Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2020 10:50

Əfsanələşən partizan ömrü

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda 2020-ci ilin sentyabrında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyinin tamam olduğu vurğulanıb.
Bildirilib ki, Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçib. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak edib. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilib. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilib. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli qəhrəmanlarındandır.
Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.
Sərəncama əsasən, gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyəsində xüsusi əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının cəsur övladı Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100-cü ildönümünün qeyd edilməsi məqsədilə Xarici İşlər Nazirliyinə Müdafiə, Mədəniyyət və Təhsil nazirlikləri ilə birlikdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək barədə tapşırıq verilib.
Sürətlə silahlanan faşizm və yapon millitarizmi bəşəriyyəti böyük təhlükə qarşısında qoyur, İkinci Dünya müharibəsinə doğru aparırdı. Nəhayət, faşist Almaniyası keçmiş Sovetlər İttifaqı ilə bağladığı hücum etməmək haqqında müqaviləni kobud surətdə pozaraq 1941-ci il iyunun 22-də qəflətən müharibəyə başladı. Düşmənin təpədən-dırnağadək dövrünün müasir silahları ilə silahlanmış və hərtərəfli təlim görmüş 5,5 milyon nəfərlik canlı qüvvəsi, yüksək hərbi texnika ilə təchiz edilmiş 190 diviziyası Barents dənizindən uzanan beş min kilometrlik ərazidə cəbhə boyu hücuma keçdi. Artıq faşist Almaniyası 1941-ci ilin iyul ayınadək Polşanı, Avstriyanı, Çexoslovakiyanı, Yuqoslaviyanı, Yunanıstanı, Avropanın bir sıra ölkəsini və Fransanın xeyli ərazisini tutmuşdu. Eyni zamanda faşist Almaniyası öz əlaltıları olan İtaliya, Rumıniya, Macarıstan və Finlandiya da daxil olmaqla işğal etdiyi bütün ölkələrin iqtisadi, hərbi, mədəni və digər potensiallarını öz əlində cəmləşdirmiş böyük gücə malik idi.
Bu dəhşətli müharibənin dünyaya gətirdiyi bəlalar, faciələr illər ötdükcə tarixin qan yaddaşında əbədi qalacaqdır. İlk gündən faşizmlə mübarizədə Azərbaycan xalqı müsəlləh əsgər kimi silaha sarılaraq, ön və arxa cəbhədə, eləcə də işğal edilmiş ərazilərdə aydın mübarizə proqramı ilə fəaliyyət göstərib. Xalqımızın qəhrəman övladları cəbhədə olduğu kimi düşmən arxasında da güclü partizan müharibəsi aparır, ayrı-ayrı partizan dəstələrində fəal əməliyyatlar həyata keçirir, hərbi düşərgələrdə gizli antifaşist təşkilatlar yaradır, kütləvi şəkildə partizan dəstələrinə qoşulurdular. Azərbaycanlı hərbi əsirlər İtaliyada, Fransada, Yuqoslaviyada, Çexoslovakiyada, Rumıniyada, Macarıstanda, Polşada, Bolqarıstanda, Almaniyanın özündə, bütün Qərbi Avropa ölkələrində faşizmə qarşı müxtəlif mübarizə formalarından istifadə edərək düşmənə ağır itkilər verib, yüzlərlə və minlərlə faşist obyektlərini dağıdıb, on və yüz minlərlə düşməni məhv ediblər. 1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər tərəfindən Polşanın Yedlina, Almaniyanın Noyhamer-Etrans, Fransanın Rodez, İtaliyanın Udina və Triyestin Opçina şəhərlərinin yaşayış məntəqələrində yaradılmış gizli antifaşist təşkilatları böyük üstünlüklərə malik idi.   
