Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2020 12:50

Şəhidlər unudulmur, unudulmayacaq...

Qəhrəmanlar heç zaman unudulmurlar.
Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi qeyd edildi. 75 ildi ki, məlum qəhrəmanlar da xatırlanır, naməlum qəhrəmanlar da.
Ermənistanın Azərbaycandan əsassız torpaq iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Döyüşlərdə qəhrəmanlıqlar da tarixləşdi, qəhrəmanlar da.
Bu ilin 12 iyulunda Ermənistan Azərbaycanın dövlət sərhədlərini pozmağa cəhd etdi. Bu, əvvəlcədən hazırlanmış təxribat idi. Döyüş növbətçiliyini məsuliyyətlə aparan əsgərlərimiz düşmənin təxribatının qarşısını qətiyyətlə aldılar. İtkilər verən düşmən geri çəkilməyə məcbur oldu. Azərbaycan Ordusu düşmən üzərində qətiyyətli qələbə qazandı.
Döyüşlərdə general-mayor Polad Həşimov da şəhid oldu.   
General-mayor Polad Həşimovun xidmət yoldaşları onu qayğıkeş zabit kimi xatırlayırlar. Deyirlər ki, hamıya diqqət göstərirdi. Kimi qayğılı görsə, səbəbi ilə maraqlanırdı, köməyini əsirgəmirdi. Ehtiyatda olan zabit Qalib Paşayev kursant yoldaşını qürurla, bir qədər də kövrəkliklə xatırlayır. Deyir ki, general-mayor Polad Həşimov geniş dünyagörüşə malik zabit idi. Mütaliəni sevirdi. Oxuduğu kitabları asudə vaxtlarda bizə də danışırdı. Həm də xalq mahnılarımızı, muğamlarımızı, saz havalarını çox sevərdi. Bunlar onun duyumunu incələşdirmişdi.
Şəkil çəkdirməkdən xoşu gəlməzmiş. Buna baxmayaraq digər kursant yoldaşları kimi, Qalib Paşayevlə də şəkilləri var. Təvazökarlıqdan həmişə arxa sıralarda dayanarmış...
Telefondan xoşu gəlməzmiş. Xidmət yoldaşları onunla ya xidməti telefonla danışa bilərdi, ya da mütləq kabinetinə getməli idi.
Əsgərlərinin Vətənə, dövlət atributlarına məhəbbət ruhunda formalaşmasının cəfakeşi olub.
Qalib Paşayev kursant olanda Ağdamda çöl təcrübəsində olduqlarını da xatırlayır. "Mən Ali Hərbi Məktəbə ordudan gəldiyim üçün çətinlik çəkmirdim. Poladın səngərdə duruşu, bu duruşun mətinliyi, qətiyyəti, ciddi baxışları bizim də, zabitlərin də diqqətindən yayınmırdı. Zabitlərdən biri qürurla, "Həşimov yaxşı zabit olacaq" dedi. Polad dillənmədi, biz qürurlandıq."
Şəhidlər haqqında yazılanlar gənc nəsil üçün təkcə qəhrəmanlıq numunəsi deyil, həm də Vətənə sədaqətdi. Buna görə də şəhidlərdən həmişə qürurla, sevgilərlə, kövrəkliklə danışırlar. Bu xatırlamalar mənəvi borcödəmədir. Müharibə tariximizin bir səhifəsi də 2020-ci ilin iyul döyüşləridir, bu döyüşlərin qəhrəmanlarıdır, qalibləridir, şəhidləridir. Şəhidlər unudulmayacaq. Şəhid general-mayor Polad Həşimov da heç zaman unudulmayacaq....

Hüsniyyə İDRİSOVA, BSU-nun IV kurs tələbəsi