Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2020 10:50

Vətən sevgisinin başlanğıcı yurd sevgisidi

Azərbaycana qarşı elan etmədən başladığı müharibədə Ermənistanın silahlı birləşmələri sərhəd rayonlarda təxribatlar törədir, sərhədyanı kəndləri artilleriya atəşinə tuturdu. Tovuzun Əlibəyli kəndi də ermənilərin belə həmlələrinə dəfələrlə məruz qalıb. Neçə-neçə evin damına, həyətinə, kəndin yollarına mərmilər, qəlpələr ələnən yaşayış məntəqələrinin müdafiəçiləri rəmzi mənada kürəyində əhalinin nəfəsini duyanda daha qətiyyətli, daha qüdrətli olur. Düşmən güman edirdi ki, belə həmlələr əlibəylililəri qorxuya salacaq, hamı ev-eşiyini atıb gedəcək, əhalisiz kəndi müdafiə etmək çətinləşəcək. Erməni xisləti bunu istəyirdi. Əlibəylililər belə həmlələrin xofunu doğma ocağına sevgisiylə, "Vətən evimdən başlayır, evim də, ömrüm də Vətənin səngəridi" fəlsəfəsiylə çilik-çilik edirdi. 1992-ci ildə Əlibəylidə ezamiyyətdə olanda bir ağbirçək bizi doqqaz qapısına çatar-çatmaz haqladı, yolumuza çıxdı, qarşımızda dayandı, əzizi kimi bağrına basdı, əli ilə qarşı tərəfi - əsgərlərimizin döyüş növbətçiliyi apardığı mövqeləri göstərərək, "Orada qulluq edən oğullarıma qardaş olanları balam bilirəm. Yaxın gəlin, əlim kürəyinizə toxunsun, ürəyimə təsəlli axsın" demişdi. Bu kəlmələri Əlibəylidə bütün anaların dediyinə zərrəcə şübhəm olmamışdı. Könlümüzü telləndirən bu kəlmələri ordumuzun əsgərlərinə qədərsiz sevgi bilmişdim.
Bu sevgi həmişə olub.
Ötən il ezamiyyətdə olanda Ağdam kəndində döyüş növbətçiliyi aparan əsgərlərimizlə kəlmələşəndən sonra Əlibəyli kəndinə də baş çəkmişdik. Camaatı neçə il əvvəlki qətiyyətdə görmüşdük. Bu qətiyyətin bir qədər də mətinləşdiyini, camaatın orduya inamının dönməzləşdiyini də duymuşduq. Onda davarını örüşə aparan ağsaqqal yerə-göyə sığmayan bir qürurla demişdi:
- Bizi də, torpaqlarımızı da qoruyan güclü ordumuz var. Ermənilər əl-ayaq tərpədənə kimi əsgər balalarımız onları susdurur. Heç nədən çəkinmirik. Son nəfəsimiz ata ocağına sarılacaq. Səngərlərdəki əsgərlər hər evin əzizidi.
Yazdığım şeirin misraları indi də səngərlərə dirsəklənir, o ağsaqqalın timsalında əlibəylililərin əsgərlərimizə qədərsiz sevgisi indi də var:
Ermənilər atəşkəsi həmişə pozur. Hər dəfə Azərbaycan əsgərinin sayıqlığını görüncə "qınına çəkilir" - əsgərlərimiz "araba kölgəsində yatmağı öz hünəri bilən" düşməni həmişə qətiyyətlə susdurur. Düşmən iyulun 12-də daha məkrli siyasi niyyətlərə görə Azərbaycanın dövlət sərhədlərini hərbi əməliyyatla pozdu, Tovuz rayonu istiqamətindən Azərbaycanın ərazisinə hücum etdi. Döyüşlər getdiyi müddətdə istər Bakıda, istərsə də Tovuz rayonu ətrafında minlərlə insan - yaşlılar, gənclər, müharibə veteranları, ... döyüşənlərin sırasında olmaqda israrlıydı. Birinci Qarabağ müharibəsinin iştirakçıları, qaziləri də döyüşmək istəmişdilər. Bu, Vətən sevgisinin təzahürüydü və belə bir həmrəylik 2016-cı ilin aprelində olduğu kimi indi də əsgərlərimizin qələbə ruhunu kükrətməliydi, kükrətdi də. Əsgərlərimiz bu qəfil hücumun qarşısını qətiyyətlə aldı, düşmənin neçə-neçə dayaq məntəqəsini dağıtdı, neçə-neçə döyüş texnikasını, onlarla canlı qüvvəsini məhv etdi. Bu qələbə Azərbaycan Ordusunun qüdrətinin qələbəsi kimi yaşanıldı.