Avropa müqavimət hərəkatında faşizmlə mübarizədə yüksək əsgəri şücaət və igidlik göstərmiş həmyerlilərimizdən biri də Əhmədiyyə Cəbrayılovdur. Fransa müqavimət hərəkatının fəal iştirakçısı, İkinci Dünya müharibəsi cəbhələrində böyük fədakarlıqlar göstərən Ə.Cəbrayılovun ömrü tarixlərdə, dastanlarda əfsanələşib . 
O, 1920-ci il sentyabrın 22-də Şəki şəhərinin Oxud kəndində dünyaya göz açmışdı. Müharibə Əhmədiyyənin həyatına güclü qasırğa kimi daxil oldu. Atası və iki qardaşı cəbhədə qəhrəmanlıqla həlak oldular. Ailə başsız qaldı. Anası və bacısı bütün ümidlərini Əhmədiyyəyə bağlamışdı. Lakin o doğmalarının qisasını almaq və Vətənin dar günündə onun müdafiəsində dayanmaq üçün könüllü olaraq cəbhəyə yollandı. İnsan itkilərinin hədsiz olduğu bu müharibənin ağrı-acısı demək olar ki, hər bir ailəyə dəymişdi.
İlk olaraq Əhmədiyyə 48-ci atıcı polkunda kiçik siyasi rəhbər kimi xidmətə başlayır. Rostov, Lozovaya, İzyum şəhərləri uğrunda ağır döyüşlər gedirdi. Faşistlər bu şəhərlərin ələ keçirilməsinə strateji əhəmiyyət verirdilər. Döyüşçülərimiz mərdliklə vuruşur, faşistlərin zirehli texnikasının hücumlarını cəsarətlə dəf edirdilər. Cəbhənin bu sahəsində döyüşçülərimizin tankları yox idi. Əhmədiyyənin döyüşdüyü batalyon yeni mövqedə möhkəmlənmişdi. Qanlı və qeyri-bərabər döyüşdə Cəbrayılov ağır yaralanır. Huşunu itirmiş döyüşçü əsir düşür: 4167 nömrəli əsir.
Həbs düşərgələrinin dəhşətini görür Əhmədiyyə. Bir neçə dəfə qaçmağa cəhd göstərsə də hər dəfə onu tutub düşərgəyə salırlar. Əhmədiyyə Vətəndən çox-çox uzaqlarda Fransa torpağında faşistləri məhv edən partizan hərəkatına qoşulmağın və gizli təşkilatlarla əlaqə yaratmağın yollarını axtarırdı. Ona bu yolda   partizanların rabitəçisi kimi gizli fəaliyyət göstərən Janna adlı fransız qadın kömək edir. Əhmədiyyənin əsirlikdən xilası planını da o qurur. Janna onu evində gizlədərək sağaldır və partizan dəstəsinə qoşulmasını təşkil edir. Əhmədiyyə dəstədə cəsarətlə döyüşürdü. Ona elə gəlirdi ki, Rodezdə işğalçılarla döyüşərək Fransanın azadlığını qoruyarkən, uzaq düşdüyü öz doğma Vətəni Azərbaycanı da müdafiə edir. Əhmədiyyə faşistlərin silah anbarlarını yandırır, körpüləri, dəmir yollarını partladır, yüzlərlə düşməni məhv edirdi.
Növbəti əməliyyat zamanı strateji əhəmiyyətli körpünü partladarkən almanlar partizanları təqib etməyə başlayır. Əhmədiyyə atəşlə düşməni dayandıraraq yoldaşlarının geri çəkilməsinə imkan yaradır. Başqa bir əməliyyat zamanı həyatını təhlükə qarşısında qoyaraq faşistlərin böyük bir benzin anbarını partladır və beləliklə, onları uzun müddət yanacaqsız qoyur. Növbəti əməliyyatların birində isə 500 fransız uşağının, çoxlu yaşlı adamın Almaniyaya əsir aparılmasının qarşısını alır. Bordo şəhərində Əhmədiyyə döyüş dostları ilə birlikdə cəsarətli əməliyyat apararaq hitlerçilərin qərargahını ələ keçirir. Daha bir təhlükəli əməliyyatı uğurla həyata keçirən alman feldfebeli forması geymiş  Əhmədiyyə  partizan yoldaşları ilə birlikdə düşmənin hərbi texnika və əsgərlərlə dolu qatarını məhv edən zaman xəsarət alır. Bu zaman almanlar onu özlərininki hesab edib müalicə olunmaq üçün hospitala yerləşdirirlər. Əhmədiyyə ayılanda özünü almanların hospitalında görür və çox çətinliklə partizanların yanına qayıda bilir.
