Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2020 10:47

“Bu zirvədən o məkana bir döyüşlük yol qalıb”

Hər dəfə düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə Vətənimizin müdafiəsində dayanan oğullarımızla tanışlıq ürəyimi qürurlandırır. Yolboyu Vətənimizin gözəl və rəngarəng təbiətinə baxmaqdan doymuram. Sıldırım qayaların qoynunda burula-burula, enli-ensiz yollar uzanıb gedir. Dağların qoynunda bir-birindən yaraşıqlı, ağ daşlarla tikilən, qırmızı kirəmitlə üstü örtülən evlərin bəxş etdiyi gözəllik insanın ürəyini riqqətə gətirir. Vətənimizin hər qarış torpağını qoruduğu kimi, bu səfalı yerlərin də mühafizəsində cəsur, mərd və vətənpərvər Azərbaycan əsgəri dayanır.
Hərbi hissənin nəzarət-buraxılış məntəqəsində zabit Rəşad Əliyevlə qarşılaşırıq. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətindən danışan zabit bildirir ki, Vətənin müdafiəsində dayanan oğullarımız hər an döyüşə hazırdırlar. O qeyd edir ki, əsgərlərimiz azərbaycançılıq məfkurəsinə sadiq olaraq tərbiyə olunurlar. "Tabeliyimizdə xidmət edənlər üzərlərinə düşən məsuliyyəti dərk edir, Vətənimizə layiqincə xidmət edirlər. Komandir heyəti də bu yolda əsgərlərimizdən köməklərini əsirgəmir, onların layiqli vətəndaş kimi formalaşmalarına səy göstərir. Çünki bu günün döyüşçüsü sabahın müəllimi, həkimi, mühəndisidir. Yalnız Vətənini, millətini sevən insan layiqli vətəndaş ola bilər. Ən əsası əsgərlərimizin mahir döyüşçü kimi yetişməsi üçün döyüş hazırlığının artırılmasına xüsusi diqqət yetirilir. Günün nizam qaydasına uyğun olaraq şəxsi heyətlə məşğələlər keçirilir. Çalışırıq ki, hərbi qulluqçularımızı döyüş şəraitinə uyğunlaşdıraq. Praktiki məşğələlərin keçirilməsinə üstünlük verir, illərdir əldə olunan təcrübələrdən istifadə edirik. Mütəmadi olaraq şəxsi heyətlə fərdi söhbətlər aparılır, onların valideynləri ilə əlaqə saxlamaları üçün şərait yaradılır".
- Hərbi hissəmizin sosial-məişət şəraiti daim diqqət mərkəzindədir, - deyə zabit söhbətinə davam edir. - Əsgərlərimiz onlara göstərilən diqqət və qayğıdan ruhlanaraq daha da ürəklə xidmət edirlər. Döyüş mövqelərimizin dağların zirvəsində yerləşməsinə baxmayaraq, burada hər cür şərait yaradılıb. Xidmət yüksək səviyyədə təşkil olunub. Hər birimiz qüdrətli ordunun döyüşçüsü olmağımızla fəxr edirik.  Bizim bir amalımız var - işğal edilən torpaqlarımızı düşməndən azad etmək. İnanıram ki, tez bir zamanda etimadı doğruldacağıq, xalqımıza Böyük Qələbənin sevincini  yaşadacağıq!
Zabitlə söhbətimizi yekunlaşdırıb, döyüş mövqeyinə yollanırıq. Daşlı-çınqıllı dağ yolları ilə hərəkət edirik. Sürücümüzün təhlükəli və sərt döngəsi olan dağ yollarında avtomobili məharətlə idarə etməsi onun yetərincə təcrübəli olmasından xəbər verir. Nəhayət, ünvana çatırıq. Bizi baş leytenant Tərlan İbrahimxəlilli qarşılayır.
Öyrənirik ki, həmsöhbətimiz Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur. Vətənin dar günüdə onun müdafiəçilərinin sıralarında olmaq istəyən gələcəyin zabiti 2012-ci ildə sənədlərini Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə təqdim edir. Ehtiyat zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirən Tərlan düşmənlə təmas xəttində yerləşən bölmələrimizdən birində xidmətə başlayır. Zabit Rəşad Əliyev də gənc zabitin tez bir zamanda komandirlərinin rəğbətini qazandığını deyir.
Baş leytenant Tərlan İbrahimxəlilli bildirir ki, torpaqlarımızın bir qisminin işğal altında olmasını düşündükcə ürəyim parçalanır. "Bir vaxtlar o səfalı yerlərdən toy-bayram səsləri gələrdi, yenə də gələcək. İnanıram ki, torpaqlarımıza tez bir zamanda qalib ordunun zabiti kimi ayaq basacağam. Qələbə günümüz çox yaxındadır. Hər an Ali Baş Komandanın döyüş əmri ilə düşməni əsgərlərimizlə birlikdə işğalda olan torpaqlarımızdan qovub-çıxartmağa hazırıq".
