Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2020 11:30

“Həm mənəvi, həm də fiziki cəhətdən güclüyük”

Gündən-günə daha da peşəkarlaşan ordumuzun şəxsi heyətinin hərtərəfli hazırlıqlı olması mütləq şərtlərdən biridir. Hərbi qulluqçuların döyüş hazırlığı onların maddi-texniki təminatı, sıra hazırlığı ilə yanaşı, fiziki göstəricilərinin yüksək səviyyədə olmasından da bilavasitə asılıdır. Buna görə də ordumuzda fiziki hazırlığa mühüm yer ayrılır. Bu gün hər bir əsgərin fiziki göstəricisini təkmilləşdirmək məqsədilə bütün bölmələrdə müasir avadanlıqlarla təchiz olunmuş idman şəhərcikləri, trenajor otaqları fəaliyyət göstərir. Bir sözlə, şəxsi heyətin bütün təminatları kimi fiziki hazırlığı üçün də hər bir şərait yaradılır.
Belə bir şəraitlə "N" hərbi hissəsində şəxsi heyətin idman məşğələsi zamanı tanış olduq. Əsgərlərin fiziki cəhətdən nə dərəcədə hazırlıqlı olduqları ilk baxışda bəlli olur. Qrup rəhbəri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vaqif Həsənov tabeliyində olan əsgərlərlə idman meydançasında idi. V.Həsənov uzun müddətdir ki, ordumuzun sıralarında nümunəvi xidmət aparır. O bildirdi ki, əsgərlərin fiziki hazırlığının yüksək səviyyədə olması həm ordumuzda keçirilən idman məşğələlərindən, həm də onların xidmətə çağırılmamışdan öncə müxtəlif döyüş və idman növlərinə olan maraqlarından asılıdır. "Əsgər gərək həm mənəvi, həm də fiziki cəhətdən güclü olsun. Biz əlimizdən gələni edirik ki, bütün şəxsi heyətə idmanı sevdirək və onlar idman normativlərini asanlıqla yerinə yetirə bilsinlər. Bu onlara gələcəkdə verilən döyüş tapşırıqlarını lazımi səviyyədə icra etməkdə yardımçı olacaq", - V.Həsənov dedi.
Əsgər Sabir Nurməmmədli hərbi xidmətə çağırılmamışdan qabaq güləşin yunan-Roma növü ilə məşğul olub. O, yeniyetmələr arasında birinciliklərin qalibi adını qazanıb. İdmançı olmağın hərbi xidmətin ilk günlərindən ona çox kömək olduğunu vurğulayan Sabir, həmyaşıdlarını mütəmadi olaraq idmanla məşğul olmağa çağırdı.
Öyrənirik ki, əsgər Surab Hacıseyidxan da çağırışaqədərki həyatında idmanla məşğul olub. O, 2017-ci ildə yeniyetmələr arasında boks üzrə Azərbaycan birinciliyini qazanıb, 2018-2019-cu illərdə gənclər və yeniyetmələr arasında keçirilən beynəlxalq boks turnirlərinin qalibi olub. Boks üzrə millimizin üzvü olan Surab idmana olan sevgisinin atası, Qarabağ veteranı, Mirzə kişidən gəldiyini bildirdi. "Atam deyirdi ki, əgər Vətənini, millətini qorumaq istəyirsənsə, nizam-intizamlı, dözümlü və iradəli, həm də fiziki cəhətdən güclü olmalısan".
İdman meydançasında öz fiziki göstəricilərini yüksəltməklə məşğul olan Tural Aşıqov, Rasif Məmmədov və digər əsgərlərimizin tələb olunan normativləri asanlıqla yerinə yetirmələri onu göstərirdi ki, ordumuz işğalda olan torpaqlarımızın azad olunması uğrunda döyüşə hər zaman hazırdırlar.

Kursant İbrahim MƏMMƏDBƏYOV