Əfsanəvi partizan, xalqımızın igid oğlu Ə.Cəbrayılovun döyüş salnaməsində çoxlu sayda belə uğurlu əməliyyatlar yer alıb. O, hətta bir müddət Albi şəhərində alman komendantı da olur. Fransanın hitlerçilərdən azad olunması uğrunda "Xarqo", "Fraji", "Qoçaq", "Ryus Armed" və başqa gizli adlarla fəaliyyət göstərən Ə.Cəbrayılovun öldürülməsi və əsir alınması üçün  faşistlər 10 min alman markası mükafat təyin etmişdilər.
Müharibə qələbə ilə başa çatdıqdan sonra Vətənə - doğma  Azərbaycana yola düşməzdən əvvəl general Şarl De Qoll onu qəbul edərək əsgəri igidliyinə görə təşəkkürünü bildirir. General ona yüksək mükafat - hərbi paradlarda generallardan irəlidə getmək hüququ verən "Hərbi igidliyə görə" medalı, Fransanın fəxri vətəndaşı sənədi və həmin ölkədə nəqliyyatın bütün növlərindən pulsuz istifadə mandatını təqdim edir.
İgid həmyerlimiz Parisin faşistlərdən azad edilməsində xüsusi fərqləndiyinə görə Fransanın on yüksək orden və medalı ilə təltif olunur. O cümlədən, Fransanın "Milli Legion" ordeninə layiq görülür. Fransa kommunist partiyasının baş katibi Moriz Torez göstərdiyi igidliyə görə Ə.Cəbrayılova təşəkkür məktubu göndərir.
Hətta sonralar Fransanın prezidenti olan general Şarl De Qoll 1966-cı ildə Sovet İttifaqına rəsmi səfəri ərəfəsində hakimiyyət orqanlarından xahiş etmişdi ki, onun səfər proqramına daha bir görüşü - özünün döyüş yoldaşı, həmyerlimiz, o zaman Şəki rayonunun Oxud kəndindəki Nərimanov adına kolxozda aqronom işləyən Əhmədiyyə Cəbryılovla görüşünü də daxil etsinlər. Bu tarixi görüşdən sonra Əhmədiyyə özünün ikinci Vətəni - Fransa ilə, döyüşçü dostları ilə əlaqələri bərpa edir. Onu da qeyd edək ki, ömrünün sonunadək onun yanına xarici ölkələrdən tez-tez qonaqlar gəlirdi.  
Ağır müharibə sınaqlarından üzüağ, başıuca uzaq Fransa torpağından doğma Vətəninə geri dönən Əhmədiyyə Cəbrayılov 1994-cü il oktyabrın 10-da yol qəzasında faciəli surətdə həlak olur.
Faşizmlə mübarizədə Azərbaycan xalqının adına dünyada şöhrət qazandıran və Fransa müqavimət hərəkatının ən fəal üzvlərindən sayılan Ə.Cəbrayılovun qəhrəmanlıqla  dolu şərəfli  ömür yolu bu gün torpaqlarımızın erməni faşistlərindən azad edilməsi uğrunda döyüşlərə hər an hazır olan ordumuzun əsgər və zabitlərinə ən qiymətli örnəkdir. 

Lalə HÜSEYNOVA, "Azərbaycan Ordusu"