Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2020 12:50

Səngər də Vətəndir!

Bir yay səhəri yenə əsgərlərlə görüşə gedirik. Ön xəttə səfərə çıxan zaman artıq asimanda yerini tutan günəş Yer kürəsinə meydan oxuyurdu. Yayın bürkülü istisi rahatlığımızı əlimizdən alsa da, qəlbimiz gedəcəyimiz məkanla, daha doğrusu, o məkanı qoruyan oğullarımızla döyünürdü. Yolboyu düşünürəm, Vətənə, Vətəni qoruyanlara sevgi və istəkdir bizə bu çətinliyi unutduran.
Qarabağımızın dilbər guşələrindən birinə çatanda həmin istidən əsər-əlamət qalmamışdı. Nəzərdə tutulan məkana çatanda adama elə gəlirdi ki, sanki üfüq dalğalanır. Sanki cənnətin qoynuna düşmüşük, əlimiz Qarabağ dağlarının ətəyindədir. Qeyri-ixtiyari gözlərim daha uzaqlara, başı qarlı Qarabağ dağlarına zillənir. Fikirləşirəm, görəsən, bu dağlar nələrin şahidi olmayıb. Bu dağlar Qaradağlı faciəsinə, Ağdaban faciəsinə, bəşəriyyəti dəhşətə gətirən Xocalı faciəsinə şahidlik edib. Həmçinin dağlar Azərbaycan Ordusunun Aprel zəfəri kimi, Tovuz istiqamətində gedən döyüşlər kimi hadisələrin də şahidi olub. Bu hadisələrin qəhrəmanı isə Azərbaycan əsgəridir. Onlardır bu Vətəni qoruyan. Onlardır bizə ard-arda qələbələr bəxş edən.
Azərbaycan əsgəri ilə növbəti görüşümüz "N" hərbi hissəsində reallaşdı. Bizi qarşılayan zabit Eldəniz İsmayılov ilk öncə hərbi qulluqçularımızın Vətən təəssübkeşliyindən, yurda bağlılığının kifayət qədər yüksək olmasından söz açır. "Bu gün Azərbaycan Ordusunda uğurları təmin edən başlıca amillərdən biri də dəmir nizam-intizamın yaradılması, habelə şəxsi heyətin yüksək vətənpərvərlik ovqatında yetişdirilməsidir. Təcrübə göstərir ki, döyüş ruhu olmayan orduya uğur qazanmaqda ən müasir silahlar belə kömək etmir. Bu gün Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji durumu, hərbi vətənpərvərlik əhval-ruhiyyəsi yüksək səviyyədədir.
Zabit onu da qeyd edir ki, qüdrətli Azərbaycan Ordusunun mövcud olması hər bir Azərbaycan vətəndaşının arzusu idi. “Bu gün ordumuzun qarşısında duran əsas vəzifə odur ki, Ali Baş Komandan əmr verərsə, torpaqlarımız müharibə yolu ilə işğaldan azad edilsin. Həm ordumuzun bugünkü vəziyyəti, həm də son zamanlar döyüş meydanında əldə edilən uğurlar göstərir ki, Azərbaycan Ordusu tarixi vəzifənin öhdəsindən gəlməyə tam hazırdır. Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir. Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Xalqımız ordusuna güvənir, ordusunu sevir və hər zaman da ordusunun arxasındadır. Ordumuzun şəxsi heyəti isə xalqımızın arzusunu həyata keçirmək eşqi ilə alışıb-yanır”.
Hərbi hissədə vaxt itirmədən zabit Eldəniz İsmayılovla birgə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Ruslan Əsədovun idarə etdiyi avtomobildə səngərə yola düşürük.
Zabit Eldəniz İsmayılov getdiyimiz yolu göstərərək qeyd edir ki, bu yol arzudan gerçəkliyə gedən yoldur. Bu yollar bizi Qələbəyə aparacaq. Onda yolun müqəddəsliyi bir daha təsdiqini tapacaq. O zaman bu yollar digər yollardan fərqlənəcək. Yəqin ki, zamanında bu yollara qələbə çələngləri düzüləcək.
Səngərə çatanda artıq Günəş qürub edirdi. Burada hiss etdim ki, ilıq bir istiliyin, hərarətin dalğası məni öz qoynuna alıb. Bu dalğanın haradan gəldiyini, nədən qaynaqlandığını deməyə ehtiyac yoxdur. Onun adı Azərbaycan əsgəridir.
