Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2020 12:50

Qəhrəmanlıq azərbaycançılıqdır

Xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətənimizi darda qoymayıblar. Onlar yadelli düşmənə qarşı son damla qanlarına qədər vuruşub, doğma diyarımızın istiqlalı, ölkəmizin müstəqilliyi və azadlığı yolunda şəhidlik zirvəsinə ucalıblar.
Xalqımız da haqlı olaraq daima onlarla öyünür, əbədi olaraq qəlblərində yaşadırlar. Vətənimizin mənafeyini hər şeydən üstün tutan müdafiəçilərimizin keçdiyi döyüş yolu hamımız üçün örnəkdir. Onların ruhu hər birimizi böyük qələbəyə, torpaqlarımızı azad etməyə, şəhidlərimizin qisasını almağa səsləyir. Hansı peşənin nümayəndəsi olmağımızdan asılı olmayaraq, hamımız Vətənimizin əsgəriyik. Hər an düşməni törətdikləri vəhşiliklərə görə peşman etməyə hazırıq. Bizi yalnız bir amal birləşdirir - Vətən torpaqlarını yağılardan qorumaq, işğalda olan torpaqlarımızı azad etmək.
Torpaqlarımızın bir qisminin işğal edilməsinə baxmayaraq, müharibə hələ bitməyib. 2016-cı ilin aprelində ermənilər təxribat törətmək istədi, ancaq döyüşlərdə məğlub oldular. Azərbaycan əsgəri torpaqlarımızın bir qismini işğaldan azad etdi. Lakin düşmən uğursuzluğu ilə barışmaq istəmir, nəzarətindən çıxan torpaqları geri qaytarmaq üçün əlverişli fürsət axtarır. Ancaq hər dəfə bədxah niyyətlərinə çata bilmir. Çünki düşmənin qarşısında cəsur, mərd və qorxmaz Azərbaycan əsgəri dayanıb. Boş yerə deməyiblər, Azərbaycan qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. Cari ilin iyulunda da xalqımız yeni qəhrəmanları ilə tanış oldu. Vətən sevgisi döyüş meydanında generalı əsgərdən ayırmadı. Hər biri düşməni məhv etmək arzusu ilə alışıb yanırdı. Polad Həşimov, İlqar Mirzəyev, Xəyyam Daşdəmirov, Elşad Məmmədov, Vüqar Sadıqov, Rəşad Mahmudov, Anar Novruzov, Namiq Əhmədov, Elçin Mustafazadə, İlqar Zeynallı, Yaşar Babayev, Nazim İsmayılov kimi oğullarımız mərdliyin, cəsarətin zirvəsinə yüksələrək, qəhrəman oldular. Biz də Vətənimiz üçün yaşamış igidlərimizi unutmuruq, unutmayacağıq.
Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində olduğumuz zaman da qəhrəmanlarımıza olan ehtiramın şahidi olduq. Hərbi hissənin qərargahında şəhidlərimizin şəkillərinin əks olunduğu lövhənin qarşısında düzülən əsgərləri gördük. Zabit Rəşad Əliyev şəxsi heyətə igidlərimizin qəhrəmanlığı haqqında danışır, onları gənc nəslə örnək göstərirdi. Zabit dedi ki, şəhidlərimiz bizim qürur mənbəyimizdir. "Hər bir xalqın dayağı və güvənc yeri onun ordusu və bu orduda xidmət edən mərd oğullarıdır. Ölkəmiz də hər zaman öz qəhrəmanları ilə tanınır. Bu şəkildə onlardan bir qismini görürük. Biz çalışmalıyıq ki, onların adına layiqli xidmət edək. Bunun üçün isə yüksək bilik və bacarığa yiyələnməliyik. Tutduğumuz vəzifəni, daşıdığımız silahı dərindən öyrənməliyik. Döyüş əmri veriləndə hər birimiz bir nəfər kimi hazır olmalıyıq. Əminliklə deyə bilərəm ki, o gün uzaqda deyil. Tezliklə Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcək, şəhidlərimizin qisasını alacaq, doğma el-obasından didərgin düşən soydaşlarımız qədim yurd yerlərinə qayıdacaqlar".
Zabit Rəşad Əliyev 2020-ci ilin iyulunda düşmən təxribatının qarşısını alan oğullarımız haqqında şəxsi heyətə ətraflı məlumat verdi. Onların xidmət etdiyi ərazilər və hansı şəraitdə şəhid olduqları haqqında danışdı. "Onlar məmləkətimizin ən görkəmli oğullarıdır. Bu gün əsas məqsədimiz şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması, Vətən uğrunda gedən döyüşlərdə şücaət göstərmiş oğullarımızın tanıdılması, onların həyatı, keçdiyi şərəfli döyüş yolları, göstərdikləri müstəsna xidmətlərini təbliğ etməkdən ibarətdir. Biz onların keçdiyi bu şərəfli yolu unutmamalı, daim yaşadılması üçün çalışmalıyıq".
- Vətən səngərdən başlayır, - deyə əsgər Ülvi Ağalarov sözünə başladı. - Şəhidlərimizin qanı ilə boyanmış səngərdə xidmət etməyimlə fəxr edirəm. Onlar Vətənimizin azadlığı uğrunda vuruşublar, çarpışıblar, şəhidlik zirvəsinə ucalıblar. Torpaqlarımızın erməni təcavüzkarlarından müdafiə edilməsində iştirak etmək hamımızın müqəddəs borcudur. Bu gün Vətənini şəxsi mənafeyindən üstün tutan oğullarımızın davamçısı olmağımla qürur duyuram. Onlar düşmənin təxribatının qarşısını aldılar. Bizim üzərimizə isə torpaqlarımızı işğaldan azad etmək düşür. Bunun üçün komandirlərimizin verdiyi əmr və tapşırıqları vaxtında, dəqiq və sözsüz yerinə yetirməliyik.
Əsgər Ruslan Ələkbərov bildirdi ki, hərbi formanı üzərində daşımaq hər bir azərbaycanlının şərəf borcudur. "Vətənimiz uğrunda döyüşlərdə canını fəda edənlərin hekayələri ilə böyümüşük. Hələ uşaq vaxtından onlara bənzəmək istəyirdim. 2016-cı ilin Aprel döyüşlərində yaşım hərbi xidmətə çağırış üçün uyğun gəlmirdi. Ancaq bu gün Vətənimizin müdafiəsində dayanan qardaşlarımızın sıralarındayam. Asudə vaxtlarımızda komandirlərimiz ümummilli liderimiz Heydər Əliyevin müasir ordu quruculuğundan, Milli qəhrəmanlarımızın, şəhidlərimizin keçdiyi şərəfli döyüş yollarından və ölkəmizin hərb tarixindən danışırlar. Tariximizi, onun yetirdiyi şəxsiyyətləri yaxından tanıdıqca fərəhlənirəm. Bütün dünya bilir ki, nə qədər güclü dövlətimiz və qüdrətli ordumuz var. İnanıram ki, tezliklə xalqımıza qələbə sevincini yaşadacağıq".
Əsgərlərdən Firdovsi Babayev, Tural Bağırzadə, Məhəmməd Allahverdiyev və Nurlan Lavdannikov dedilər ki, şəhidlərimizin adı heç vaxt yaddaşımızdan silinməyəcək. Əgər bu gün bayrağımız yüzlərlə müstəqil dövlətin bayraqları ilə bir sırada dalğalanırsa, bu həmin oğullarımızın sayəsindədir.
 
Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR