Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2020 12:50

Sıra nizami ordunun əsasıdır

Vətənin keşiyində dayanan cəsur igidlərimizin döyüş hazırlığını daim yüksəltmək üçün günün nizam qaydasına əsasən məşğələlər keçirilir. Döyüş hazırlığının əsasında dayanan əsas amillərdən biri də sıra hazırlığıdır. Hərbi qulluqçuya xas olan xüsusiyyətlərdən biri nizam-intizamdır ki, o da başlanğıcını sıra hazırlığından götürür. Sıra hazırlığı hərbi qulluqçularımızın diqqətliliyini təmin edir, səliqəli olmasına yardımçı olur və iradəsini  yüksəldir. Məşğələlər isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıra Nizamnaməsinə uyğun keçirilir.
"N" hərbi hissəsində şəxsi heyətin sıra hazırlığı məşğələsində iştirak etdik. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Zahid Məmmədovun tabeliyində olan əsgərlər müəyyən komandalar yerinə yetirir, sıra hazırlığının əsasını öyrənirdilər. Məşğələ bitdikdən sonra qrup  komandirinə və şəxsi heyətə yaxınlaşıb, onlarla həmsöhbət olduq.
Kiçik çavuş Z.Məmmədov söhbət zamanı bildirdi ki, gənc əsgərin formalaşması üçün sıra hazırlığı çox önəmlidir. “Bu dərslər zamanı onlara nizam-intizam aşılanır, əsgərlərdə sıra vərdişləri və dözümlülük təkmilləşdirilir. Əvvəlcə onu deyim ki, hər bir komandir şəxsi heyətə nümunə olmalıdır. Öz səliqə-sahmanı, nizam-intizamı ilə əsgərlərinə nümunə göstərməlidir. Mən də kiçik komandir heyəti kimi daim öz üzərimdə çalışır, hərbi bilik və bacarığımı artırıram. Hərbi xidmətə gələn gənclərin bacarıqlı əsgər kimi formalaşmasında əməyim olduğu üçün qürurluyam. Burada bütün məşğələlər kimi sıra hazırlığı məşğələsi də yüksək səviyyədə təşkil  olunur. Əsgərlərə əvvəlcə sıranın müqəddəsliyini, nizam-intizamın sıradan başladığını aşılayıram. Sonra onlara sıra hazırlığının fənn və elementlərini öyrədirəm. Əsgərlərin dərsə həvəslə yanaşması, verilən tapşırıqları bacarıqla yerinə yetirməsi məni daha da həvəsləndirir. Bizim bütün fəaliyyətimiz bir məqsədə köklənib - şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək tutmaq, işğal edilən torpaqlarımızı Ali Baş Komandanımızın əmri ilə azad etmək. Bu haqq savaşına həm komandirlər, həm də əsgər heyəti tam hazır və qadirdir."
Növbəti həmsöhbətimiz əsgər Əli Kərimov dedi ki, Vətən müdafiəçilərinin sırasında olmasından fəxr hissi keçirir. "Hər bir valideyn öz övladının Vətənə sədaqətli olmasını arzulayır. Biz övladlar da çalışırıq ki, Vətənə ləyaqətlə xidmət edək, komandirlərimizin bütün əmr və tapşırıqlarını cəld və düzgün yerinə yetirək. İnanırıq ki, yaxın zamanda qüdrətli ordumuz torpaqlarımızı işğaldan azad edəcək və  millətimiz Böyük Qələbənin şahidi olacaq".
Əsgər Rahin Səmədov isə yoldaşının sözünün təsdiqi olaraq əlavə etdi ki, qorxaq ermənilər bizim ordunun nəyə qadir olduğunu 2016-cı ilin aprelində gördülər. "Bu onlara dərs oldu. Mən o zaman ordumuza baxıb fəxr edirdim ki, bir neçə il sonra mən də igid əsgərlərimizin sıralarında olacam, cəsur Azərbaycan oğulları ilə çiyin-çiyinə dayanacağam. Amma bu hələ başlanğıc idi. Böyük Qələbə irəlidədir".
Əsgərlər Xəqani Babayev, Oruc Rəhimov, Zaur Əsgərzadə və başqaları hərbi xidmətin əsl həyat və kişilik məktəbi olduğunu, bunun onlara heç zaman unudulmayacaq bilik və bacarıqlar verdiyini qeyd etdilər.

İbrahim MƏMMƏDBƏYOV