Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2020 10:47

“Biz öz torpaqlarımızı hər an işğaldan azad etməyə hazırıq”

Hər dəfə yola çıxanda özümdən asılı olmayaraq qəlbimi qəribə bir hiss bürüyür. Uca bir dağ yamacının, düzün, dərənin, təpənin belində kəmərə bənzəyən yollara baxdıqca gözümün qarşısında açılan mənzərədən sanki ruhum rahatlıq tapır, cismimə qəribə bir təpər gəlir... Fikirləşirəm ki, bu yolları saatlarla gəzib dolaşsam yorulmaram, usanmaram. Eyni zamanda, düşünürəm ki, elə yollarımız da var ki, onun cığırlarını ot basıb, illərdir o yollara ayaq dəymir, o yollar düşməni sinəsində daşımaqdan bezib, doğmalarının həsrətini çəkir. Nədənsə bilmirəm, bir vaxtlar qonaq olub ömrümə xoş günlər yazdığım, indi düşmən işğalında olan Şuşanı, Cıdır düzünü və gözəlliyindən doya bilmədiyim Laçın yaylaqlarını da xatırlayıram. Qəribədir ki, o yerləri yaddaşımda dərin iz qoyan yolları ilə yada salıram... İllərdir ayrı düşdüyümüz o yolları, cığırları indi dağılıb-tökülmüş, kol-kos basmış, qüssəli bir sükuta dalmış halda təsəvvür etmək adama çox acı gəlir...
Onu da bilirəm ki, bu həsrəti yenə yollar bitirəcək. Bizi o qərib yurdlarımızla yollar qovuşduracaq. Əlbəttə, qüdrətli Azərbaycan Ordusunun şəxsi heyətinin sayəsində. Düşməndən azad etdiyimiz torpaqlarımıza doğru böyük qayıdış yollardan başlanacaq... Qəhrəman Azərbaycan əsgəri xalqın bu istəyini reallaşdıracaq.
Bəlkə də həmin böyük qayıdışın başlanğıc nöqtəsi indi bizim "N" hərbi hissəsinin ön xətdə yerləşən artilleriya bölməsinə getdiyimiz yol ola bilər.
Düşündüklərimi oxuyurmuş kimi zabit Elşən Qurbanov qeyd etdi ki, yol bizlər üçün taledir, bütün arzularla, yaşananlarla birgə, itki və ümidlərlə baş-başa elə həyatın özüdür... "Torpaq uğrunda tökülən qanlar, müqəddəslik məqamı ilə dolu keçmişimiz yolu bizim üçün ən müqəddəs dəyərlərlə eyni sırada qərarlaşdırıb. Yol bizi yuxularımızın çin olduğu yerlərə aparır, xəyallarımızın gerçəkliyə çevrildiyi məqamlara gətirib çıxarır..."
"Xəyallarımızı gerçəkliyə çevirəcək reallıq isə Azərbaycan Ordusudur", - deyə zabit Fərahim Həsənov qeyd etdi. - Bu gün Azərbaycan Ordusu çox güclü maddi və texniki imkanlara sahibdir. Eyni zamanda, əsgərlərimizdəki ruh yüksəkliyi onu deməyə əsas verir ki, bu gün Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Ali Baş Komandanımızın da qeyd etdiyi kimi, biz öz torpaqlarımızı hər an işğaldan azad etməyə hazırıq. Bir hərbçi olaraq deyə bilərəm ki, ordumuzun gücünü, qüvvəsini, yenilməzliyini düşmənlərimiz bilir və onlar bundan daima narahatdırlar.
Zabit Elşən Qurbanov isə bildirdi ki, ordumuzun hərtərəfli inkişafı, yüksək döyüş hazırlığı, o cümlədən hərbi arsenalının dünyanın ən müasir silah-sursatı ilə təchiz edilməsi düşmənlərimizin qorxusunu daha da artırıb. Bu gün ordumuz tərəfindən düşmənin təxribat xarakterli istənilən hərəkətinə vaxtında və layiqli cavab verilməsi hər birimizdə qürur hissi doğurur. Aprel və Günnüt zəfərindən, həmçinin Tovuz istiqamətində gedən döyüşlərdən sonra yenidən ordumuzun sarsıdıcı gücünü görən mənfur qonşularımız unutmamalıdırlar ki, xalqımız heç zaman işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Bu tarixi ədalətin bərpasına isə az qalıb.
