Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2020 10:50

Təlimdə qazanılan uğurlar Böyük Qələbə ilə sonlandırılacaq

Hər işin vacib şərti təcrübədir. Hərbçi peşəsi daha yüksək təcrübə tələb etməklə yanaşı, yüksək məsuliyyət hissi də tələb edir. Ölkənin dayaq sütunu xalqın arxalandığı ordusudur. Ordu Vətənini, xalqını müdafiə edir, xalq isə ordusuna arxalanır. Bu iki məfhum bir-birilə sıx bağlıdır. Hər iki məfhum bir-birini tamamlayır. Biri olmadan digərini düşünmək mümkün deyil. Bu fikrin təsdiqi kimi iyulda Tovuz döyüşləri gedən ərəfələrdə xalqın göstərdiyi həmrəyliyi xüsusi qeyd etmək lazımdır. Aprel döyüşlərində də bu iki məfhumun qarşılıqlı əlaqəsinin şahidi olduq.
Bu gün ordumuzda şəxsi heyətin döyüş məharətinin artırılması istiqamətində çoxlu sayda kompleks tədbirlər həyata keçirilir. Yeni hərbi texnikalar, silah-sursatlar arsenalımıza daxil edilməklə yanaşı, istifadədə olan silah və texnikaların modernləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Şəxsi heyət keçirilən dərslər və təşkil olunan təlimlər zamanı qazandığı nəzəri və praktiki bilikləri qarşıya qoyulan tapşırıqların icrasında uğurla istifadə edir.
Müasir dövrün əhəmiyyətli qoşun növlərindən biri artilleriyadır. Artilleriya düşmənə qarşı döyüşlərdə onun atəş vasitələrini, döyüş, müdafiə texnikalarını məhv etməklə yanaşı, piyada qoşunlarının üzləşdiyi maneələrin dəf edilməsi zamanı əsas söz sahibi olan qoşun növlərindən biridir. Müasir döyüşdə artilleriyadan açılan dəqiq atışlar müharibənin gedişatını bir anda 180 dərəcə dəyişə bilər. Bu gün öz tarixi ənənələrinə sadiq olan topçu zabitlərimiz tabeliyində xidmət edən əsgərlərimizin döyüş vərdişlərinin yüksəldilməsində əllərindən gələni əsirgəmirlər. Onlar şəxsi heyətin hərbin sirlərinə dərindən yiyələnməsində əsas rol oynayırlar.
Yol uzun görsənir. Ancaq zabit Orxan Rüstəmovun maraqlı söhbəti yolun uzunluğunu hiss etməyimizə imkan vermir. "Yeni salınan hərbi hissəmizlə tanış oldunuz. Hərbi hissəmizin açılışında Müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak etmişdi. Ordu quruculuğu sahəsində görülən işlər ölkə rəhbərliyinin Azərbaycan Ordusuna olan etimadının bariz nümunəsidir. Yeni hərbi hissələrin açılışı şəxsi heyətin daha güclü və daha hazırlıqlı olması üçündür. Bu gün Azərbaycan əsgəri qarşıya qoyulan istənilən tapşırığın öhdəsindən layiqincə gəlmək iqtidarındadır. Şəxsi heyətin döyüş ruhunun yüksəlməsinə təsir edən əsas amillərdən biri yuxarı komandanlığın onları ziyarət etməsidir. Rəhbərliyin cəbhəyanı ərazilərdə şəxsi heyətlə görüşməsi, əsgərlərin qayğı və problemləri ilə maraqlanması onların mənəvi-psixoloji hazırlığına böyük təsir göstərir. İndi gedəcəyimiz bölmənin şəxsi heyəti təcrübəli zabitlərin rəhbərliyi altında keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqları yüksək dəqiqliklə və operativ surətdə icra edir". Bölmənin şəxsi heyətini görmək üçün səbirsizlənirəm.