İyul döyüşlərindən az sonra Tovuzda ezamiyyətdəydim. Döyüşlər getmiş ərazidə əsgərlərlə də söhbətləşmişdim, zabitlərlə də. 2016-cı il aprelin 7-də yaşadığım qürurun eynini yaşamışdım. Oradan Böyük Qələbəyə gedirikmiş kimi uğura çıxmışdıq. Əlibəyli kəndində hansı duyumun təsiriyləsə üzü dağlıq əraziyə sarı dayanıb kəlmələşənlərlə salamlaşmaq, söhbətləşmək istədik. "Nə var, nə yox"la başlayacaq söhbətin mabədi mütləq Tovuz döyüşləri olacaqdı, qazanılan qələbə olacaqdı, şəhidliyə və şəhidlərə dərin ehtiram olacaqdı. Bir də camaatın orduya inamı, ehtiramı.
Fəğan Qurbanov 2006-cı ildə hərbi xidmətdə olub.
- 14 ildə ordumuz olduqca inkişaf edib. Biz əsgər olanda şəraitimiz bu səviyyədə deyildi, ordumuzun silahlanmasında indiki müasir döyüş texnikaları, uçuş aparatları, silahlar yox idi. Son illərdə neçə-neçə yeni hərbi hissə tikilib, neçə-neçə hərbi hissə əsaslı təmir edilib. Bayram günlərində əsgərlərimizlə əzizlərimiz kimi görüşürük, söhbətləşirik. Əlibəylililər onların döyüş əzmini, qələbə ruhunu bayram hədiyyəsi bilir, onlar əlibəylililərin gəlişini, görüşünü. Bir dəfə nənəm "Əsgərlərimizin sayı qədər nəvəm var..." demişdi. Qonum-qonşular bu kəlməni indi də yaşadırlar. Nənəmin nəvə-nəticə bildiyi əsgərləri qardaş bilirəm. İyulda biz də döyüşə qoşulmaq istədik. Ehtiyac olmadığına görə icazə vermədilər. Kəndin yan-yörəsinə düşən mərmilərin ağrı-acısını ürəyimizdə hiss edirdik. Camaat evindən bircə addım da uzağa meyillənmədi. Belə məqamlarda ürəyin təpəri yurd sevgisidi. Hamımızın qardaş bildiyimiz əsgərlərimiz dövlət sərhədimizi pozan düşmənin niyyətini gözündə qoydu. Çoxlu sayda döyüş texnikası sıradan çıxarıldı, zabiti, əsgəri öldürüldü.
Bir az əvvəl səngərdə əsgər Ruslan Haqverdiyevin dediklərini Əlibəylidə əlibəylililərə çatdırmağı özümə vəzifə və mənəvi borc bildim:
- İyul döyüşlərində bizim iştirakımıza ehtiyac olmadı. Mən Goranboydanam, Elşən Füzulidən, Şəhriyar isə Lənkərandan. Azərbaycanın üç Milli Qəhrəmanı bizim hərbi hissədə xidmət edib, bu gün onların ruhu sıramızdadı. Ali Baş Komandan döyüş əmri verəndə biz də döyüşmək, torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq istəyirik. Qələbədən sonra biz də şəhidlərin ruhuna "Qisasınızı aldıq!" pıçıldayacağıq.
