Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2020 11:15

“Əsgərlərə layiqincə diqqət göstərmək hər birimizin borcudur”

Azərbaycan mətbəxi milli mədəni irsimizin mühüm tərkib hissələrindəndir. Dünyanın qədim və zəngin mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin ləzzətini təkcə həmvətənlərimiz deyil, bu nemətlərdən dadan xarici turistlər də təsdiq edə bilərlər. Zəngin mətbəximizdən çox şey danışmaq olar, lakin bu dəfəki mövzumuz ordu sıralarında Vətənə xidmət edən gənclərimizin qidalanması ilə bağlı olacaq.
Yolumuz yenə cəbhə xəttində yerləşən hərbi hissələrdən birinədir. Hərbi hissəyə gəlişimiz şəxsi heyətin nahar fasiləsinə təsadüf etdi. Nizami qaydada yeməkxanaya daxil olan şəxsi heyət ilk öncə gigiyenik qaydalara əsasən əllərini yuduqdan sonra müasir zala daxil oldu. Biz ilk öncə şəxsi heyətə verilən qidalara nəzər saldıq. Sonra yeməkxana rəisi gizir İbrahim Quliyev ilə həmsöhbət olduq. "Şəxsi heyətin məişət şəraiti, onun düzgün qidalanması hər zaman yüksək səviyyədə olmalıdır. Keyfiyyətli, yüksək kalorili qidalar qəbul edən hərbi qulluqçuların orqanizmi güclü, immuniteti sağlam və möhkəm olur. Qəbul edilən qida əsgərlərin gündəlik fəaliyyətinə də mühüm təsir göstərir. Yüksək enerjiyə malik şəxs daha cəld və çevik olur, verilən tapşırıqları operativ şəkildə yerinə yetirməyə qadir olur. Bugünkü menyuda gördüyünüz kimi milli xörəklər üstünlük təşkil edir. Bunlardan başqa əsgərlərin gündəlik qida rasionuna milli yeməklərimizdən dolma, küftə və parça bozbaş, müxtəlif növ plovlar daxildir. Eyni zamanda, qida rasionunda olan ət, yumurta, balıq məhsulları, fəslə uyğun meyvə-tərəvəz, kompot və təbii şirələr də şəxsi heyətin istehlakına verilir".
Yeməkxana növbətçisi baş gizir Gülhüseyn Orucov ərzaqların və yeməklərin hazırlanma prosesindən söz açdı. "Hərbi hissəyə gətirilən təzə və keyfiyyətli ərzaq məhsulları soyuducu kameralarda saxlanılır. Şəxsi heyət üçün normaya uyğun olaraq gündə üç dəfə yemək hazırlanır. Təcrübəli aşpazlarımız tərəfindən hazırlanan yeməklər təkcə əsgərlərimiz tərəfindən deyil, yüksək rütbəli zabitlərimiz tərəfindən də qiymətləndirilir. Bir sözlə, hər kəs evindəki kimi dadlı və keyfiyyətli qidalardan razıdır. Bu da aşpazların təcrübəsindən xəbər verir. Yenicə istifadəyə verilmiş hərbi hissəmizin yeməkxanası da müasir tələblərə cavab verir. Girişdə şəxsi heyətin gigiyena qaydalarına riayət etmələri üçün əl-üz yuma yeri fəaliyyət göstərir ki, yeməkxanaya daxil olan əsgər ilk öncə burada əl-üzünü yuduqdan sonra yemək paylanılan stendlərə doğru yaxınlaşır, öz qida payını aldıqdan sonra stol arxasında əyləşir.
Əsgər Tural Musayev verilən yeməklərdən və ümumi yaradılan şəraitdən ağızdolusu danışdı. "Burada təcrübəli analarımız tərəfindən bizə dadlı xörəklər hazırlanır, müxtəlif çeşiddə milli yeməklərdən yeyirik. Həftənin günlərinə görə müxtəlif salatlar və meyvə şirələri ilə təmin edilirik. Hər birimiz istər gündəlik fəaliyyətimizin təşkili üçün  təminat baxımından, istərsə də qida rasionu baxımından çox məmnunuq. Bizlər üçün yaradılan şərait arzuolunandır”.
Mətbəxdə çalışan qadınlardan aşpaz Əfruz Nəcəfova bildirdi ki, əsgər balalarımız bu gün Vətən müdafiəçisi, sabah gələcəyimizin təminatçısıdırlar. "Onlara layiqincə diqqət göstərmək hər birimizin borcudur. Hər bir əsgəri öz övladım bilirəm. Baxmayaraq ki, üç övlad anasıyam, burada çalışdığım müddətdə yüzlərlə övlad qazanmışam. Tanrı onların hər birini qorusun. Onların yeməkləri iştahla yeməsini, üzlərindəki yaranan təbəssümü görüncə könlüm açılır. Onları dadlı yeməklə təmin etmək bizim başlıca vəzifəmizdir. Vətənini sevən, ordusuna güvənən hər bir kəs öz əsgərinə qayğı göstərməlidir. Çünki Azərbaycan əsgəri hər şeyin ən yaxşısına layiqdir. Çünki onlar müqəddəs amala xidmət edirlər".
Nahar fasiləsindən sonra hərbi qulluqçular Azər Nuriyev, Sənan Məmmədli, İlqar Hümmətovdan eşitdiyim yalnız xoş sözlər oldu. Hər biri yeməkxana personalına (aşpaz, qabyuyan və s.) minnətdarlıqlarını bildirdilər. Hərbi hissədə yaradılan şəraitə görə ölkə və ordu rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"