Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2020 11:15

Ordumuz tezliklə tariximizdə şanlı bir səhifə yazacaq

Müasir dövrdə dövlətlərarası əlaqələrin, xüsusilə hərbi əlaqələrin inkişafı beynəlxalq müstəvidə yeni güc mərkəzlərinin yaranmasının nəticəsi kimi ortaya çıxır. Ölkəmizin bu gün dünyada yeri və rolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması da bu gerçəkliyi təsdiqləyir ki, Azərbaycan dövləti yerləşdiyi regionun geostrateji və geosiyasi üstünlüklərindən faydalı şəkildə bəhrələnmək, milli maraqlarını maksimum səmərəli realizə etmək üçün beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir.
Dövlətlərarası münasibətlər həm də müxtəlif beynəlxalq tədbirlərdə möhkəmlənir. Hərbi əməkdaşlıq baxımından dəyərli hesab edilən belə tədbirlərdən biri də ənənəvi olaraq keçirilən "Beynəlxalq Ordu Oyunları"dır. Bu tədbir iştirakçı dövlətlərin orduları arasında ikitərəfli və çoxtərəfli əlaqələrin zənginləşməsinə öz töhfəsini verir.
Ötən il Moskva vilayətinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları-2019" yarışları çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində iştirak edən Azərbaycan tankçılarındın biri ilə gizir Kamran İmanovla ön xətdə yeləşən hərbi hissənin təlim meydançasında görüşdük. Hərbi qulluqçu ilk olaraq "Tank biatlonu" müsabiqəsində əldə etdikləri nailiyyətlərdən söhbət açdı: "Biz hər il hərbi oyunlarda iştirak edirik. İldən-ilə nəticələrimizi daha da yaxşılaşdırmaq üçün daim üzərimizdə çalışırıq. Onun nəticəsidir ki, ötən il Azərbaycan tankçıları güclü rəqiblərini arxada qoyaraq 30-a yaxın dövlət arasında 4-cü pillədə qərarlaşmağa nail oldu. Bu yarışlar onu göstərdi ki, zəif və güclü tankdan çox heyətin hazırlıqlığı və peşəkarlığı daha vacibdir. Bu yarışlar onu sübut etdi ki, güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməklə yanaşı, onun şəxsi heyəti ordumuzu beynəlxalq yarışlarda da yüksək səviyyədə təmsil etmək gücündədir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının, Müdafiə Nazirliyi rəhbərliyinin qarşıya qoyulmuş vəzifələri uğurla həyata keçirməsinin nəticəsində mümkün olub".
"Biz yaxşı bilirik ki, Azərbaycan bu gün Ermənistanla münaqişəyə cəlb olunub və torpaqlarımızın 20 faizi haqsız olaraq işğal edilib", - deyə gizir söhbətinə davam etdi. - Bu gün Azərbaycan Ordusu müxtəlif formalı təlimlərə üstünlük verməklə döyüş hazırlığını lazımi səviyyədə saxlamağa çalışır. Tapdalanmış haqlarımızın bərpa edilməsi naminə ordu quruculuğunu inkişaf etdirmək, döyüş hazırlığını artırmaq Azərbaycan Ordusunun qarşısında duran vacib məsələdir. İnanırıq ki, bu gün ordu quruculuğu sahəsində əldə etdiyimiz uğurlar dövlətimizin gələcəyi, xalqımızın azad və müstəqil yaşaması naminə çox şeyi dəyişəcək. Münaqişəyə cəlb olunan dövlətimizin ordusunun bugünkü mənəvi keyfiyyətləri, davranışı məhz indi özünü daha qabarıq büruzə verir, sınağa çəkilir. Bu sınaqdan üzüağ çıxan ordumuz tezliklə tariximizdə şanlı bir səhifə yazacaqdır. Bu gün Azərbaycanın təcavüzkar Ermənistan tərəfindən cəlb olunduğu müharibə hələ sona çatmayıb. Şübhə etmirik ki, torpaqlarımıza həyasızcasına sahib çıxmaq istəyənləri məğlubiyyət gözləyir. Özgə xalqın torpağında hökmranlıq etmək mümkün deyil. O cümlədən, tarix boyu qəhrəman övladları, yurdu-yuvası uğrunda canını fəda edən oğulları ilə tanınmış Azərbaycan xalqının torpağında.
Gizir Kamran İmanov onu da qeyd etdi ki, torpaq uğrunda canından keçən şəhidləri, sağlamlığını itirən əlilləri, ömrünün yarısını, yarısından çoxunu hərbi xidmətdə keçirən, gəncliyini bu Vətənə həsr edən zabit-gizirləri olan bir ordunun qarşısında dayanmaq mümkün deyil. "Bunu bizə yolunda uzun illər savaşlardan keçən, qanlar axıdan, əzablar çəkən nəsillərimizin əmanəti deyir. Atalarımızdan gələn belə bir deyim var ki, əgər torpaq səni yedirib-içirirsə, öz nemətləri ilə bəsləyirsə, sənin də torpağa verəcəklərin var. Bu, mənəvi borcdur. Borcu vaxtında və əvəzsiz ödəmək isə şərəf və qürur məsələsidir".

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",

fotolar Namiq PƏNAHOVUNDUR