Düşündüklərimi duyurmuş kimi baş leytenant Əli Camalzadə vurğulayır ki, Azərbaycan əsgəri ona qarşı atılan hər bir güllənin cavabını verəcək. Azərbaycan əsgərinin sayəsində torpaqlarımız etibarlı şəkildə qorunur. Zabit onu da bildirir ki, bu gün atalardan oğullara qalan ərməğan: sıx birlik, Vətən təəssübkeşliyi, yurda bağlılıqdı. "Doğma yurdumuz tarix boyu torpağımıza göz dikənlərə qeyrətdən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən ucaldılmış bir sədd olub. Çünki bu yurdun hər daşı sevgidən, Vətən məhəbbətindən, şəhid qanından yoğurulub. Belə oğulları olan millət gec-tez Vətən torpaqlarına uzaqdan baxmağa son qoyacaq".
Əsgər Elvin İsgəndərov qeyd edir ki, düşmənlərimiz yüz illər boyu bu torpaqlara sahiblənməyə çalışıblar, ancaq acı məğlubiyyətdən başqa heç nə əldə edə bilməyiblər. Odur ki, qədim Oğuz yurdunun tarixin hər səhifəsində min-min salnaməsi var. Bu salnamələr isə bizə deyir: Bura Vətəndir, bura doğma Qarabağımızın qeyrət rəmzi, yenilməzlik simvoludur.
"Düşmənlə üz-üzə dayanmaq nə məni, nə də digər əsgər yoldaşlarımı qorxudur. Hər dəfə postdan düşmənə sarı baxanda onlara hər an döyüşə hazır olduğumuzu hiss etdiririk. Biz get-gedə güclənirik, qüdrətlənirik. Çünki öz torpağımızın üzərində gəzir, öz torpağımızı qoruyuruq. Başa düşürük ki, itirdiklərimizi geriyə qaytarmaqdan ötrü daha güclü, qətiyyətli, əlbir və hazır vəziyyətdə olmalıyıq. Düşmənlərimiz isə qarşıdakı ərazilərdə müvəqqəti olduqlarını yaxşı anlayırlar", - deyə əsgər Elçin Mahmudov söhbətə qoşulur.
"Deyirlər, Vətən səngərdən başlayır. Bu səngərdə Vətənin keşiyində duranlar isə ən şərəfli vəzifənin daşıyıcılarıdır. Həmişə əsgər yoldaşlarıma deyirəm ki, səngər qorunursa, Vətən də qorunur. Səngərdə düşmənlə gecə-gündüz üz-üzə dayanan Azərbaycan əsgəri hər an ayıq-sayıq olmalıdır. Biz hər birimiz üzərmizə düşən vəzifə borcumuzu dərk edirik.". Bu sözləri isə əsgər Rəfael Quliyev deyir.
Əsgər Əli Əliyev isə qeyd edir ki, bu gün xalqın qəlbi səngərdə döyünür. Daha doğrusu, Vətən indi səngərdən keçir. Vətənin keşiyində ayıq-sayıq dayanmaq isə hisslərimizin ən alisinə çevrilib. Bu ali hissi  anlamından da çox... yaşamaq lazımdır. Özümü ona görə xoşbəxt sana bilərəm ki, Vətəni qorumaq payı mənə də düşüb.
Əsgər Tehran Bayramov bildirir ki, səngərdə - ön xətdə xalqın müdafiəsi üçün dayanmış əsgər və zabitlərimizin məqsədi, vəzifəsi birdir - Azərbaycan xalqının qələbəsini təmin etmək. “Şəhidlərimizin qanını yerdə qoymamaq, əsir, itkin düşmüş ana-bacılarımızın qisasını almaq və ən əsası, üçrəngli bayrağımızı bütün və bütöv Azərbaycan ərazisində dalğalandırmaq”.
Söhbətimizin bu yerində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şamil Məmmədovun bədahətən dediyi şeir bizlərə həm ötən faciəli günləri xatırladır, həm də könül xoşluğu nəsib edir.

Şuşam Laçınıma baxıb ağlayır,

Xocalı qırğını sinə dağlayır,

Ağdam başına qara bağlayır,

Dərdə son qoyarıq biz, Vətən oğlu.

Azərbaycan əsgərinin hünəri sayəsində inanırıq ki, bütün bu arzular, bu ideyalar sonda bir amala köklənir: müstəqillik uğrunda xalqın Qələbəsini təmin etmək. Çox keçməz ki, xalqımızın bu arzusunu şanlı ordumuz tezliklə reallaşdıracaq.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",
fotolar Namiq PƏNAHOVUNDUR