Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2020 10:50

Döyüş meydanında və beynəlxalq müstəvidə əldə edilən uğurlar Ali Baş Komandanın sarsılmaz qətiyyətinin göstəricisidir

Mehman SÜLEYMANOV,

Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru,

tarix elmləri doktoru, ehtiyatda olan polkovnik

 

(I məqalə)



İfrat millətçilik təfəkkürünün məngənəsində qalmış Ermənistanın hərbi-siyasi rəhbərliyinin iyulun 12-17-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində həyata keçirməyə çalışdığı hərbi təxribatın qarşısının uğurla alınması, heç şübhəsiz ki, xalqımızın müasir tarixinin şanlı səhifələrindən birini təşkil edir. Çünki bəlkə heç düşmənin də gözləmədiyi halda Azərbaycanın dövlət rəhbərliyinin qətiyyəti və düzgün təşkilatçılığı, ordu rəhbərliyinin səriştəli peşəkarlığı, Azərbaycan əsgər və zabitlərinin şücaəti və fədakarlığı bütün xalqımızın coşqun iradəsi ilə birləşərək güclü və vahid bir axına çevrildi, Azərbaycan dövlətinin qüdrətini ortaya qoydu. Böyükdən kiçiyə hər bir insan cəbhədə düşmənlə üzbəüz olan bütün hərbçilərimizə dəstək oldu, Azərbaycan özü boyda bir mübarizə meydanına çevrildi, bütün dünyanı heyrətə salacaq bir həmrəylik nümayiş etdirildi. Baş verənləri qiymətləndirərkən Tovuz hadisələri bizim üçün yalnız qəfil hücumu ilə məqsədinə nail olmaq istəyən düşmənin yerinə oturdulması ilə əlamətdar deyil. Bu hadisələr, eyni zamanda, onu da nümayiş etdirdi ki, Azərbaycanın dövlətçilik həyatında xüsusi bir yeri olan Ali Baş Komandanlıq institutu da kifayət qədər yetkin bir qurum kimi formalaşıb və ölkə Prezidenti İlham Əliyev tərəfindən rəhbərlik edilən bu qurum Azərbaycanın dövlət maraqlarının müdafiəsində uğurlu fəaliyyət ilə müstəqillik tariximizə şərəfli səhifələr yazmaqdadır.
Ali Baş Komandanlıq mahiyyət etibarilə ölkə daxilində hərbi və siyasi hakimiyyətin bir şəxsdə cəmləşdirilməsi deməkdir. Bu anlayış siyasi dövriyyəyə ilk dəfə XVII əsrdə gətirilsə də, onun ifadə etdiyi məzmuna hələ qədim dövrlər tarixindən rast gəlmək mümkündür. Dünya tarixindən Makedoniyalı İsgəndər, Qədim Roma dövlətinin böyük fatehləri hərbi və siyasi hakimiyyətin birləşdirilməsinin bariz nümunələri sayıla bilərlər. Azərbaycanın qədim və orta əsrlər tarixində də hərbi və siyasi hakimiyyətin bir adamda birləşdirilməsinin çoxlu nümunələri mövcuddur. Hətta demək mümkündür ki, XIX əsrin əvvəlində baş vermiş Rusiya işğalına qədər Azərbaycan torpaqlarında yaranmış dövlətlərin hamısında hərbi və siyasi hakimiyyət birləşdirilmişdi. Bu dövlətlərin rəhbərləri həm də qoşunların rəhbərləri idilər. Rəsmi şəkildə isə Ali Baş Komandan ifadəsi dünya siyasətində ilk dəfə XVII əsrdə İngiltərə, Şotlandiya və İrlandiya kralı I Karl tərəfindən imzalanmış sənədlərdə əksini tapmışdı. Amma o zaman Ali Baş Komandan yalnız birləşmiş qoşunların ümumi rəhbəri üçün nəzərdə tutulmuş ifadə idi.
