Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2020 11:15

“Vətənimizi göz bəbəyi kimi qoruyuruq”

Ön xətdə yerləşən hərbi hissələrimizdən birindəyik.
- Düşmənlə üzbəüz dayanaraq, ölkəmizin ərazi bütövlüyünü qoruyan hər bir əsgər cəsurdur, - deyə bizi qarşılayan zabit Ceyhun Rzayev söhbətə başladı. - Bu günə qədər bir neçə hərbi hissədə xidmət etmişəm. Bu müddət ərzində tabeliyimdə Azərbaycanımızın müxtəlif bölgələrindən çağırılan əsgərlər olub. Hamısı Vətənimizin müdafiəsində ayıq-sayıq dayanıb, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Vətənin keşikçiləri hərbi xidmətdə bir-birilə dostlaşır, sözün əsl mənasında, silahdaşa çevrilirlər. Bu gün də Vətənini səmimi qəlbdən sevən, xidmətlərində öz nizam-intizamı ilə seçilən əsgərlərimiz az deyil. Tabeliyimizdə xidmət edənlərin hər biri əsgəri vəzifəsinə vicdanla yanaşır. Belə əsgərlərimizdən biri də Təbriz Həmidovdur.
Əsgər Təbriz Həmidov xidmətinin çox hissəsini geridə qoyub. O, işğal edilmiş ərazilərimizin azad edilməsi üçün Vətənimizin çağırışına hər an hazır olduğunu bildirdi.
- Mən qüdrətli və qalib Azərbaycan Ordusunun əsgəriyəm, - əsgər Təbriz Həmidov dedi. - Hər bir azərbaycanlı kimi mən də Vətənimə öz əsgəri borcumu verməyə gəlmişəm. Hərbi xidmətə yola düşəndə valideynlərim ləyaqətlə xidmət etməyi tövsiyə ediblər. Mən də çalışıram ki, onların başını uca edim. Komandirlərimizin əmr və tapşırıqlarını vaxtında, dəqiq yerinə yetirirəm. Məşğələlərdə öyrədilənləri dərindən mənimsəməyə çalışıram. Komandirlərimiz çöl dərslərinə üstünlük verərək, nəzəri biliklərimizi möhkəmləndirirlər. Bizə təhkim olunmuş silahı sevərək, qulluq edirik. Silahımızı mütəmadi olaraq təmizləyir, onu hər an döyüşə hazır vəziyyətdə saxlayırıq. Çünki məkrli düşmən hər an təxribat törədə bilər. Bu zaman silahımızla onlara layiqli cavab verib, geri oturdacağıq. Uşaq vaxtlarından düşmənin nə qədər hiyləgər olduğunu kütləvi informasiya vasitələri ilə izləmişik. Onlar xalqımızın qonaqpərvərliyindən, sülhsevərliyindən istifadə edərək, torpaqlarımızın bir qismini işğal ediblər. Ancaq bu gün onların törətdikləri vəhşiliyin cavabını vermək üçün Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik. Həmin gün düşmən Azərbaycan əsgərinin gücünü hiss edəcək.
Döyüşçümüz əsgər yoldaşlarının doğma Azərbaycanımızın müxtəlif guşələrindən olmalarına baxmayaraq, bir ailənin üzvləri olduqlarını bildirdi. Onların yeməkləri, içməkləri, xidmətləri birdir. Döyüş mövqeyində biri istirahət edərkən digəri düşməni nəzarətdə saxlayır. Bir sözlə, hamısı bir-birinə dayaqdır.
Ölkəmizin təhlükəsizliyini təmin edən ordumuz millətimizin, ana-bacılarımızın, böyüyən gələcək nəslin təhlükəsizliyini təmin edir. Ordumuzun gücü onun sıralarında xidmət edənlərin bilik və bacarığından asılıdır. Bu səbəbdən əlində silah Vətənimizin müdafiəsində dayanan igidlərimiz vəzifələrini dərindən bilməlidirlər. Əsgərlərimiz onlara olan etimadı doğruldur, öyrədilənləri dərindən mənimsəyir, Vətənimizi göz bəbəyi kimi qoruyurlar. Sevindirici haldır ki, oğullarımız doğma Azərbaycanımızın müdafiəsində öz töhfələrini verirlər.
 
Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu",

foto C.CƏFƏROVUNDUR