Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2020 10:47

“Dünya Azərbaycan əsgərinin gücünə yaxşı bələddir”

Bu gün Azərbaycan Ordusu Vətəninə bağlı, sədaqətlə xidmət edən peşəkar hərbçilərdən ibarətdir. Belə hərbçilərdən biri ilə "N" hərbi hissəsində tanış olduq. Həmkarımız leytenant Sənan Quliyev artıq hərbi qulluqçular arasında xidməti və vətənpərvərliyi ilə seçilən gənc zabitlərdən biridir.
Gədəbəy rayonunda doğulub boya-başa çatan Sənan "Hərbi formanı geyinmək qürurvericidir", - deyə söhbətə başladı. - İnsan hansı peşənin sahibi olursa-olsun,  gərək ilk növbədə Vətənini, dövlətini sevsin. Vətən torpağının hər qarışı bizim üçün müqəddəsdir. Biz Vətənimizə laqeyd qala bilmərik. Uğrunda canlar verilmiş torpaqlarımız üçün mübarizə aparmaq vətəndaşlıq borcumuzdur. Məhz bu amil vətənpərvərlik deməkdir. Vətənpərvər olmaq sadəcə sözdə deyil, gördüyümüz işdə, çəkdiyimiz zəhmətdə, fəaliyyətimizdə öz əksini tapmalıdır. Vətən sevgisi hər birimizin şəxsi istəklərindən, arzularından  üstün olmalıdır. Xalqımızın, Vətənimizin taleyi hər birimizin taleyinə çevrilməlidir. Hər zaman düşmənlərimizdən qisas alacağımız günün həsrəti ilə yaşayıram. Ali təhsilimi başa vurduqdan sonra yenidən Vətənimə xidmət etmək üçün zabit olmaq qərarına gəldim. Ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə başa vurub leytenant kimi ön xətdə xidmət etməyə başladım.
Həmsöhbətim leytenant hərbi rütbəsinin ona təqdim olunduğu günü heç vaxt unutmayacağını bildirdi: "Kursu bitirib zabit adını qazandığım gün artıq məqsədimə gedən yolu yarılamışdım. Əminliklə deyə bilərəm ki, əgər qarşına bir məqsəd qoysan, mütləq ona nail olacaqsan. Bizim isə yalnız bir məqsədimiz, bir  amalımız var - torpaqlarımızı düşmən işğalından azad etmək. Bu yolda canımızdan belə keçməyə hazırıq. Bu yol haqq yoludur, bu yol qəhrəmanların yoludur. Bu yolda Vətənimizə olan bağlılığını, sevgisini şəhadətə yüksələrək sübut edən yüzlərlə hərbçilərimiz var. Dünya  Azərbaycan əsgərinin, Azərbaycan zabitinin gücünün, qüdrətinin, mərdliyinin nə olduğunu yaxşı bilir. Misilsiz qəhrəmanlıq göstərən igidlərimizin həyat yolu əsgərlərimizə örnəkdir. Sıralarımızda Poladların, İlqarların, Mübarizlərin sayının çoxalması üçün əsgərlərimizi düşmənə nifrət və döyüşkən ruhda tərbiyə edirik."
Leytenant Sənan Quliyev onu da qeyd etdi ki, əsgərlərin mənəvi-psixoloji vəziyyətinin və döyüş əzminin yüksəldilməsi üçün zəhmətini əsirgəmir. "Çalışıram ki, əsgərlərim yüksək döyüş hazırlığına malik olsunlar. Ən çətin şəraitdə belə döyüş tapşırığını yerinə yetirməyi bacarsınlar. Heç bir mürəkkəb vəziyyətdə mənəvi-psixoloji vəziyyətləri sarsılmasın. Sevindirici haldır ki, əsgərlərim öyrədilənləri dərindən mənimsəyir. Şəxsi heyət dərk edir ki, torpaqlarımızı geri qaytarmalıyıq. Hər biri verilən tapşırıqları layiqincə yerinə yetirməyə çalışır. Torpaqlarımız uğrunda canlarını fəda edən qəhrəmanlarımızı özlərinə nümunə bilib, onların yolları ilə getməyə hər an hazır əsgərlərimiz var. Əminliklə deyə bilərəm ki, mən və şəxsi heyətim gələcək tarixi döyüşlərin iştirakçısı olmaq arzusu ilə xidmət edirik. Mən qalib ordunun zabiti olmaq istəyirəm. Düşmənlərimiz də bilsinlər ki, Azərbaycan Ordusu  Aprel və Günnüt zəfərləri, uğurlu Tovuz döyüşləri ilə kifayətlənməyəcək. Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad etməyə qadirdir və bunu düşmənə, həmçinin bütün dünyaya sübut edəcək...”
 
Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"