Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2020 11:15

Ali Baş Komandanın döyüş əmrini Böyük Qələbəylə tamamlayacağıq!

Tarix heç zaman unudulmur. 2016-cı ilin aprelində məktəbliydin. Sələfi olacağın Azərbaycan əsgərlərinin qazandığı qələbənin sevincini sən də qürurla yaşadın. O qürurun boyumu sənin vətənsevərliyinin boyuycanıydı, sənin vətənsevərliyinin boyumu qürurunun boyuycanıydı, özün də bilmədin. O qürur səni bu günə yetirdi - indi əsgərsən, döyüş növbətçiliyi aparırsan, düşmənin bütün tərpənişlərini məsuliyyətlə nəzarətdə saxlayırsan. Əsgər qardaşlarından biri demişdi: "Əsgər döyüş növbətçiliyini Vətən sevgisiylə qoşa aparır". Səngərdə sən olursan, solunda Vətən sevgisi olur, sağında dövlətə, dövlətçiliyə, Hərbi anda sədaqət. Belə müqəddəsliyin əhatəsində sənin gücün şəhidlərimizin ruhunun arzuladığı qədərincə artır. Ona görə bunca qüdrətlisən, Azərbaycan əsgəri!
"Ali Baş Komandanın döyüş əmrini Böyük Qələbəylə tamamlayacağıq!" deyirsiniz və ictimaiyyət sizin qətiyyətinizi yaxın vaxtlarda yaşanılacaq qürurun işığı bilir. Bu işıq Ali Baş Komandanın 2018-ci ilin iyununda Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş paradda dediyi fikrin işığına sarılan işıqdı:  “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Sən qüdrətli ordunun əsgərisən. Türkiyə ilə Azərbaycanı təkcə ortaq dil, din, mədəniyyət,  ədəbiyyat, ortaq mentalitet deyil, həm də bunları əhatələyən və yaşadan ortaq ruh birləşdirir. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" müqavilə də ortaq ruhun yaşarılılığının təsdiqidir. Bunları bilirsən. Yəqin ki, ictimai-siyasi dərslərdə, asudə vaxtlarda söhbətlərdə onu da öyrənibsən ki, son illərdə Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq planına uyğun olaraq hər iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Bakıda "TurAz Qartalı" birgə taktiki-uçuş təlimləri keçirilir. Bu, qarşılıqlı etimaddır, qarşılıqlı güvəncdir, qarşılıqlı sevgidir. Sən də, əsgər yoldaşların da bu qarşılıqlı etimadı, qarşılıqlı güvənci, qarşılıqlı sevgini Azərbaycanla Türkiyənin mənəvi birliyinin manifesti bilirsiniz. Hərbi ekspertlər bu günlərdə başa çatan Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərini də iki qardaş dövlətin ordusunun döyüş hazırlığının yüksəldilməsində etibarlı vasitə adlandırdı. Siz bu dəyərlə də qürurlandınız, Azərbaycan əsgəri. Həm təmsil etdiyin ordunun döyüş qabiliyyətinə görə qürurlandın, həm də Türkiyə kimi böyük  bir dövlətin ordusu ilə vəhdətdə dəyərləndirildiyinə görə...
Bu ilin iyulun 12-də Ermənistan Tovuz rayonu istiqamətindən dövlət sərhədimizi pozaraq təxribat törətməyə cəhd göstərdi. Əsgər qardaşların ermənilərin həmləsinin qarşısını qətiyyətlə aldı, Azərbaycan əsgərinin gücü düşmənin hazırlıqlı həmləsini üstələdi. Ermənistanın bu hərbi əməliyyatı qardaş Türkiyənin də heysiyyətinə toxundu. Türkiyə Respublikasının Prezidenti bildirdi ki, "...biz qardaş Azərbaycanı qətiyyən yalnız buraxmayacağıq. Sonuna qədər dəstəyimizi verəcəyik". Azərbaycan da, Azərbaycanı sevənlər də bu bəyanatı ruhun bəyanatı bildi. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın dediyi fikirlər də Türkiyə-Azərbaycan münasibətlərinin təkcə qonşuluq münasibəti olmadığını təsdiqlədi və Türkiyənin mehmetciklərinin, Azərbaycanın əsgərlərinin ruhunu bir məcrada qovuşdurdu: "Yuxarı Qarabağı haqsız və qanunsuz şəkildə işğal edən Ermənistan bu yaxınlarda Azərbaycanın Tovuz bölgəsinə boyunu və həddini aşan hücum gerçəkləşdirib. Azərbaycan bizim canımızdır. Bu ağrını dərindən hiss edirik. Bu mənfur hücumu ən ağır şəkildə şiddətlə pisləyirik. Biz Türkiyə olaraq daim can qardaşımız Azərbaycanın yanında olmağa davam edəcəyik". Bu məcraya Böyük Qələbə deyəcəyik. Birgə hərbi təlimlər bu fikirlərin işığında o qədər əzəmətlə izlənildi ki! Bu möhtəşəmliyin əsgəri olmağınızla siz də qürurlanırsınız, Azərbaycan əsgəri! Eynən türk mehmetciyi kimi!..
Türkiyə-Azərbaycan birgə təlimlərinə müxtəlif münasibətlər var. Bu təlimlərin bəzi dövlətlərdə narahatlıq doğurması da təlimlərin yüksək səviyyədə keçdiyinin göstəricisidir. Bu narahatlıq qısqanclıqdır, müəyyən mənada, xofdur. Bəzi dövlətlər bu möhtəşəm təlimlərin narahatlığını yaşadığı məqamlarda Azərbaycana bəşəri, dünyəvi rəğbəti olan dövlətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu hərbi təlimləri Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürü kimi dəyərləndirməsinin qürurunu yaşadı. Bu qüruru siz də yaşadınız, Azərbaycan əsgəri. Hərbçi heysiyyəti vətəndaşlıq heysiyyətinin tərkib hissəsi olduğuna görə  bu qürur sizin hərbi xidmət amalınızı ifadə edir. İctimaiyyətin düşüncələrinin haləsinə dönməklə nə gözəl ifadə edir!..
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrini dünyanın ən güclü ordularından biri adlandırmaqla deyib: "...güclü ordu ilə təcrübə paylaşırıq. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü göstərib - Suriyada, İraqda, Liviyada... İnşallah, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri də öz vəzifəsini yerinə yetirəcək..." Bu fikirlər də düşüncələrindədi, Azərbaycan əsgəri. Bu fikirlərin də gerçəkləşəcəyi günün əsgərisiniz!

"Azərbaycan Ordusu"