Ali Baş Komandan anlayışının müasir təcrübəsinin formalaşması isə təxminən XX əsrin 30-40-cı illərinə təsadüf edir. İkinci Dünya müharibəsi isə Ali Baş Komandanlıq institutunun formalaşmasını dövlət idarəçiliyinin aktual məsələlərindən birinə çevirdi və hazırda bu təcrübə demək olar ki, dünyanın bütün dövlətləri tərəfindən istifadə olunmaqdadır.
Ali Baş Komandanlıq institutunun formalaşdırılması zəruriliyi, əslində, hər bir dövlətin əl atmaq məcburiyyətində qaldığı hərb işinin mahiyyətindən irəli gəlir. Müharibələr bu gün də bəşəriyyətin cığırdaşı olaraq qalmaqdadır və tarixi inkişaf heç də onların baş vermə ehtimalını aradan qaldırmayıb. Onun qarşısının alınması (təcavüzkar dövlətlər üçün isə onun başlanması) üçün həm ölkənin çox böyük canlı və maddi ehtiyatlarının hərəkətə gətirilməsi, həm də bu işə rəhbərliyin mərkəzləşdirilməsi obyektiv bir zərurətdir. Əks təqdirdə müharibənin artan ehtiyaclarını ödəmək və müharibədən qalib çıxmaq mümkün olmaz. Bu mənada dövlət aparatının çevik və davamlı fəaliyyət göstərməsi, ölkənin iqtisadi və səfərbərlik ehtiyatlarının hərb işi ilə səmərəli uzlaşdırılması müharibənin aparılması üçün həyati əhəmiyyət kəsb edən vaxt itkisini aradan qaldırmağa imkan verər. Ali Baş Komandanlıq institutunun yaradılmasında məqsəd də məhz müharibə dövrü və ya müharibəyə hazırlıq dövrü hərbi-siyasi idarəçiliyinin çevikliyinə nail olunmasıdır. Çünki ölkənin və cəmiyyətin bütün ehtiyatlarını öz əlində cəmləmiş olan dövlət rəhbəri onların birbaşa hərbi ehtiyaclara istiqamətləndirilməsi imkanlarına malikdir və bununla bağlı onun hər hansı bir orqan qarşısında məsələ qaldırmasına ehtiyac da qalmır. Hərbi ehtiyacların müəyyənləşdirilməsinin və onların aradan qaldırılmasının bir şəxsdə cəmlənməsi isə qarşıda duran vəzifələrin daha çevik həll edilməsinə şərait yaradır. Bu mənada Ali Baş Komandan cəmiyyətin və dövlətin bütün potensialını səfərbərliyə almaqla ölkənin müdafiəsinin təmin və təşkil edilməsinin bütün məsuliyyətini öz üzərinə götürmüş ali vəzifəli və səlahiyyətli bir şəxsdir. Bu səlahiyyət, bir qayda olaraq, ölkə prezidentinə və ya ölkənin ali səlahiyyətli şəxsinə həvalə olunur.
Azərbaycanın dövlətçilik həyatında Ali Baş Komandanlıq institutunun nə dərəcədə əhəmiyyət kəsb etməsini elə yaxın tariximizdən də görmək mümkündür. Müstəqilliyin bərpasının ilk illərinin hərbi uğursuzluqlarının başlıca səbəblərindən biri məhz Ali Baş Komandanlıq institutunun formalaşmaması və ya formalaşdırılmaması idi. Bunun nəticəsi idi ki, ölkənin potensialının hərbi məqsədlər üçün düzgün istiqamətləndirilməsinə nail olunmadı, dövlətin rəhbərliyi ordunun rəhbərliyini nəzarət altına gətirə bilmədi, ordu rəhbərliyi milli maraqların müdafiəsindən kənarda qalmış idarəolunmaz bir qüvvəyə çevrildi. Bunu elə o zamankı respublika rəhbərləri də öz müsahibələrində və yazılarında etiraf ediblər. Dövlət idarəçiliyində yaranmış xaos və özbaşınalıq isə son nəhayətdə Azərbaycanın müdafiəsində məlum ağır nəticələrə gətirib çıxardı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında da müstəqilliyin ilk illərində Azərbaycanın rastlaşdığı bir çox bəlaların məhz bu xaosla bağlı olduğunu bildirirdi: "...o vaxt Azərbaycanda xaos, anarxiya idi, onlar (ermənilər - M.S.) bundan istifadə edib torpaqlarımızı zəbt etdilər". Bu xaos və anarxiya Ali Baş Komandanlıq institutunun vəziyyətində də özünü göstərirdi və əslində, həmin illərdə bu institutun işlək və real bir qurum kimi mövcudluğundan söhbət açmaq da mümkün deyil.
