Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2020 12:50

“İdman həmişə vacibdir”

Müasir dönəmdə güclü ordunun şəxsi heyətinin yüksək fiziki göstəriciyə malik olması vacib şərtdir. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Mütəmadi olaraq fiziki hazırlığın təşkili nəticəsində Azərbaycan Ordusu həm mənəvi, həm taktiki, həm də fiziki cəhətdən güclü ordu olduğunu sübut edib. Hazırda ordumuzun hərbi qulluqçularının fiziki göstəricilərini təkmilləşdirmək məqsədilə bölmələrdə hər bir şərait yaradılıb. İnanırıq ki, bu amil də Azərbaycan Ordusunun inkişafında və gələcək zəfərlərin qazanılmasında mühüm rol oynayacaq.
"N" hərbi hissəsində şəxsi heyətin fiziki hazırlığı ilə yaxından tanış olduq. Əsgərlərin baxışlarından bəlli olurdu ki, şəxsi heyət fiziki cəhətdən güclüdür və hər an Ali Baş Komandanın döyüş əmrinə hazırdırlar. Məşğələ rəhbəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Əli Paşalının müşayiətiylə əsgərlər fiziki hazırlıq məşğələsi ilə məşğuldu. Əli az müddətdir ki, ordu sıralarında xidmət edir. Vətən sevgisi, torpaq həsrəti onu orduya gətirib. Əli Paşalı inanır ki, ordumuz tezliklə işğal olunmuş torpaqlarımızı azad edəcək, xalqımızı Böyük Qələbə ilə sevindirəcək.
Öyrənirik ki, əsgərlərimizin bir çoxu hərbi xidmətə çağırılmamışdan əvvəl müxtəlif idman növü ilə məşğul olublar. Əsgər Arif Musayev 4 il idmanın boks növü ilə məşğul olub və 2 dəfə respublika çempionu adına layiq görülüb. Ə.Paşalı bildirdi ki, əsgər Musayev öz idman göstəriciləri ilə digər əsgərlərə nümunə göstərir və köməklik edir.
Əsgər Rəsul Rəsulzadə hərbi xidmətdən əvvəl idmanın Kinq-boks növü ilə məşğul olub. O, hərbi xidmət zamanı idmançı olmağın ona çox kömək olduğunu vurğuladı. “Bütün idman normativlərini vaxtında və düzgün şəkildə yerinə yetiririk. İdman əsgərlərin sağlamlığı üçün vacib şərtdir”.
Digər əsgər Nicat Məmmədov da hərbi xidmətdən əvvəl 2 il idmanın boks növü ilə məşğul olub. Cari ildə Siyəzən birinciliyinə yüksəlib. Bu gün öz nailiyyəti ilə fəxr edən əsgər üçün ən böyük qələbə işğalda olan torpaqlarımızın azad olunmasıdır.
Vətənin keşiyində dayanan hərbi qulluqçularımızla söhbətimizdən  bir daha əmin olduq ki, ordumuzun şəxsi heyətinin fiziki hazırlığı yüksək səviyyədədir. Fiziki hazırlıq da döyüş hazırlığının ayrılmaz hissəsi olduğu üçün burada əldə edilən nailiyyət gələcək döyüşlərdə qələbə deməkdir. İnanırıq ki, fiziki cəhətdən güclü və sağlam olan gənclərimiz torpaqlarımızı işğaldan azad edəcək, üçrəngli bayrağımızı Şuşada, Xankəndidə, Laçında və digər işğalda olan torpaqlarımızda dalğalandıracaq.

Əli ABIYEV