Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2020 10:50

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyə münasibətlərinin inkişafından keçir.
Bu gün artıq Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər istər hökumət, istərsə də xalqlar çərçivəsində əhatəli və köklü bir səviyyəyə çatıb, hətta bütün sahələr üzrə əlaqələr gün keçdikcə sürətlə inkişaf edir və güclənir. Bu çərçivədə Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq klassik mənfəət əlaqələrindən kənar, xüsusi bir mahiyyətə sahibdir.
Müstəqillikdən sonrakı 29 il ərzində Türkiyə ilə Azərbaycan arasında bütün səviyyələrdə bir sıra səfərlər həyata keçirilib. Bu səfərlər zamanı ikitərəfli əlaqələrin inkişafına yönəlik çoxlu sayda razılaşma əldə olunub. Türkiyə qardaş Azərbaycanın güclənməsi və beynəlxalq səviyyədə layiq olduğu hörməti qazanması üçün hər cür dəstək verib, səy göstərib. Keçən vaxt ərzində Türkiyə və Azərbaycan siyasi, hərbi, iqtisadi, mədəni, ictimai olmaqla, bütün sahələrdə ortaq addımlar atıb, əsasən, regional miqyasda effektiv nəticələr verən əhəmiyyətli layihələri həyata keçirib.
Ən əhəmiyyətlisi odur ki, Azərbaycan Türkiyə arasındakı ikitərəfli əlaqələr, xüsusən də iqtisadi əlaqələr son illər ərzində digər qonşu ölkələr üçün nümunə və model ola biləcək keyfiyyət və dinamika səviyyəsinə yüksəlib. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərini digər ölkələrin şirkətlərindən fərqləndirən əsas cəhət odur ki, bu şirkətlər iqtisadiyyatın, demək olar ki, bütün sektorlarında fəaliyyət göstərir. Türkiyə şirkətləri qeyri-neft sektorunun inkişafında xüsusi rol oynayır. Türkiyə şirkətlərinin inşaat, xidmət, kənd təsərrüfatı və qida sektoru, bank və sığorta sahəsi, tekstil və yüngül sənayedə mövqeləri kifayət qədər güclüdür.
Son 29 ildə Azərbaycan və Türkiyə əlaqələrinə qısa baxış Türkiyə ilə Azərbaycanın xarici siyasətlərində birlikdə hərəkətetmə, həmrəylik içərisində olma qanunu hər zaman istiqamətverici xüsusiyyət daşıyıb. Türkiyə qardaş Azərbaycanın torpaqlarının işğal edilməsinə reaksiya olaraq Ermənistanla sərhədləri bağlayıb. İkitərəfli əlaqələr baxımından bir dövlətin başqa bir dövlət üçün üçüncü bir dövlətlə sərhədini bağlaması münasibətlərin bənzərsiz olduğunun və başqa ölkə əlaqələri ilə müqayisə edilə bilməyəcəyinin göstəricisidir. İki ölkənin daha sıx əməkdaşlıq etdiyi əsas mövzulardan biri Dağlıq Qarabağ problemidir. Türkiyə Azərbaycanın müstəqillik əldə etdikdən sonra qarşı-qarşıya qaldığı Dağlıq Qarabağ probleminin ilk gündən etibarən yaxın təqibçisi olub, Azərbaycanın haqlı mövqeyini beynəlxalq sahədə və ikitərəfli görüşlərdə gündəmə gətirməyə səy göstərib. Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi və işğal edilən Azərbaycan torpaqlarının qaytarılması Qafqazda əhatəli sülh və sabitliyin ən əhəmiyyətli ünsürünü təşkil edir. Qafqazda sülh, sabitlik və xalqlar arasında inamın yenidən bərpa edilməsi Türkiyənin prioritetli hədəfidir. Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ məsələsi bölgənin təhlükəsizliyi, sabitliyi və inkişafı baxımından böyük bir maneə olub, problemin beynəlxalq hüquq qayda və qanunları çərçivəsində həlli və Azərbaycan torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi labüddür.
Bu mənada, Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri imkan verir ki, iki qardaş ölkə həm beynəlxalq əhəmiyyətli iqtisadi layihələri gerçəkləşdirmək, həm də özlərinin bütün milli maraq və mənafelərini qorumaq strategiyasını əzmlə davam etdirə bilsin. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq hər iki dövlətin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə keçirilən təlimlər bütün Qafqaz bölgəsinə sülh və əmin-amanlıq vəd edir, eyni zamanda, dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə yardımçı olur. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, təlimlərin keçirilməsi əlamətdar hadisədir və hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür: "Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür".
Keçirilən təlimlər sübut edir ki, bu gün iki ölkə arasında hərbi sahədə də əməkdaşlıq ən yüksək səviyyədədir.  Türkiyə ilə hərbi əməkdaşlığımız 2010-cu il avqustun 16-da imzalanan "Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında" Müqavilədən sonra yeni mərhələyə qədəm qoyub. Hər iki dövlət arasında mövcud siyasi və iqtisadi münasibətlər onları regional geosiyasətin əsas dövlətlərinə çevirib.
Müasir dönəmdə Türkiyə-Azərbaycan əlaqələrini başqa ölkələr arasındakı münasibətlərlə müqayisə etmək mümkün deyil. Bu gün Azərbaycan ilə əlaqələrdə Türkiyənin xarici siyasətini təyin edən ünsürlər "maraqlar"dan kənardadır, bu ölkə ilə olan tarixi, mədəni və insani bağlarımız və ortaq mənfəətlərimizdir. Başqa sözlə, Türkiyə Azərbaycana istiqamətlənmiş xarici siyasəti çox dəyərli sayır, davam etdirir və bu təməl üzərində ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafına səy göstərir. Əlaqələrin sahib olduğu bu xüsusi mahiyyət çərçivəsində siyasi, iqtisadi, hərbi, mədəni, ictimai olmaqla, bütün sahələrdə Türkiyə və Azərbaycanın daha böyük uğurlara birlikdə imza atmaları hamımızın ortaq istəyidir.

"Azərbaycan Ordusu"