Azərbaycanda Ali Baş Komandanlıq institutunun formalaşdırılması və onun dövlət idarəçiliyində strateji bir quruma çevrilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. İlham Əliyevin prezidentliyi dövründə isə bu institut öz inkişafının daha yüksək səviyyəsinə qalxaraq ölkənin müdafiəsinin bütün məsuliyyətini öz üzərinə götürmüşdür.
Ölkənin hərbi-strateji orqanlarını özündə birləşdirən Ali Baş Komandanlıq institutunun bütün fəaliyyəti, sözsüz ki, Prezident İlham Əliyevin şəxsində təmsil olunan Ali Baş Komandan tərəfindən müəyyənləşdirilir, planlaşdırılır və onun təşkilatçılığı altında da həyata keçirilir. Bu fəaliyyət sahəsi kifayət qədər məxfi bir sahədir və bu sahənin məsuliyyəti, gərginliyi, ölkənin ali maraqları üçün qarşıya çıxan sınaqların necə aradan qaldırılması, idarəçilik və təşkilatçılıq zəhməti geniş ictimaiyyət üçün açıq olmayan məsələlərdir. İnsanlar isə daha çox yüksək və dəqiq təşkilatçılıqla, mövcud potensialın məqsədyönlü və səmərəli şəkildə səfərbərliyə alınması və bütün reallıqların düzgün ölçülüb-biçilməsi ilə əldə edilmiş nəticələri görəndən sonra Ali Baş Komandanın fəaliyyətinə öz münasibətlərini ifadə edirlər. Hətta Tovuz hadisələri ilə bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidməti tərəfindən davamlı olaraq yetərli məlumatlar verilsə də, kütləvi informasiya vasitələri tərəfindən geniş məlumatlar yayılsa da, ölkəmizin Prezidenti İlham Əliyevin Ali Baş Komandan kimi bu hadisələrin idarə edilməsi ilə bağlı fəaliyyətinin bütün detallarını görmək, sözsüz ki, mümkün deyildir. Bunu Prezident və Ali Baş Komandan İlham Əliyev özü də Nazirlər Kabinetinin iyulun 15-də olmuş iclasında etiraf edirdi: "Əməliyyat haqqında bundan artıq demək istəməzdim. Çünki bu, hərbi sirdir, məxfi xarakter daşıyır. ... Nə mümkün olubsa, onu göstərmişik, hesab edirəm ki, indiki mərhələdə bundan artıq informasiya vermək düzgün olmazdı".
XIX əsrin birinci yarısında yaşamış Prussiya generalı və hərbi nəzəriyyəçisi Karl fon Klauzevits özünün bu gün də dünya hərb nəzəriyyəçiliyinin zirvəsi sayılan "Müharibə haqqında" əsərində yazırdı ki, siyasi və hərbi hakimiyyəti özündə birləşdirən dövlət rəhbərinin məharəti yeni tətbiq edilən ideyanın səs-küylü görünüşündə deyil. Əksinə, burada heyranlığa səbəb sakit halda qərarlaşdırılmış məqsədin uğurla sonluğa çatması, planlaşdırılan və həyata keçirilən bütün fəaliyyətin səssiz harmoniyasıdır. Bu sözləri bütünlüklə Ali Baş Komandan kimi İlham Əliyevin rəhbərliyi altında Tovuz hadisələrinin uğurla başa çatdırılmasına da şamil etmək olar. Çünki pafoslu görüntü yaradılmadan Azərbaycan dövlətçiliyinə qarşı istiqamətlənmiş və arxasında böyük dövlətlərin dayandığı son dərəcə məkrli bir təxribatın qarşısı İlham Əliyevə xas olan bir inam və soyuqqanlıqla alındı və bu zaman onun dövlətçilik məsuliyyəti ilə əməli fəaliyyəti məntiqi bir harmoniyada üzə çıxdı.