Şəxsi heyət səliqəli şəkildə topların ətrafında düzülüb, komandirin verdiyi tapşırıqları çevik icra edir. Əsgərlər "döyüş" və "səfər" komandalarını normativə uyğun icra edirlər. Hər kəs öz üzərinə düşən vəzifəni böyük həvəslə yerinə yetirir. Dərs prosesi başa çatdıqdan sonra zabit Orxan Zeynalovla söhbətləşirik. Artilleriyaçı zabit komandirin öz təcrübələrini şəxsi heyətlə mübadilə etməyin vacibliyini qeyd etdi. "Tədris planına uyğun olaraq keçirilən sinif və çöl dərslərində bölmənin şəxsi heyət artilleriya ixtisasına aid biliklərini artırır, silahdan istifadə qaydalarını öyrənir, həmçinin silahın taktiki-texniki xüsusiyyətlərini dərindən mənimsəyir. Bir sözlə, bölməmizin şəxsi heyəti ona təhkim olunan cihazla yaxından tanış olur. Baş tutan təlimlərdə şəxsi heyət öz nəzəri biliklərindən əlavə, praktiki vərdişlərini də artırır, qarşıya qoyulan tapşırığı uğurla icra edir. Keçirilən dərslərdə əsgərlərin göstərdiyi mübarizə əzmi bir komandir olaraq mənim qazanılacaq qələbəyə olan inam hissimi daha da artırır. Əminliklə deyə bilərik ki, bu gün ordu sıralarında xidmət edən artilleriyaçılarımız tanınmış topçu generallarımız Səməd bəy Mehmandarov və Əlağa Şıxlinskinin layiqli davamçısı olmaq yolunda uğurla addımlayırlar. Müəllimlərim tərəfindən qazandığım artilleriya biliklərimi bu gün tabeliyimdə xidmət edən şəxsi heyətə həvəslə öyrədirəm. Artilleriya ixtisasından məlumatı olan hər bir kəs yaxşı bilir ki, icra edilən hər bir proses dərs və təlimlərdə qazanılan təcrübələrin, ələlxüsus gərgin əməyin üzərində qurulur. Şəxsi heyət o qədər təcrübə toplamalıdır ki, sinxronluq pozulmasın və yaxud tapşırığın icrası gecikməsin". Zabit bizi şəxsi heyətlə tanış etdi.
Əsgər Rəcəb Hudulov əslən Balakəndəndir. "Məktəbdə təhsil aldığım müddətdə dərsliklərdə artilleriya generalları Səməd bəy Mehmandarov və Əlağa Şıxlinski barədə mövzular marağıma səbəb olurdu. Peşəkar komandirlərimiz tərəfindən keçirilən dərslər sayəsində artilleriya silahlarını daha da sevməyə başladım. Onlar həmişə bildirirlər ki, dərslər və təlimlər zamanı qazandığımız hərbi biliklər real döyüş şəraitinə hazır olmağa xidmət edir. Hər birimiz fərqindəyik ki, müharibə hər an labüddür. Döyüşlər başlayacağı təqdirdə dəqiq və sərrast atışlarla düşməni məğlub edəcəyimiz günü səbirsizliklə gözləyirik. Komandirlərimiz bizi həm nəzəri və praktiki cəhətdən döyüşə hazırlayırlar. Hər birimiz öz növbəmizdə çalışırıq ki, onların verdiyi tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacaraq".
Digər əsgər Fərid İsmayılov  bildirdi ki, Vətəni qorumaq ən ali vəzifələrdən biridir. "Onun hər qarışını göz bəbəyimiz kimi qorumalı, canımızdan əziz bilməliyik. Düşmən tezliklə layiq olduğu cəzanı alacaq. Çünki komandirlərimiz tərəfindən keçirilən dərslərin dərindən mənimsənilməsi təlimdəki uğurların başlıca səbəbidir. Müharibə olacağı təqdirdə, təlimdə qazanılan uğurları Böyük Qələbəylə sonlandıracağıq. Təlimlərdəki uğurların arxasında gərgin əmək və ciddi hazırlıqlar dayanır. Döyüş hazırlığımızla yanaşı, mənəvi-psixoloji hazırlığımız da yüksəkdir. Hər birimiz döyüşə tam hazırıq və  xalqımızın çoxdan gözlədiyi qələbə müjdəli xəbərin carçısı olmaq arzusundayıq".
Əsgər Orxan Talıbov və əsgər Cahid Zülfüqarov müxtəlif dövrlərin çağırışçıları olmalarına baxmayaraq dərs zamanı bir-birilərini tamamlayırlar. Bu, komandirlərin əməyi sayəsində bölmənin ümumi uğurudur.  Onların hər biri vurğuladı ki, ərazi bütövlüyümüzü müharibə yolu ilə bərpa etmək məqsədilə qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə hazırdırlar. "Komandirlərimiz təsdiq edilmiş döyüş hazırlığı planına əsasən, bizə keçdikləri dərslərdə ixtisas, taktiki və atış bacarıqlarımızı sınaqdan keçirirlər. Hər kəs öz üzərinə düşən vəzifədən xəbərdardır. Aramıza yeni qatılan yoldaşlarımıza öncə silahın taktiki-texniki xüsusiyyətlərini öyrədirik, silahla davranış qaydalarında öz köməyimizi əsirgəmirik", - deyə əsgər Orxan Talıbov qeyd etdi.