Şəxsi heyətlə söhbətimizi hərbi hissənin top heyətinin dərs prosesi keçən təlim-məşq meydanında davam etdirdik.
İlkin olaraq kapitan Ərhan Nəsibov bildirdi ki, torpaqlarımızın azadlığı uğrunda döyüşmək bizə şərəfdir. “Azərbaycan tarixinin şanlı səhifələri igid oğullarımız tərəfindən yazılıb, bu gün isə şəxsi heyətimiz tərəfindən yazılır. Bu qəhrəmanlıq salnaməmizə zabit və əsgərlərimizin sayəsində yeni-yeni səhifələr əlavə edilir. Erməni qəsbkarları torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu günədək Azərbaycanın qəhrəman oğulları çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparırlar. Müharibədə əsas ağırlıq raket-artilleriya sistemlərinin, hərbi aviasiyanın, yüngül çəkili və yüksək manevrli döyüş texnikalarının üzərinə düşür. Hücuma hazırlıq zamanı artilleriyadan açılan sərrast atəş döyüşün taleyini həll edir. Ona görə də bizlər istifadəmizdə olan artilleriya silahlarının taktiki-texniki xüsusiyyətlərini dərindən öyrənməliyik. Çünki bizi torpaqlarımızı işğaldan azad etmək kimi bir missiya gözləyir. Üzərinə düşən vəzifənin mahiyyətini dərk edən şəxsi heyətimiz bu işin öhdəsindən layqincə gəlməyə çalışır”.
"Vətən eşqidir bizi yaşadan, Vətən eşqidir bizi döyüşdən-döyüşə səsləyən", - deyə gizir Vahid Abbasov söhbətə qoşuldu. - Bu təpədən işğal edilən torpaqlarımız açıq-aydın görünür. Mən həmin torpaqları, xüsusilə Vətənim Ağdamı görməyə tələsirəm... O gördüyünüz torpaqlar bizimdir və bilin ki, biz mütləq o torpaqlara qayıdacağıq...
Gizirin dediyi bu sözlər və gözlərində oxunan nikbinlik içdən və ruhdan gəlir, doğma yurduna, elinə-obasına, özünün dediyi kimi, Vətəninə - Ağdamına dərin məhəbbətindən mayalanır.
Əsgər Nicat Salahov bildirdi ki, hücum etmək, irəli getmək, Vətən uğrunda canından keçmək bütün zabit və əsgərlərimizin borcudur. Hər bir Azərbaycan əsgəri kimi, mən də Hərbi and içmişəm. Vətəni göz bəbəyi kimi qorumağıma, hərbi sirləri yaymamağıma, bu torpaq uğrunda canımdan keçməyə, komandir heyətinin tapşırıqlarını yerinə yetirməyə söz vermişəm.
"Bu gün, ümumiyyətlə, ömrünü Vətənə xidmətdə keçirən əsgər qəlbində ali məmnunluq hissi keçirir. Bu hissdən gözəl nə ola bilər? Vətən, əlbəttə ki, Azərbaycan əsgərindən qələbə gözləyir. Zabit və əsgərlərimiz isə qəhrəmanlar yetişdirən bir torpağın əsirlikdə qalmamalı olduğunu gözəl bilirlər", - deyə əsgər Arzu Bayramov qeyd etdi.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Alim Vəliyev bildirdi ki, bu gün ordumuzun qələbə əhvalına köklənmiş ruhundan Vətən torpaqları da məmnundu. Hələ ki, güllə yağışından dəlik-deşik olmuş Vətən daşları da, qol-budaqları qırıq-qırıq olmuş ağaclar da düşmən gülləsini özləri dərirlər. Belə demək mümkündürsə, bu Vətənin torpağı da, daşı da, qol-budağı da sipərdi övladları üçün. Bu Vətənin torpağı - dərəsi də, dağı da bilir ki, əsgərlərimiz müharibəni səbirsizliklə gözləyirlər. Hələ ki, bağrı cadar-cadar olan dərələr də, sinəsi çat verən təpələr də bizi öz ağuşunda qoruyur və qələbəyə doğru səsləyir...

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR