuların sağlamlığına ciddi önəm verilir. Bunun üçün bütün bölmələrdə ən son tibbi avadanlıqlarla təmin olunmuş tibb məntəqələri fəaliyyət göstərir. Bununla yanaşı, savadlı və peşəkar hərbi həkimlərimiz şəxsi heyətin sağlamlığının keşiyində inamla dayanırlar.
"N" hərbi hissəsinin zabiti Məhəmməd Alışov ilə birgə hərbi hissənin tibb məntəqəsinə yollandıq. Müasir tələblərə cavab verən stomatologiya, rentgen, UZİ, EXO, EKQ və digər tibbi otaqlarla təmin olunmuş tibb məntəqəsindəki səliqə-sahman, təmizlik, tibbi heyətin professionallığı və gülərüzlüyü bizdə xoş təəssüratlar yaratdı.
Pandemiyanın dünyanı cənginə aldığı dövrdə hərbi hissənin tibb personalı əsgərlərin sağlamlığına xüsusi diqqət göstərir. Hərbi hissədə olduğumuz zaman əsgərlərin yataqxana, yeməkxana və digər məişət otaqlarında xüsusi profilaktik tədbirlərin görülməsinin şahidi olduq. Belə ki, hərbi hissədə sosial məsafənin qorunduğunu və tibbi sterilizasiya vasitələrindən mütəmadi istifadə edildiyini gördük. Həmçinin hərbi hissədə virusdan qorunmaq məqsədilə təlimatlandırıcı lövhələr də düzəldilib.
Növbətçi həkim gizir Tural Məhərrəmov bizə tibb məntəqəsinin iş prosesindən danışdı: "Gün ərzində tibb məntəqəsinə müraciət edən istənilən hərbi qulluqçunun şikayəti dinlənilir, müayinədən keçdikdən sonra ehtiyac olarsa, ona ilkin tibbi yardım göstərilir və stasionar müalicəyə cəlb edilir.
Koronavirus pandemiyası tibb işçilərinin məsuliyyətini və diqqətini daha da artırdı, tibbi maskaların və əlcəklərin istifadəsi, sosial məsafənin gözlənilməsi, bölmələrin dezinfeksiyası gündəlik fəaliyyətə çevrilib." Gizir T.Məhərrəmov bildirdi ki, heyətimizin gördükləri tədbirlər nəticəsində hərbi hissədə COVID-19 virusuna yoluxan müəyyən olunmadı.
Məntəqəyə müraciət edən əsgər Ruslan Rüstəmov dedi ki, tibb məntəqəsinin işçiləri müraciət edənlərə həmişə diqqət və qayğı ilə yanaşırlar. "Özümü pis hiss edən kimi dərhal taqım komandirinə müraciət etdim və tibb məntəqəsinə gəldim. Artıq iki gündür ki, buradayam və hər bir şeydən razıyam. Həkimlərin səyi nəticəsində özümü yaxşı hiss edirəm. Yaxın günlərdə xidmət yoldaşlarımın yanına tam sağlam qayıdacağam. Yuxarı komandanlığa bütün əsgər yoldaşlarım adından təşəkkürümü bildirmək istəyirəm ki, bizim üçün hər cür şərait yaradılıb. Təminatımız yüksək səviyyədədir. Nümunəvi xidmət edib ordumuzun adına layiqli əsgər olmaq bizim borcumuzdur. Əsgərin sağlamlığı ordunun gücüdür”.
Tibb məntəqəsinin şəraitini və tibb personalının təcrübəsini gördükdən sonra bir daha əminliklə deyə bilərik ki, hərbi hissənin şəxsi heyətinin sağlamlığı peşəkar əllərdədir.

İbrahim MƏMMƏDBƏYOV