Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2020 12:50

“Dağlar bizə əyilməzlik öyrədib”

Gizir Malik Ağayevi ötənilki ezamiyyətdən tanıyıram. Onu tanımamaq, yadda saxlamamaq mümkün deyil. Çünki sifət cizgiləri çox diqqətçəkəndir, yaddaqalandır. Üz-gözündən igidlik və cəsurluq yağır, döyüş ovqatı və qələbə əzmi duyulur. İnanıram ki, sülh danışıqları baş tutmasa, torpaqlarımızın azadlığı uğrunda döyüşlər başlasa, Malik ön sırada vuruşanlardan, erməni qəsbkarlarına sarsıdıcı zərbələr vuranlardan  biri və birincisi olacaq. Dəqiq atəşləri ilə yurdumuzu zəbt etmək istəyən erməni işğalçılarını məhv edəcək. Savaşda böyük hünər və qəhrəmanlıq göstərəcək. Döyüşlərdən geriyə Qələbə müjdəsi ilə dönəcək.
Yurdumuzun keşiyində ayıq-sayıq dayanan gizir Malik Ağayevin cəsurluq yağan simasına, qartal baxışlı gözlərinə diqqətlə baxanda düşünürəm ki, əgər hansısa bir rəssam Azərbaycan hərbçisinin portretini çəkmək fikrinə düşsə, yəqin, Malikin üz cizgilərini etalon götürərdi. Çünki gizirin üzündə hərbçilərə xas olan bütün cizgilər var. Biz də qələmi fırça edib, sözü rəngə çevirib oxucularımız üçün onun portretini yaratmağa çalışacağıq.
Yəqin ki, Malikin bu cür yaddaqalan görkəmi onun daxili aləminin zənginliyindən, vətənpərvərliyindən, cəsarət və hünərindən xəbər verir. Deyirlər ki, görünən dağa bələdçi lazım deyil. Həm də deyirlər ki, göz qəlbin aynasıdır. Gizir Malik Ağayevin də ürəyində, qəlbində dolaşan vətənpərvərliyi, yurdsevərliyi, torpağa bağlılığı üzündə, gözlərində büruzə verir. Onun bir baxışından vətənpərvər hərbçi olduğu hiss olunur. Təbii ki, vətənpərvərlik hissi insanda bir-iki günün içərisində formalaşmır. Bu, illərin, ayların işidir. Burada ailənin və məktəbin də rolu danılmazdır. Görünür ki, ailə və məktəb tərbiyəsi Malikin həyatında bir-biri ilə üst-üstə düşüb, bir-birini tamamlayıb. Ona görə də gizir M.Ağayev bu cür vətənpərvər böyüyüb. Vətənpərvərlərin məskəni, məkanı ordu sıralarıdır, səngərlərdir. Demək olar ki, gizir Ağayev xidmətə gələnə qədər böyük bir vətənpərvərlik yolu keçib, Vətən sevgisindən güc alıb, torpaq istəyindən qidalanıb. Sonda da bu cür cəsur hərbçi kimi formalaşıb. O, bacarığı və işgüzarlığı ilə özünə başqa peşə də seçə bilərdi. Amma Malik Vətənin çağırışına səs verib, torpaqlarımızın müdafiəsinə tələsib. Arzu və istəyinə çatıb, əlində silah Vətən torpaqlarının keşiyində dayanır, onu erməni qəsbkarlarının hücumlarından qoruyur. Qoruyur ki, xalqımız sakitlikdə, əmin-amanlıqda və sülh şəraitində yaşasın. Xalq isə onun təhlükəsizliyini, müstəqilliyini göz bəbəyi kimi qoruyan oğulları ilə həmişə fəxr edib öyünür. Əminlik hissi ilə deyə bilərəm ki, xalqımızın öyündüyü oğullardan biri də gizir Malik Ağayevdir. Bizi sevindirən odur ki, belə cəsur oğullarımız yüzlərlədir, minlərlədir. Hansı mövqeyə, hansı səngərə gediriksə, belə cəsur hərbçilərimizlə qarşılaşırıq. Hər dəfə onları görəndə ürəyimiz dağa dönür, sevinirik. Bu gün Vətən torpaqları belə cəsur oğulların çiyinlərində dayanır. Bu çiyinlər isə qaya kimi möhkəm, polad kimi əyilməzdir. Dağlar bizə əyilməzlik öyrədib.
- Vətən torpaqlarını qorumaq, səngər həyatı yaşamaq, yurda keşik çəkmək şərəfli işdir, - deyə gizir Malik Ağayev bizimlə söhbətə başladı. - Belə bir şərəfli və layiqli vəzifəni daşıdığıma görə qürur hissi keçirirəm. Hərbçi olmaq, torpağı qorumaq çoxdankı arzum idi. İnsanı yaşadan, onu bu gündən sabahlara daşıyan ürəyində qövr edən arzu və istəkləridir. Bu arzular daim həyat yollarımızın qaranlıqlarına işıq saçır, əlimizdən tutub bizi gələcəyə doğru aparır. Hərbçi olmaq arzusuna çatdığıma görə özümü xoşbəxt hiss edirəm. Cəsur əsgərlərimizlə çiyin-çiyinə verib yurdumuzu erməni işğalçılarından qoruyuruq. Vətən qarşısındakı övladlıq borcumuzu cəsarətlə yerinə yetirməyə çalışırıq.
Səngərlərdə, yurdumuza keşik çəkən əsgərlərlə söhbətdən bir daha əmin olduq ki, qaya kimi möhkəm, polad kimi oğullarımız yurdumuzu göz bəbəyi kimi qoruyacaqlar.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"