Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2020 11:30

Hərbi xidmət həm də həyat məktəbidir

Ordunun nizam-intizamı sıradan başlayır. Bu gün ordumuzun istənilən bölməsində mütəmadi olaraq  yüksək səviyyədə sıra hazırlığı məşğələləri təşkil olunur. Hərbi xidmətə gələn gənclər bu məşğələlərdə həvəslə iştirak edir və sıra hazırlığının elementlərini maraqla öyrənirlər. Dərslər zamanı gənc əsgərlərə sıra intizamı ilə yanaşı, sıranın mənəvi dəyərləri də aşılanır.
"N" hərbi hissəsində sıra hazırlığı məşğələsinin təşkili ilə yaxından tanış olduq. Əsgərlərin sıra addımlarından bəlli idi ki, bölmənin sıra hazırlığı mütəmadi olaraq plan üzrə təşkil olunur. Məşğələ rəhbəri leytenant Sahil Əbülfəzli 2015-ci ildə Heydər Əliyev adına Hərbi Liseyi, 2019-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. O, günü-gündən inkişaf edən orduda xidmət etməklə fəxr hissi keçirir və inanır ki, qısa zamanda Lələtəpədə dalğalanan bayrağımız Şuşada, Xankəndidə də dalğalanacaq. Hər an Vətən uğrunda döyüşməyə hazır olan gənc zabit söhbət zamanı əsgərlərin sıra hazırlığından razı qaldığını qeyd etdi. "Biz günün nizam qaydasına uyğun olaraq mütəmadi sıra hazırlığı məşğələləri keçirik. Asudə vaxtdan səmərəli istifadə edərək özümüz də idmanla məşğul oluruq. Əsgərlərin problemləri ilə maraqlanır, fərdi söhbətlər aparırıq. Bütün idman normativləri vaxtında verilir. Bölmədə olan hər bir əsgər vətənpərvərdir. Dövlətini, xalqını çox sevir", - leytenant S.Əbülfəzli bildirdi. - Bu şərəfli peşəni öz arzumla, istəyimlə seçmişəm. Bir gənc olaraq qürurluyam ki, şanlı Azərbaycan Ordusunun zabitiyəm. Komandir kimi üzərimə düşən vəzifələrin öhdəsindən məsuliyyətlə gəlməyə çalışıram. Əsgərlərimə hərbi bilik, bacarıq və nizam-intizam öyrətmək üçün bütün biliklərimi səfərbər edirəm. Günün nizam qaydasına uyğun olaraq bu gün sıra məşğələsi günüdür. Əsgərlərin hər biri silahlı və silahsız sıra hərəkətlərini bacarıqla yerinə yetirirlər. Onların dərsə olan marağı və öyrənməyə olan həvəsi məni daha da ruhlandırır. Hər biri vətənpərvər gəncdir və nümunəvi xidmət edirlər.
Zabitlə söhbəti yekunlaşdırıb əsgərlərlə də kəlmələşdim. Onlar hərbi hissədə yaradılan şəraitdən və komandirlərindən razılıq bildirdilər. Əsgəri xidmətlərini uğurla başa  vurmaqları üçün hər bir şərait yaradıldığını dedilər.
İlk olaraq əsgər Ziyadxan Hacıyev düşüncələrini bölüşdü. Hərbi xidmətin hər bir gənc üçün Vətən qarşısında övladlıq borcu olduğunu bildirdi.
"Əsgərlik həyat məktəbidir. Burada bir çox müsbət keyfiyyətlərə və vərdişlərə yiyələnirik. Keçirilən məşğələlərdə  hərbin sirlərini, silahlardan istifadə etməyi, döyüş taktikasını və digər bilikləri öyrənirik. Digər dərslər kimi sıra hazırlığında da həvəslə iştirak edirik. Yaxşı bilirik ki, hərbi xidmət nizam və intizam üzərində qurulub. Nizam-intizam isə sıradan başlanır. Hələ hərbi xidmətə gəldiyimiz ilk gündən komandirlərimiz bunları bizə demişdi. Gündəlik bütün fəaliyyətlərimiz sıra ilə tənzimlənir. Hər birimiz əlimizdən gəldiyi qədər çalışırıq ki, nizam-intizamlı və bacarıqlı əsgərlər olaq, ordumuzun adına layiqli xidmət edək", - əsgər Z.Hacıyev dedi.
Əsgər Vaqif İsmayılov da hərbi xidmətdən ağızdolusu danışdı. Qoynunda boy atdığı  Vətəninə əsgər olmaqdan qürurlandığını dedi. "Hər bir gənc kimi mən də sevinirəm ki, əsgərəm - Vətənin müdafiəçisiyəm. Üzərimizə düşən şərəfli vəzifələrin məsuliyyətini yaxşı dərk edirik.  Bütün silahdaşlarım kimi intizamlı və nümunəvi əsgər olmağı qarşıma məqsəd qoymuşam. Yaxşı dərk edirəm ki, bu sıralarda Vətənimizin igid oğulları Mübarizlər, Poladlar, Raquflar, Samidlər, Çingizlər... dayanıb. Biz həmin qəhrəmanların davamçılarıyıq".
Əsgərlərin qətiyyətli sözləri bir daha deməyə əsas verir ki, Azərbaycan Ordusunda dəmir nizam-intizam var. Ordumuzun istənilən bölməsində Vətənə sevgi, dövlət  və dövlətçiliyə sədaqət ruhunda xidmət edən əsgərlərimiz tezliklə xalqımıza Böyük Qələbənin sevincini yaşadacaqlar!

 

Kursant Əli ABIYEV