Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2020 11:15

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib

Ermənistanın Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində həmləsinin qarşısı qətiyyətlə alındı. Onlarla canlı qüvvəsi, zirehli texnikası məhv edilən düşmən geri çəkildi. Atəşkəs olsa da, müharibə hələ başa çatmayıb. Müharibədir və müharibə döyüş deməkdir. Döyüşdə itkilər də olur. İyul döyüşlərində general-mayor Polad Həşimov da şəhid oldu. Xidməti boyunca həmişə özünü Vətənin əsgəri hesab edən general ölümü ilə ölümsüzlüyün nə olduğu duyğularını ictimaiyyətə yaşatdı, düşmənə isə məğlubiyyətin necəliyi duyğularını. Cəsarəti və hünəri ilə Vətəni necə sevməyin, onun uğrunda necə vuruşmağın və necə şəhid olmağın düsturunu təzələdi.
"İnsan var evdən gedir, insan var eldən" məsəlini xatırlayıram. General-mayor Polad Həşimovun şəhidliyi də bu atalar sözünün mahiyyətinə uyğundur. Eldən gedənlərin ölümü daha ağrılı olur. Onu yaxından tanıyanlar da, xidmət yoldaşları da generalın döyüşünü, şəhidliyini Vətən sevgisinin təzahürü bilir. Bu şəhidlik ictimaiyyətdə təəssüflər yaratdı. Bu təəssüfü sevgi yaratmışdı. Azərbaycan Ordusuna sevgi, Azərbaycan Ordusunun şəhid zabitinə, generalına sevgi. Şəhidlik Vətənə görə olur; şəhidlik müqəddəsdi. Müqəddəs şəhidliyin doğurduğu təəssüf də həmişə müqəddəs olur…
Ölüm xatirələrə toxuna bilmir. General-mayor Polad Həşimovla bağlı xatirələr onu tanıyanların yaddaşlarında, sonralar tarixdə yaşayacaq. Əbədiyyən yaşayacaq.
Polad Həşimov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı olanda Qarabağ müharibəsində iştirak etmişdi, Ağdam istiqamətində döyüşmüşdü. Yəni, müharibənin qan rəngli üzü ona yaxşı tanış idi.
Polad Həşimov 1975-ci ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəbdə müəllimlərinin sevimli şagirdlərindən biri kimi tanınıb. Hüquqşünas olmaq istəyirdi. Onun balaca ürəyini bu arzu isidirdi. Sonralar fikrini dəyişdi. Niyə?
Qarabağ ətrafında qanlı hadisələr yenicə başlamışdı. Birinci Qarabağ müharibəsində onun yaşadığı binadan bir neçə vətənpərvər gənc çağırış vərəqi gözləmədən döyüşə getmişdi. Yaqub İsmayılov və Aslan İsmayılov döyüşlərdə şəhid olmuşdu. Bu iki şəhidin barelyefi bir vaxtlar yaşadıqları binaya vurulmuşdu. Orta məktəb şagirdi olan Polad hər gün onların şəklini görür, baxışlarının dediklərini yaddaşına köçürürdü. Kim bilir, bəlkə də onun hərbçi olmaq istəyi hüquqşünaslığı bu məqamlarda üstələyib.
General-mayor Polad Həşimov haqqında eşitdiklərim, sağlığında özüylə söhbətlərim mənə Vətən sevgisinin işığını xatırladır. Onun ömrü işıqlı ömür idi. Bu işıq əbədiyyən azalmayacaq. Çünki generalın xidmətdə sədaqəti, Vətənə sevgisi, döyüşlərdə bacarığı və cəsarəti neçə-neçə əsgərin, zabitin ömründə davam edəcək.
General-mayor Polad Həşimovla müxtəlif vaxtlarda görüşmüşəm, söhbətləşmişəm.
Qarlı, şaxtalı bir gündə tanış olmuşduq. Onda Polad Həşimov polkovnik-leytenant rütbəsində ön xətdə yerləşən "N" hərbi hissəsinin komandiri idi. Qısa tanışlıqdan sonra söz-sözü çəkdi, söhbətimiz ədəbiyyatla davam etdi. O, dünya və Azərbaycan ədəbiyyatından həvəslə, maraqla danışırdı. "Dənizin suyunun duzlu olduğunu bilmək üçün onu bütöv içmək lazım deyil. Sadəcə, bir damcısını dilinə vuranda görürsən ki, göz işlədikcə uzanıb gedən dəniz duzludu" kəlamını xatırlatdım. Baxışlarını incə bir təbəssüm bürüdü.  Böyük filosof Sokrat deyib ki, danış səni tanıyım. Danışdıq, tanıdım.
