Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2020 11:15

“Hər birimiz dostuq, qardaşıq”

Hər birimiz yaxın qohumlarımızın, qonşularımızın hərbi xidmətə necə yola salınmasının şahidi olmuşuq. Əsgər valideynlərinin övladları ilə necə fəxr etdiklərini görmüşük. Böyüklər hərbi xidmətə yola düşən gənclərə öz məsləhətlərini verirlər. Əsgəri xidmətə gedən gənclər də Vətənimizin keşiyində sərəflə dayanacaqlarına, müqəddəs vəzifəni layiqincə yerinə yetirəcəklərinə söz verirlər. Onlara baxanda biz də tezliklə böyüyüb, Vətənimizin müdafiəsində dayanan igidlərin sıralarına qatılmaq istəyirdik. Ancaq o vaxtlar evdə valideynlərimiz, məktəbdə isə müəllimlərimiz hər şeyin öz vaxtı olduğunu deyərdilər. Məsləhət bilərdilər ki, hərbi xidmətə qədər təhsil ocağında öyrədilənləri dərindən mənimsəyək. Bizlər də məsləhətə əməl edərək tariximizi, dilimizi mükəmməl öyrənir, ölkəmizin yerləşdiyi coğrafi ərazi haqqında daha çox məlumat əldə etməyə çalışırdıq. Boş yerə deməyiblər ki, öz keçmişini unudan xalqın gələcəyi də olmaz. Dövlətin gələcəyi ordusunun güclü olmasından da keçir. Artıq bu gün güclü dövlətimiz və müasir standartlara cavab verən ordumuz var. Ordunun gücü onun sıralarında xidmət edən hərbi qulluqçuların savadı və bacarığı ilə ölçülür. Həmçinin şəxsi heyət arasında hökm sürən sağlam münasibət də vacib amillərdəndir.
Düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdə hərbi qulluqçular arasında olan münasibətlərin nizamnamələrlə tənzimləndiyini gördük. Əsgərlər verilən əmr və tapşırıqları vaxtında yerinə yetirir, komandirlər isə tabeliyində xidmət edənlərdən diqqət və qayğılarını əsirgəmirlər. Onlar da xalqımız kimi üçrəngli bayrağımızın altında yumruq kimi birləşiblər. Bu birlik sayəsində xalqımızın, dövlətimizin gücünü heç bir qüvvə sarsıda bilməz. Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində belə birliyin şahidi olduq. Zabit Ceyhun Rzayev dedi ki, ordumuzun qüdrəti birliyimizdədir. "Burada hər birimiz dostuq, qardaşıq. Danılmazdır ki, silah dostu ömür dostudur. Hərbi xidmətə gələn gənclərimiz bir-birini tanıyır, dostlaşırlar. İsa Haqverdiyevlə Həsənağa Feyziyevin dostluqlarının bünövrəsi hərbi xidmətdə qoyulub".
Zabitlə söhbətdən sonra dostlarla tanış olduq. Üst-başlarının səliqəsi, qısa və lakonik söhbətləri əsgərlərimizin nizam-intizamından xəbər verirdi.
- Hərbi xidmətə çağırış vərəqəsi gələndə sevincimin həddi-hüdudu yox idi, - deyə əsgər İsa Haqverdiyev söhbətə başladı. - Vətənimiz məni çağırırdı. Xidmətə gəldiyim ilk gündən çalışıram ki, hər an döyüşə hazır olum. Bu yolda komandirlərimizin əməyi böyükdür. Həyatımızın hər məqamında yanımızda olan bir insan var. Ona güvənir, sirrini ona danışır, çətinliyin olanda onun köməyinə ehtiyac duyursan. Bir sözlə, ona söykəyirsən. Bu gün mənim üçün belə insan Həsənağa Feyziyevdir. Ona güvənim sonsuzdur. Hər an Ali Baş Komandanımızın "İrəli" əmri ilə dostumla birgə düşməni işğalda olan torpaqlarımızdan qovub çıxarmağın arzusu ilə yaşayıram. Bizlər doğulduğumuz torpağın ən yaxın dostları kimi dar gündə onun harayına yetişməliyik. Soydaşlarımızın yaşadığı vəhşiliklərin qisasını almalıyıq. Bunun üçün hər gün döyüşə gedirik kimi hazırlaşırıq. İnanıram ki, dostumla çiyin-çiyinə döyüşə gedəcəyimiz gün uzaqda deyil. Tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal olunan torpaqlarımızı azad edəcəyik.
Əsgər Həsənağa Feyziyev də dostsuz həyatın maraqsız olduğunu dedi. "Belə müqəddəs vəzifənin öhdəsindən dostumla birlikdə gəlmək isə həm şərəfli, həm də qürurvericidir. Döyüş postuna gəldiyim ilk gündən İsanın nümunəvi xidməti, Vətən sevgisi, döyüş ruhu mənə müsbət təsir edib. Onun kimi nümunəvi xidmət etmək, layiqli əsgər olmaq üçün əlimdən gələni edirəm. Böyüklərimizdən dostluqda dürüst və sadiq olmağı öyrənmişik. Bu səbəbdən bizim dostluğumuz səmimi və möhkəmdir. Əsgəri xidmətdən sonra da dostluğumuz davam edəcək. Biz silah yoldaşıyıq. Döyüş əmri verildiyi an xalqımızın qisasını birlikdə alacağıq. Həmin gün uzaqda deyil".
Əsgərlərimiz arasında bu cür səmimi və mehriban münasibəti görmək bizi çox sevindirdi. Düşmənə olan nifrətləri onları bir-birilərinə daha möhkəm bağla birləşdirib. Biz də bu igid dostların sədalarının torpaqlarımızı işğaldan azad edən oğullarımızın sıralarından gəlməsini arzulayırıq.

Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",

foto C.CƏFƏROVUNDUR