Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2020 10:47

“Mən Azərbaycan əsgəriyəm!”

Ön xətdə döyüş növbətçiliyi aparan əsgərlərimizlə söhbətləşəndə ruhumun kükrəyişini bütün varlığımla hiss edirəm. Əsgərlərin döyüş əzmində, qələbə ruhunda Böyük Qələbənin işartılarını görürəm...
Ölkəmiz müharibəyə gizlin şəkildə neçə on illərdi cəlb edilib.
Müharibənin ilk gülləsi Ağdamda Əliyə və Bəxtiyara atıldı.
Müharibə genişləndi, ermənilik neçə ev dağıtdı, neçə ömrü kül elədi. Müharibə ürək-ürək, ev-ev yaşanıldı. Kəndlər tətik-tətik müdafiə edildi. Sərhəd kəndlərdə uşaqlar güllə-mərmi səsləri eşidə-eşidə böyüdü. O səslərin nə səs olduğunu dərk etdiyi vaxtlarda anladılar müharibənin nə olduğunu. Anladılar və kəndi müdafiə edənlərin sırasında olmağı arzuladılar. Bu arzu həm də onların hər biri üçün hərbi xidmət keçmə gününün tezləşməsiylə bağlı idi. Oğullar hərbi xidmətə çağırıldı...
Gənc əsgər olaraq hərbi xidmətdə hərbi biliklərə yiyələnirlər. Özləri hərbçi kimi formalaşır, xarakterləri vətəndaş xarakteri kimi. Vətəni daha möhtəşəm sevgilərlə sevməyə başladılar. Onu da bildilər ki, bu sevgiyə, nəhayət, son yoxdu. Bu sevgi son nəfəsəcən dəruniləşir. Bu da Vətənin qüdrətidi...
Elvin Əliyev Tovuzda doğulub. Yaxşını pisdən ayırd etməyi bacardığı vaxtlarda ermənilərin sərhəd kəndlərə həmlələri haqqında o da eşidirdi. Yaşı artdıqca onun da baxışları bu səsləri son nəfəsinə sıxışdıranların sırasında olmağa gedənlərin arxasınca aydınlıq suyuna dönərdi. Onda ürəyindən çox şeylər keçərdi. Ürəyindən keçənlər torpağa bağlı niyyətiydi. O niyyət hərbi xidmətə çağırılanda gerçəkləşəcəkdi...
Həqiqi hərbi xidməti başa çatdı. Qəlbində hələ özünə də bəlli olmayan duyğular tərpənməkdəydi. O duyğuların bir əli səngərlərdən yapışmışdı. Bir əli zamanın sabahlarından. Zamanın sabahları arzuların, istəklərin gerçəkləşəcəyi gün olur həmişə. Elvin hərbi xidmətin sonlarında düşüncələrinə sarılan istəyin nə olduğunu xidmət etdiyi hərbi hissədən, döyüş növbətçiliyi apardığı mövqelərdən uzaqlarda başa düşdü. Başa düşdü ki, müharibə başa çatmayınca, o da sırada olmalıdı. Atası İsgəndər onun istəyinə xeyir-dua verdi. 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbə onun düşüncələrinin axarını birdəfəlik müəyyənləşdirdi:  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olacaqdı, yenidən hərbi xidmətə qayıdacaqdı. Yenidən döyüş növbətçiliyi aparanların sırasında olacaqdı...
Gizir Malik Ağayev dedi ki, həqiqi hərbi xidmətdən sonrakı xidmət daha məsuliyyətli olur. Əsgər xidməti vətəndaşlıq borcu kimi deyil, vəzifə borcu kimi davam etdirir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu püxtələşmiş, kifayət qədər təcrübəyə malik hərbçidir. Biliyini, təcrübəsini müddətli həqiqi hərbi xidmətdə olan əsgərlərə böyük məsuliyyətlə, böyük həvəslə, böyük istəklərlə aşılayanlardan biri də Elvin oldu...
İyul döyüşlərində iştirak etməsək də, qəlbən döyüşənlərin sağında-solundaydıq, ruhumuz onların sırasındaydı. Qələbə qazandıq. Mən də, əsgərlərimiz də qürurlanırıq ki, belə bir ordunun əsgəriyik. Güclü dövlətimiz var, güclü ordumuz var. Ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Əliyev əsgərlərimizin yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olmasından danışaraq dedi ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları da son illərdə silahlanmaya daxil edilən döyüş texnikalarının, silahların, uçuş aparatlarının istismarını mükəmməl mənimsəyiblər. Onlar  Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamağa hazırdırlar.
Zabit Çingiz Mahmudov dedi ki, hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Əliyevi nümunəvi əsgər kimi tanıyırıq. O, zabitlərin tələb və göstərişlərini məsuliyyətlə yerinə yetirir. Onun hərbi xidmətə münasibəti əsgərlərin də nümunəvi xidmətində istinad kimi qəbul edilməlidir, yəni, əsgərlər üçün örnək var...
Azərbaycan əsgərinin xidməti xarakterini ümumiləşdirən xüsusiyyətlərdən biri də nümunəvi xidmətdir. Elvin Əliyev dedi ki, nümunəvi xidmət edirik ki, qürurla "Mən Azərbaycan əsgəriyəm!" deyə bilək...

Mübariz MUSAYEV, "Azərbaycan Ordusu"