Bütünlüklə qeyd edilməlidir ki, Tovuz hadisələrinin Azərbaycan dövlətçiliyi üçün uğurlu sonluğu İlham Əliyevin Ali Baş Komandan kimi əzmkar fəaliyyətinin daha bir əməli nəticəsidir. Daha geniş planda isə Tovuz uğuru Azərbaycan dövlətçiliyinin uğurudur. Bu dövlətçiliyin möhkəmləndirilməsi üçün qarşıya hansı vəzifələrin qoyulduğunu isə İlham Əliyev özü belə açıqlayırdı: Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi, Azərbaycanın güclü müdafiə qüvvələrinin yaradılması, Azərbaycanın haqq işinin beynəlxalq aləmdə daha geniş şəkildə dəstəklənməsinə, Azərbaycan xalqının iradəsini ifadə etməklə xalqla iqtidar arasında möhkəm birliyin əldə edilməsinə nail olunması, Azərbaycan daxilində siyasi-iqtisadi sabitliyin, mübariz mənəvi əhval-ruhiyyənin qorunub saxlanması və s.
Bu gün qarşıya qoyulmuş bu vəzifələr artıq reallığa çevrilib. Məhz bunun nəticəsidir ki, Tovuz təxribatının qarşısının alınması zamanı yeni bir tarixi qələbə əldə edildi, düşmənə layiqli cəza verildi. Bütün xalqın qürurunu və sevincini kükrədən həmin qələbənin təşkilatçısı isə Ali Baş Komandan kimi İlham Əliyev idi.
Tovuz hadisələrinin qarşısının uğurla alınmasının bir neçə obyektiv və ciddi göstəricisi vardır ki, onlar da Ali Baş Komandan kimi İlham Əliyevin məqsədyönlü, Azərbaycanın milli maraqlarına yönəlmiş fəaliyyətinin kimsə tərəfindən inkar edilməsi mümkün olmayan nəticələridir.
Ən başlıca göstərici, heç şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, Azərbaycanın söz sahibinə çevrilməsi, onun qüdrətinin artmasıdır. Doğru-düzgün seçilən siyasət Azərbaycanın dünya dövlətləri arasında layiqli yer tutmasına yol açıb. Bu gün Azərbaycan dünyada mövcud olan bütün obyektiv çətinliklərə baxmayaraq sürətlə və davamlı şəkildə inkişaf edən bir ölkədir. Bu inkişafın memarı isə dövlətin rəhbəri və Ali Baş Komandanı İlham Əliyevdir. Elə Tovuz hadisələrindən sonrakı çıxışlarının birində Azərbaycanın güclü dövlətçiliyə malik olması haqqında Prezident İlham Əliyev belə deyirdi: "Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. ...Bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Bu gün xalq-iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir. ... Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub - istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə".
İndi Azərbaycan müstəqil və ardıcıl siyasət yeridən, dünya dövlətlərinin hesablaşdığı və dünya təhlükəsizliyinin təmin edilməsində özünəməxsus rolu olan bir dövlətdir. Azərbaycan öz inkişafının bütün parametrləri ilə müstəqilliyini miskin və mağmun bir duruma çevirən Ermənistanı xeyli dərəcədə qabaqlamaqdadır. Yalnız onu demək kifayətdir ki, İlham Əliyevin prezident seçildiyi 2003-cü ildə respublikanın dövlət büdcəsi 1,5 milyard ABŞ dolları olduğu halda, bu gün həmin büdcə 25 milyard dollara çatıb, dövlətin valyuta ehtiyatları isə 51 milyard dolları ötüb.