Hiss etdim ki, polkovnik-leytenant rütbəli bu zabitin böyük ziyalılıq təfəkkürü, geniş dünya görüşü, dünya duyumu var. Mütaliəni sevir, oxumaqla kifayətlənmir, oxuduqlarını zabit yoldaşlarıyla da, əsgərlərlə də bölüşür. Deyirdi ki, şəhərə yolu düşəndə geri mütləq yeni kitablarla qayıdıram.
Oxuyub bitirə bilmədiyi əsər Azərbaycan romantizminin banisi Hüseyn Cavidin "İblis" dramı olub. Bəlkə də general bu əsəri oxumaqla iblislərin - ermənilərin murdar xislətini daha dərindən tanımaq istəyirmiş.
Komandir kimi həmişə tabeliyində olan zabit və əsgərlərin qayğısına qalmağa çalışırdı.
Onunla növbəti  görüşümüz 2016-cı ilin Aprel döyüşlərində ola bilərdi. Amma gərgin əməliyyatlar və yaranmış mövcud şərait buna imkan vermədi. Görüşümüz baş tutmadı. Eyni istiqamətdə, eyni hərbi hissədə olsaq da, əməliyyat şəraitinə görə buna imkan olmadı. Bircə onu öyrənə bildim ki, polkovnik-leytenant Polad Həşimov ön xətdədir, döyüşlər başa çatana kimi gözlərinə yuxu getməyib.
Aprelin 3-də səhər ön xəttə getməli olduq. Əgər Talış kəndi istiqamətinə getsəydik, onunla görüşəcəkdik. Bu ara geri qayıtmağımızı əmr etdilər. Onunla görüşmək imkanını itirdik…
2017-ci ildə onunla Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində görüşdük. Polad Həşimov polkovnik idi. Mən Aprel döyüşlərində onunla görüşə bilmədiyimin təəssüfündən söz açdım, o, əsgərlərinin xidmətindən. O qədər sevgilərlə danışırdı ki!..
General-mayor hərbi rütbəsi 2016-cı ilin Aprel döyüşlərindən sonra verilmiş Polad Həşimov Tovuz istiqamətində gedən döyüşlərdə şəhid oldu. 45 yaş. Bir anlıq xatırladım ki, türk generalı Ənvər Paşa da 45 yaşında həlak olub…
...Generalın dəfni izdihamlı keçdi. Xalq II Şəhidlər xiyabanına, şərəfli, şanlı ordusunda xidmət edən generalının dəfninə elliklə gəlmişdi. Onu son mənzilə yola salanların sırasında mən də vardım.
Generalın ailəsində üç övladı böyüyür. Övladlarından biri qız, ikisi oğlandır. Teymur da, Davud da atası ilə fəxr etdiyini, onun kimi yaşayacağını deyir. Onlar xalqa, dövlətə layiqli övladlar kimi böyüyəcəklər.
Xalq general-mayor Polad Həşimov kimi qəhrəmanları da, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediklərini də unutmayacaq: "Bir daha demək istəyirəm ki, görülmüş operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını aldı. Mən Təhlükəsizlik Şurasının toplantısında artıq demişdim ki, Azərbaycan əsgər və zabitlərinin qanı yerdə qalmamalıdır. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr, əminəm ki, onlara yaxşı dərs oldu. Ancaq buna baxmayaraq, dünən və srağagün onlar tərəfindən yenidən çirkin addımlar atılmışdır, növbəti dəfə hərbi təxribat törədilmişdir və bu təxribat nəticəsində yenə də bir neçə hərbçimiz, o cümlədən general Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşlar.
Bu gün səhər saatlarında general Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib.
Bildirməliyəm ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib"…

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"