- Komandirlərimizlə yanaşı, xidməti çox olan əsgər yoldaşlarımız da təcrübələrini bizimlə bölüşürlər. Komandirlərimiz bizim qayğılarımızla maraqlanır, hər hansı bizə qaranlıq qalan məsələlərdə öz köməklərini əsirgəmirlər. Rəhbər heyətin də bizi tez-tez ziyarətə gəlməsi hər birimizi xidmətə daha da ruhlandırır. Bizlər də öz növbəmizdə hərbi biliklərimizi daim artırmalı, nizam-intizamlı olmalıyıq, - deyə əsgər Cahid Zülfüqarov fikrini tamamladı.
Əsgər Renat Rəhimxanov batareyanın gündəlik fəaliyyəti ilə bağlı bizi məlumatlandırdı. "Bölməmiz günün nizam qaydasına uyğun olaraq fəaliyyətini təşkil edir. Sinif otaqlarında şəxsi heyətin nəzəri bilikləri artırılır, onlar üçün ictimai-siyasi hazırlıq məşğələləri keçirilir. Praktiki dərslərimiz açıq ərazidə təşkil olunur. Həmçinin bölməmizin fiziki hazırlığını nəzarətdə saxlamaq üçün idman meydançası da şəxsi heyətin istifadəsindədir. Məlumdur ki, artilleriya yüksək fiziki güc tələb edən qoşun növüdür, şəxsi heyətin fiziki göstəriciləri nəzarətdə saxlanmalıdır. Bundan başqa yüksək riyazi biliyə malik olan şəxs hesablayıcı vəzifəsini yerinə yetirir. Bir sözlə, şəxsi heyətin əsl döyüşçü kimi formalaşması üçün bölməmizdə istənilən şərait yaradılıb. Hər birimiz Vətənə müqəddəs borcunu ödəyir, üzərindəki məsuliyyəti dərindən hiss edir, xalqın inamını qəlbən duyuruq. Hər kəs bilməlidir ki, Azərbaycan əsgəri bu adı daim yüksəkdə tutacaq, millətimizə daim başucalığı gətirəcək. Azərbaycan Ordusunun şəxsi heyətinin xalqımıza qələbə bəxş etməsi üçün döyüş ruhu da var, qələbə əzmi də. Yeganə gözlədiyimiz Silahlı Qüvvələrimizin Ali Baş Komandanının döyüş əmridir."
Bu onu göstərir ki, Azərbaycan əsgəri öz hərbi biliklərini artırır və tezliklə torpaqlarımızın işğaldan azad olunması üçün qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməyə hər an hazırdır. Əsgərlər Tərlan Əzizov, Əbülfəz Sərdarov və Elxan Mehdizadə də Vətənə, xalqa sədaqətlə xidmət etməkdən, müqəddəs yolun yolçusu olmaqdan qürur duyduqlarını bildirdilər. Gənc Vətən müdafiəçiləri qeyd etdilər ki, güclü ordunun əsgəri adını daşımaq fəxrdir. Qədim dövrdən ömrünü Vətənin müdafiəsinə həsr edən, qəlbi Vətən sevgisi, xalq eşqi ilə döyünən hər bir kəsin müqəddəs amalı Vətənə sədaqət, xalqa xidmət olub və bu gün də belədir. Vətən müdafiəçisi olmaq uzaqdan göründüyü kimi asan deyil. Bu müqəddəs vəzifənin icraçısı olmaq böyük hünər və yüksək savad tələb edir. Ali Baş Komandanın və xalqımızın ordu sıralarında xidmət edən oğullarımıza olan inamı və etimadı bu işin məsuliyyət yükünü ağırlaşdırsa da, onların vəzifələrinin öhdəsindən layiqincə gəlmələrinə əsas təkan verən amillərdəndir. Hər zaman olduğu kimi, Vətən müdafiəçiləri ilə tanışlıqdan mənəvi rahatlıq tapırıq. İnanırıq ki, tarixən ata-babalarımızın qanıyla suvarılan Vətənimizin bugünkü müdafiəçiləri üzərinə düşən məsuliyyətdən xəbərdardır və xalqın onlara olan etimadını layiqincə doğrultmaqdadırlar.

Fuad CƏFƏROV, "Azərbaycan Ordusu"