Şəxsi heyətin təlimatlandırılmasından da söz açan zabit deyir ki, döyüş növbəsinə təyin olunan şəxsi heyətə düşmənin bütün fəaliyyətləri haqqında geniş məlumat verilir. "Əsgərlərimə diqqətli və ayıq-sayıq olmalarını, müşahidənin ancaq təyin olunmuş yerlərdən və cihazlardan aparmalarını, təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini tapşırıram. Əgər hər hansı bir hadisə baş verərsə, dərhal məruzə etmələrini və növbəti əmrin verilməsinə qədər Vətənin müdafiəsi üçün bütün bilik və bacarıqlarını səfərbər etmələrini öyrədirəm".
Baş leytenant Tərlan İbrahimxəlilli ilə sohbətimizdən sonra döyüş növbətçiləri dəyişilir. Fürsətdən istifadə edərək əsgərlərimizlə həmsöhbət oluruq. Boş yerə deməyiblər ki, vətənpərvərlik ailədən başlayır. Əsgər Elçin Mövlanov uşaq vaxtlarından ermənilərin xalqımızın başına gətirdikləri vəhşiliklər haqqında Qarabağ hadisələrinin şahidi olan dayısından eşidib. Vətənin müdafiəçisi deyir ki, dayısı Zaur Bəybalayev Ağdam və Tərtər rayonları istiqamətində gedən döyüşlərin iştirakçısı olub. "Uşaqlığım dayımın döyüşlərdə qəhrəmanlıq göstərən həmvətənlərimizin hekayələrini dinləməklə keçib. Mən də tezliklə böyüyüb Vətən müdafiəçilərinin sıralarına qatılmaq istəyirdim. Xalqımıza sədaqətlə xidmət etmək ən böyük arzumdur. Bu amalı daima hər şeydən üstün tutmuşam. Orduya, hərbi formaya maraq və sevgini mənə dayım aşılayıb. O, həmişə vətənpərvər olmağımı, Vətənimizin hər qarışını qorumağımı tövsiyə edərdi. Bu gün müqəddəs formanı daşımağımla qürur duyuram. Çalışıram xidmətimi elə qurum ki, hər an döyüş əmrinə hazır olum".
- Düşmənlə üzbəüz xidmət etmək məsuliyyətli vəzifədir, - deyə əsgər Fuad Əminov bildirir. - Hər birimiz bunun fərqindəyik. Biz düşməndən qorxmuruq. Düşmən də gücümüzə yaxşı bələddir. 2016-cı ilin Aprel döyüşlərində nəinki ermənilər, bütün dünya əsgərlərimizin mübarizliyinin, igidliyinin şahidi oldu. Həmin döyüşlər, qazanılan uğurlar bizi Böyük Qələbəyə daha da yaxınlaşdırdı. Ali Baş Komandanın döyüş əmrini verəcəyi günə qədər hərbi biliklərimizi və hərbi vərdişlərimizi artırırıq. Bu yolda komandirlərimiz bizdən köməklərini əsirgəmirlər. Bu gün hər birimizin bir arzusu var - xalqımıza Qələbə bəxş etmək. Ordumuz düşmənin istənilən hücumunun qarşısını almağa qadirdir. İstəyirik ki, torpaqlarımızın işğaldan azad edilməsində bizim də payımız olsun. Qalib ordunun əsgəri olaraq  tez bir zamanda ərazi bütövlüyümüzü bərpa edəcəyik. Xarabalığa çevrilmiş torpaqlarımızda yenidən toy-bayram səsləri eşidiləcək. Bu zirvədən o məkana bir döyüşlük yol qalıb.
Əsgər Elnur Mahmudov hərbi xidmətə gəldiyi ilk gündən komandirlərinin diqqət və qayğısı ilə əhatə olunduğunu deyir. "Gənc əsgər hazırlığı dövründə bilikli, bacarıqlı və tələbkar zabitlərimizdən döyüş hazırlığı, silahlar haqqında biliklər öyrəndik. Komandirlərimin səyi nəticəsində qorxmaz, mərd, cəsur döyüşçü kimi formalaşmışam. Hazırlıq müddəti bitdikdən sonra yenidən düşmənlə təmas xəttində yerləşən bölməyə göndərildim. İlk olaraq növbəyə gedəndə çox həyəcanlı və narahat idim. Bu həyəcanı dəf etməyimdə komandirlərimizin böyük köməyi oldu. Burada hərbi xidmət çox maraqlı keçir. Döyüş növbəsinə gedir, hərbi bilik və vərdişlərimizi artırır, asudə vaxtlarımızda dama, şahmat kimi stolüstü idman oyunları oynayır, qəzet və jurnallar oxuyur, Vətənimizdən, qəhrəmanlarımızdən bəhs edən filmlərə baxırıq. Bizim üçün yaradılan bu cür şərait uğurlu xidmətimizə müsbət təsir göstərir".
Əsgərlərdən Səyyad Həsənov və Fərid Əhmədzadə vurğulayırlar ki, Vətənin müdafiəsi kimi şərəfli vəzifənin onlara həvalə olunduğundan qürur duyurlar. Onlar düşməni əzib keçməyə, işğal olunan torpaqlarımızda haqq-ədaləti bərpa etməyə hazırdırlar. Hər biri əminliklə deyir ki, torpaqlarımızın işğaldan azad olunacağı gün uzaqda deyil.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR