Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2020 10:50

Əsgər adı şərəflidir, müqəddəsdir

Əsgər adı şərəflidir, əsgər adı ləyaqət rəmzidir, uludan ulu, ucadan ucadır. Əsrlər boyu əsgərə - yurdun keşikçisinə hörmətlə yanaşılıb, qayğı və diqqət göstərilib. Əsgər yurdun müdafiəçisi, müstəqilliyin təminatçısı, xalqın görən gözü, vuran əlidir. Əsgər Vətənin keşiyində dayanır, onu yağılardan, yadellilərdən, işğalçılardan qoruyur. Qoruyur ki, xalqı əmin-amanlıqda yaşasın. Qoruyur ki, yurdunu düşmənlər yağmalamasın, işğalçılar onu odlara qalamasın, Vətən daim var olsun!
Əsgərlərimizlə hər görüşümüzdən fərəhlənirik, ürəyimiz sevinclə dolub-daşır. Onların təbəssümlü, cəsur və qorxmazlıq yağan baxışları yaddaşımıza köçür. Əsgərlərimizin səngərlərdə vüqarla, iftixarla dayanmalarını, yurdumuzu göz bəbəyi kimi qorumalarını gördükcə qürur hissi keçiririk.
Əsgərlərlə görüşümüz yayın isti günlərindən birinə təsadüf edir. Hərbi hissəyə çatanda artıq günəş üfüqdən xeyli yuxarı qalxmış, isti şəfəqlərini ətrafa yaymışdı. Gözəl bir yay səhəri idi. Əsgərlərlə görüşümüz bu gözəlliyə əsrarəngiz çalarlar da qatırdı.
- Şəxsi heyətin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir, - deyə zabit Bəhmən Daşdəmirov bizimlə söhbətə başlayır. - Döyüş ruhu, mənəvi-psixoloji hazırlıq qələbəni təmin edən başlıca amillərdəndir. Ona görə də komandanlıq bu sahəyə böyük diqqət ayırır. Əsgərlərimizin döyüş hazırlığının yüksək olması aparılan səmərəli məşğələlərin, taktiki təlimlərin nəticəsidir. Yurdumuzun keşikçiləri vətənpərvər və cəsurdurlar. Onlar erməni qəsbkarları tərəfindən işğal etdiyi torpaqlarımızı azad etməyə hər an hazırdırlar. Tovuz döyüşləri bir daha şəxsi heyətin döyüş hazırlığının, qələbə əzminin yüksək olduğunu sübut etdi. Əminəm ki, biz belə cəsur, vətənpərvər əsgərlərimizlə böyük qələbələr qazanacağıq.
Dağların qoynundan çəkilmiş dolanbac yollarla səngərlərə doğru gedirik. Hər dəfə səngərlərə gedəndə xoş hisslər keçirirəm. İndi də həmin hisslər məni ağuşuna alıb. Bu hisslərdə qələbə əzmi, döyüş ovqatı var. Bu hisslərdən Qarabağa gedən yollara gur işıq düşür.
Xeyli yol qət etdikdən sonra ön xəttə gəlib çatırıq. Qarşımızda səngərlər uzanıb gedir. Cəsur əsgərlərimiz burada ayıq-sayıq dayanaraq yurdumuza keşik çəkir, torpaqlarımızı yağılardan qoruyurlar. Bir anlıq fikirləşirəm: səngər və əsgər! Bir-birinə həmqafiyə olan bu sözlər bir-birinə gözəl yaraşır, bir-birini gözəl tamamlayır. Neçə illərdir qəlbimizə yatan, ürəyimizə hopan bu sözlər dilimizin əzbəridir, fikrimizin zirvəsi, günümüzün baş mövzusudur. Səngər də, əsgər də bizim üçün çox doğmadır. Doğma olduğu qədər də əzizdir.
Artıq torpaqlarımızı qoruyan oğulların yanındayıq. Üz-gözündən igidlik və qəhrəmanlıq yağan əsgərlərlə görüşüb söhbət edirik. Onların qürur dolu sözlərini eşidir, mübarizlik dolu fikirlərini dinləyirik.
- Torpaqlarımızı qorumaq, yurdumuza keşik çəkmək biz hərbçilərin ən müqəddəs borcudur, - deyə gizir Malik Ağayev söhbətə başlayır. - Biz bu borcu şərəf və ləyaqətlə yerinə yetiririk. Xalqımız bu gün Vətən torpaqlarını qorumağı bizə tapşırıb, bizə həvalə edib. Biz bu tapşırığa yüksək səviyyədə əməl edir, Vətənimizi, el-obamızı düşməndən göz bəbəyimiz kimi qoruyuruq. Ürəyi vətənpərvərlik eşqi ilə döyünən əsgərlərimiz mövqelərində ayıq-sayıq dayanırlar. Xidmətlərinə böyük məsuliyyət və diqqətlə yanaşırlar. Əsgərlərimizin döyüş hazırlığı, döyüş ruhu yüksək səviyyədədir. Onlar yalnız və yalnız qələbə əzmi ilə, qələbə ovqatı ilə xidmət edirlər. Düşmənə böyük nifrət bəsləyən əsgərlərimiz sərrast atəşlə onları məhv etməyə hər an hazır və qadirdilər. Dayandığımız nöqtədən düşmən mövqelərini müşahidə edir, atəşkəs rejimini pozmağa cəhd edən erməni qəsbkarlarının qarşısını qətiyyətlə alırıq. Düşmən dəqiq atəş zərbələrimizlə susdurulur. Əsgərlərimizin döyüş hazırlığının yüksək olması hər addımda, hər atışda, hər əməliyyatda özünü göstərir. Bütün bunlar həm də onu göstərir ki, bizi qarşıdakı döyüşlərdə böyük uğur və qələbələr, düşməni isə  sarsıdıcı məğlubiyyət gözləyir. İnanıram ki, əsgərlərimiz torpaqlarımızın azadlığı uğrunda başlayacaq döyüşlərdə yaddaqalan igidlik və qəhrəmanlıqlar göstərəcək, hünərləri ilə tarix yazacaqlar.
Gizir Malik Ağayev daha sonra deyir ki, mən yurdumuzun keşiyində dayanan Samir İsayev, İlkin Kərimov, Firudin Şəfiyev kimi cəsur əsgərlərlə fəxr edirəm. “Adlarını çəkdiyim və çəkmədiyim əsgərlərimiz çox vətənpərvərdirlər. Onlar qoynunda dünyaya göz açdıqları Vətən torpaqlarını cəsarətlə qoruyur, onun uğrunda döyüşə atılmağa, düşməni məhv etməyə hər an hazırdırlar. Nümunəvi xidməti ilə fərqlənən əsgərlərə fəxri fərmanlar verir və valideynlərinə təşəkkür məktubları ünvanlayırıq. Çalışırıq ki, onların xidmətlərini layiqincə qiymətləndirək.”
Əsgər Elçin Cəfərov yarım ildən çoxdur ki, ordu sıralarındadır. Əsgər qısa da olsa xidmətindən söz açır:
- Atalarımız yerində deyiblər ki, oğullar Vətəni qorumaq üçün doğulur. Bəli, biz doğulmuşuq ki, yurdumuzu qəsbkarlardan qoruyaq. Qoruyaq ki, xalqımız əmin-amanlıqda yaşasın. Ölkəmiz daim inkişaf etsin, Vətənimiz gündən-günə çiçəklənsin, qüdrətlənsin. Bu gün əsgər dostlarımla çiyin-çiyinə torpaqlarımızın keşiyində dayanmışıq.  Onun bir qarışının belə düşmən tapdağında qalmasına razı ola bilmərik. Mən Vətənimi çox sevirəm, yurduma ürəkdən və qəlbdən bağlıyam. Torpaqlarımızın illərdən bəri erməni qəsbkarlarının tapdağı altında qalması bir əsgər, bir vətəndaş kimi məni çox narahat edir. Ali Baş Komandan dəfələrlə bəyan edib ki, xalqımız erməni qəsbkarlarının işğalı ilə heç vaxt barışmayacaq. Biz Ali Baş Komandanın, Müdafiə nazirinin bütün əmr və tapşırıqlarnı yerinə yetirməyə hazırıq. Erməniləri məğlub etməyə və torpaqlarımızı qəsbkarlardan azad etməyə qadirik. Bunu ordumuz üçün uğurla başa çatan həm Aprel döyüşləri, həm də Tovuz istiqamətində gedən döyüşlər göstərdi. Döyüş hazırlığımız və qələbə əzmimiz deməyə əsas verir ki, qısa müddət ərzində Qarabağı və işğal edilmiş digər rayonlarımızı ermənilərdən azad edəcək, xalqımıza sevinc dolu günlər yaşadacağıq.
- Belə qüdrətli və güclü bir ordunun sıralarında xidmət etməkdən qürur duyuram, - deyə əsgər Elxan Abdullayev söhbətimizə qoşulur. - Xidmətə gələndən sonra ətrafımdakı vətənpərvər, cəsur zabit, gizir və əsgərləri gördükcə ürəyim dağa döndü. Elə ilk günlərdən hiss etdim ki, ordumuzun gücü, qüdrəti yenilməzdir. Ürəyi Vətən sevgisi ilə aşıb-daşan əsgər yoldaşlarımla birlikdə yurdumuzu erməni işğalçılarından qoruyuruq. Qarşıdakı döyüşlərdə uğurlar, qələbələr mütləq bizim olacaq. Erməni qəsbkarları isə ölümə, məğlubiyyətə məhkumdurlar. Çünki bizim döyüş hazırlığımız, qələbə əzmimiz düşməndən yüksəkdir. Biz öz doğma ocaqlarımız uğrunda böyük hünər və cəsarətlə vuruşacağıq. Ermənilər isə işğalçıdırlar. İşğalçılar isə gec-tez məğlubiyyətlə üzləşməlidirlər. Biz bütün gücümüzdən bacarıqla istifadə edib onları məğlubiyyətə uğradacağıq.
Əsgərlərlə söhbətimiz uzun çəkdi. Onların ürək sözlərini, cəsarətli fikirlərini, qələbə və uğurlara söykənmiş düşüncələrini  eşitmək bizim üçün xoş oldu. Həmişəki kimi bugünkü görüşümüzdə də əsgərlərimizi qələbə ovqatında, qələbə əzmində gördük. Onu da müşahidə etdik ki, əsgərlərimiz dediklərini həyata keçirməyə, verdikləri sözü yerinə yetirməyə, düşmən üzərində qələbə qazanmağa qadirdirlər. Onların qələbə əzmi, döyüş ruhu, vətənpərvərlik hissləri çox yüksəkdir. Bütün bunları görəndən sonra istər-istəməz dilimdən ürəyimə bu sözlər qopub düşdü: Əsgər, adın şərəfli, xidmətin çox müqəddəsdir. Çünki sən xalqın dayağı, yurdun keşikçisisən. Qarşıda keçəcəyin müqəddəs yollarda sənə uğurlar arzulayıram. Qoy qələbə və uğurlar həmişə səninlə olsun, Azərbaycan əsgəri!

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"