Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2020 12:50

“Bura Vətəndir!”

Bir vaxtlar Vətən sözü, bu sözün ifadə etdiyi məzmun dərsliklərdən, oxunan əsərlərdən öyrənilirdi. Ona görə də o vaxtlar hamının düşüncəsində bu kəlmə eyni cür ifadə edilirdi. "Haradan başlanır Vətən?" sorğusuna hamı müxtəlif cavablar versə də, çoxusu bir-birinə bənzəyirdi. İndi belə deyil. Biz gənclər Vətən kəlməsinin nə olduğunu ruhumuzla dərk edirik.
Azərbaycan Rusiya imperiyasının tərkibindəydi. Həmin vaxtlarda bizdən böyüklər - ata-analarımızın yaşıdları "Vətənim SSRİ-dir" deyirdi.
Azərbaycanın dövlət müstəqilliyinin bərpası düşüncələri də dəyişdi. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra çox şey dəyişdi. Sərhədlər də dəyişdi, Vətən kəlməsinin ifadə etdiyi məzmun da. İndi Vətən kəlməsinə hamı eyni cavab verir: Vətənim Azərbaycandır!
Sizə qardaşım kimi müraciət edirəm, Azərbaycan əsgəri. Siz müstəqil Azərbaycanın vətəndaşlarısınız, siz böyük tarixi şəxsiyyət Heydər Əliyevin nizami ordu kimi formalaşdırdığı ordunun əsgərlərisiniz, siz  "Vətənim Azərbaycandır!" deyənlərin inamısınız, güvəncisiniz...
Uşaqlığınızda, yeniyetməliyinizdə atanızdan, məktəbdə müəllimlərinizdən eşidibsiniz ki, Azərbaycan Ordusunda irimiqyaslı islahatlar aparılır. Dövlət  ordunu ən müasir silahlarla, texnikalarla təmin edir, ordunun şəxsi heyəti silahlanmaya daxil edilən texnikaların, qurğuların istismarını mükəmməl öyrənir, ordunun maddi-texniki bazası möhkəmlənir. Müxtəlif təyinatlı təlimlər şəxsi heyətin döyüş hazırlığını, Ali Baş Komandanın, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinin ön xətdə əsgər və zabitlərə tövsiyələr, tapşırıqlar verməsi, hərbi xidmətdə fərqlənənlərin təltif edilməsi, yeni hərbi hissələrin tikilməsi, bütün vacib infrastrukturlarla təmin edilməsi şəxsi heyətin mənəvi-psixoloji hazırlığının səviyyəsini kifayət qədər yüksəldib. Azərbaycan Ordusunun şəxsi heyəti yüksək döyüş əzminə, qələbə ruhuna malikdir.
Əminəm ki, siz "Haradan başlanır Vətən?" sualına "Əsgər ürəyindən başlanır!" deyəcəksiniz. Vətən kəlməsinin müqəddəsliyini bilirsiniz, bu müqəddəsliyi döyüş növbətçiliyində daha həssaslıqla dərk edirsiniz. Döyüş növbətçiliyi aparırsınız. Düşmənin bütün tərpənişlərini nəzarətdə saxlayırsınız. Hamınızın bir istəyiniz var: Ali Baş Komandanın əmriylə döyüşlərdə iştirak etmək, Böyük Qələbənin sevincini əsgər kimi yaşamaq. Vətənə xidmətiniz də müqəddəsdi, niyyətiniz də.
Etibar Hüseynov düşmənin hücumunun qarşısı alınsın deyə, özünü tankın altına atdı, Rasim İbrahimov əsir düşməmək üçün özünü də, onu əhatə edən düşmənləri də qumbara ilə partlatdı. Mübariz İbrahimov düşmənin mövqeyinə tək getdi. Siz də onlar kimi "Vətən, sənin əsgərinəm!" deyirsiniz.
Sizin hər biriniz Vətəni müqəddəslik mərtəbəsində sevən Əlif Hacıyevlərin, Rasim İbrahimovların, Vəzir Orucovların, Yusif Mirzəyevlərin, Mübariz İbrahimovların, Raquf Orucovların, Çingiz Qurbanovların, Polad Həşimovların, İlqar Mirzəyevlərin döyüş yolunu qələbəylə başa çatdırmaq amalı ilə xidmət edirsiniz. Özünüz də bilirsiniz ki, xalq sizə nə qədər inanır, güvənir. Sizə həmişə "Sən Azərbaycan əsgərisən!" qüruru ilə müraciət edir. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarını da bu sevgilərlə xatırlayır, döyüşlərdə şəhid olanların ruhunu da. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır" kəlamı sizə ünvanlanıb. Xalq bilir və inanır ki, 2016-cı ilin aprelində qazanılmış qələbəni siz böyük qələbəylə tamamlayacaqsınız.
Nə vaxtsa oxuduğum bir şeirin iki misrasını xatırlayıram:
Vətən gözdü, biz kirpik,

Gözümüzün keşiyini çəkirik.
Şairlər sizi vəsf edir, sizin Vətənə sevginizi bütün vətəndaşlara örnək bilir. Siz Vətəni belə sevirsiniz deyə, yeniyetmələr də belə sevəcək, belə qoruyursunuz deyə, yeniyetmələr də hərbi xidmətdə belə qoruyacaqlar.
Ermənistanın Azərbaycandan torpaq iddiasını, bu iddianın davamı kimi elan etmədən müharibəyə başlamasını, torpaqlarımızın işğalını beynəlxalq ictimaiyyət birmənalı şəkildə pisləmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi!" qətiyyətli bəyanatı sizin hərbi xidmət amalınızdır.
Ön xətdə xidmət edən əsgərlərdən biri deyib ki, Ali Baş Komandanın döyüş əmrini qələbəylə başa çatdıracağıq, sonra işğaldan azad etdiyimiz kəndlərin yenidən qurulmasında iştirak edəcəyik. Bu, əsgərin ali Vətən sevgisidir. İnanıram ki, siz də Vətəni o əsgər kimi sevirsiniz, siz də o əsgər kimi düşünürsünüz. Çünki bütün əsgərlərin Vətən sevgisi eynidir: Vətəni müqəddəslik mərtəbəsində sevmək, qorumaq! Sevdiyiniz Vətəni sədaqətlə qoruyursunuz. Siz dünyanın ən güclü ordularından birinin əsgərisiniz!
“Bura Vətəndir!” mahnısını siz də sevirsiniz, Azərbaycan əsgəri! Vətəni sevə-sevə qoruyursunuz!..

Şəbnəm BEHBUDZADƏ, Bakı şəhəri