Əsgərin fikirləri əlibəylililəri duyğulandırdı:
- Ruslan da, Elşən də, Şəhriyar da ruhən əlibəylilidi. Təkcə bizim kəndi deyil, bütün kəndləri özlərinə doğma bilirlər, yəni, Vətənin o başı, bu başı olmur.
Ani səssizlikdən biz də usandıq, Fəğan da. Son kəlmələrin yozumu ürəyimizi telləndirmişdi. Bu kəlmələri min-min illərdi xalqımızın yaşamını sıyrılı qılıncıyla qoşalaşdıran müdriklik kəlamı bildik. Baxışlarımızı Fəğanın baxışlarıyla qoşalaşdırıb o qədər də uzaqda olmayan yüksəkliklərə sərdik. O gözəl kəlmələri elə bu biçimdə kəlmələr tamamladı:
- Əhalinin təhlükəsiz yerə çəkilməsi ayrı şeydi, qorxu, xof, vahimə ayrı şeydi. Əlibəylililər bu döyüşlərdə də qətiyyət göstərdilər. Əli silah tutanlar döyüşlər gedən əraziyə axışmaq istədi. Qətiyyətlə bildirildi ki, buna ehtiyac yoxdur. Əsgərlərimiz düşmənin öhdəsindən gəlməyə qadirdir. Buna zərrəcə şübhəmiz olmasa da, bizi döyüşlərə ürəyimiz çəkirdi. Əlibəyliyə düşən hər qəlpəni, hər gülləni hər əlibəylili öz ürəyində hiss edirdi. Düşmənin murazı gözündə qaldı. Neçə il əvvəl bir ağsaqqalın dediyi kimi, döyüşlərdə əsgərlərimizin kürəyini döyüşlərə yaxın olan bütün kənd camaatının nəfəsi isindirdi. 
Əlibəylidə baxışları qarşı tərəfdən üzülməyən Hilal Xəlilov dedi ki, bu kənddə  böyümüşəm. Ana laylasıyla bərabər güllə, mərmi səsləri də eşitmişəm. Bəzən anamın laylalarını bu səslər qırıb, körpəliyimin laylaları yarımçıq qalıb. Sonralar anam deyərdi ki, sən yaşda uşaqlar ana laylalarından doymayıb. Müharibə qurtarsın, torpaqlarımız işğaldan azad edilsin, sənə səhərəcən layla çalacam, ay oğul. Özün də, balan da bütün məmləkətboyu güllə, mərmi səslərinin kəsildiyi gecənin aydınlığında ana laylası dinləyəcəksiniz.
Habil Hacıyevin 49 yaşı var. 2016-cı ilin Aprel döyüşlərindən söz açdı, fikrini iyul döyüşləriylə tamamladı:
- Düşmən onda da təxribat törətmək istəyirdi, indi də. Onda da murazı gözündə qaldı, indi də. Azərbaycan əsgəri onda da mərdliklə döyüşdü, qələbə qazandı, indi də. Düşmən bir daha gördü ki, Azərbaycan əsgəri ondan qat-qat güclüdür. Onu da gördü ki, döyüşlərə söykəkli kəndlərin camaatı əsgərinin yanındadı.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Xalq ordunu daim sevməli, ona kömək etməlidir". Əlibəylililər Ulu Öndərin yaşarı kəlamının həmişə yaşayacağını, bu kəlamın "Mən azərbaycanlıyam!" deyənlərin hamısının düşüncələrinin səyyarəsi olduğunu iyul döyüşlərində də təsdiqlədi. O da təsdiqləndi ki, təmas xəttinə yaxın kəndlərin hamısı əlibəylililər kimi düşünür. Bu düşüncələri bir mətləb birləşdirir: Vətən sevgisinin başlanğıcı yurd sevgisidi...
Rəşid HÜSEYNOV, əməkdar jurnalist