Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2020 11:30

Vətənin əsgəriyik

Tovuz hadisələri xalqımızın və ordumuzun döyüş ruhunun necə yüksək olduğunu bir daha göstərdi. Qısa vaxt ərzində xalq döyüşə səfərbər oldu. Bu işdə kütləvi informasiya vasitələrinin də rolu böyükdü. Zabit və əsgərlərimizin savaşlarda göstərdiyi igidlik və qəhrəmanlıqlar, şəhidlərin ehtiram dolu anlarla dəfni, eləcə də döyüş səhnələri kifayət qədər geniş və operativ işıqlandırıldı. Bütün bunlar isə gənclərimizin döyüş ruhunu daha da yüksəltdi. İnam hissi ilə demək olar ki, bu ruh heç vaxt zirvələrdən enməyəcək. Xalqımız işğal edilən torpaqlarını qəsbkarlardan azad etməyə həmişə hazırdır.
Son günlər baş verən hadisələr bir daha göstərdi ki, gənclərimiz Vətən, torpaq və şərəf uğrunda döyüşməyə, vuruşmağa hazırdırlar. Onlar hər an Ali Baş Komandanın döyüş əmri ilə döyüşlərə atılacaqlar. Hünər və cəsarətləri ilə erməni işğalçılarına qalib gələcəklər, Qarabağın qəsbkarlardan azad edilməsi naminə həmişə öndə vuruşacaqlar. Bu döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərəcəklər. Qəhrəmanlıqları ilə adlarını tarixin səhifələrinə böyük hərflərlə yazacaqlar.
Tovuz istiqamətindəki döyüşlərdə cəsur zabit və əsgərlərimiz erməni işğalçılarının hücumlarını dəf edərkən böyük hünər və rəşadət nümayiş etdirdilər. Hər qarış torpaq uğrunda qorxmadan, yarım addım belə geri atmadan vuruşdular. Onlar qələbəmiz naminə vuruşdular, Qarabağımız naminə vuruşdular, Azərbaycanın bütövlüyü və müstəqilliyi naminə vuruşdular, Hərbi andlarına sadiq qalaraq vuruşdular, yurdun müdafiəsi naminə vuruşdular, Ali Baş Komandanın döyüş tapşırığını yerinə yetirərək vuruşdular, ailəsinin, millətinin şərəfi, namusu uğrunda vuruşdular. Keçmişimiz və gələcəyimiz naminə vuruşdular. Bütöv Azərbaycan uğrunda vuruşdular. Vuruşdular ki, erməni qəsbkarlarını məhv etsinlər, daşnakların hücumlarını birdəfəlik dayandırsınlar. Dayandırdılar da!  Zabit və əsgərlərimizin göstərdikləri qəhrəmanlıq və hünər hədər getmədi. İşğalçıların hücumları qətiyyətlə dəf edildi. Ermənilər bu savaşda yüzlərlə canlı qüvvəsini, neçə-neçə zirehli texnikasını, artilleriya qurğularını itirdi. Bu savaş göstərdi ki, Azərbaycan Ordusunun zabit və əsgərləri iştirak etdikləri təlimlərdə hərbi biliklərə, döyüşdə qalib gəlməyin sirlərinə dərindən yiyələniblər. Zabit və əsgərlərimiz bu döyüşlərdə düşmənin atəş nöqtələrini dəqiq zərbə ilə məhv etməklə ən müasir silahların taktiki-texniki xüsusiyyətlərini dərindən mənimsədiklərini bir daha göstərdilər. Odumuzun hissələri göstərdilər ki, onlar erməni qəsbkarlarından qat-qat güclü və qüdrətlidirlər. Qələbə qazanmağa qadirdirlər, düşməni məhv etməyə hər an hazırdırlar.
Görünür ki, erməni qəsbkarları hücumlarını əvvəlki illərin xam xəyalları üzərində qurmuşdular. Ordumuzun hissələri elə ilk həmlədən dəqiq atəş zərbələri ilə yağıların qarşısına keçilməz sədd çəkdilər, düşmənin qarşısını qətiyyətlə aldılar. Düşmən dəfələrlə manevr etməyə cəhd göstərsə də, hər dəfə məğlubiyyətə uğradı, murdar niyyətini həyata keçirə bilmədi. Yağılar fikirləşirdilər ki, döyüşçülərimiz müharibənin ilk illərində olduğu kimi qarşılarında duruş gətirə bilməyəcəklər. Amma hər şey tərsinə oldu. Düşmənin iyrənc planları öz başlarında çatladı. Bu cümlələri yazanda bir anlıq yadıma düşdü ki, heç əvvəlki illərdə də erməni qəsbkarları bu istiqamətdə heç bir uğur qazana bilməmişdilər. Birinci Qarabağ müharibəsində də zabit və əsgərlərimiz indiki kimi torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq yurdumuzu göz-bəbəkləri kimi qorumuşdular. Döyüşlərdə böyük hünər və rəşadət göstərmişdilər. Ordumuzun bugünkü zabit və əsgərləri sələflərinin qəhrəmanlığını yüzqat, minqat təkrar etdilər.
Böyük sərkərdələr deyiblər ki, döyüş itkisiz olmur, qələbə qurban tələb edir. Təəssüflər olsun ki, Tovuz istiqamətindəki döyüşlərdə də itkilərimiz oldu. Bu itkilər ürəyimizi dağladı, qəlbimizi göyüm-göyüm göynətdi. Vətəni canından da çox sevən oğullar şəhid oldular, amma mövqelərdən bir addım da olsun geri çəkilmədilər. Cəsarət, hünər və qəhrəmanlıqları ilə düşmənə meydan oxudular, tarix yazdılar. Bu tarixi adi mürəkkəblə deyil, qanları ilə yazdılar. Qanla yazılan tarix isə heç vaxt pozulmur, əbədi-əzəli yaşayır. Gələcək nəsillər üçün şərəfli bir örnək, fəxr ediləsi bir nümunə olur. Tovuz istiqamətindəki döyüşlərdə şəhid olan zabit və əsgərlərimizin qəhrəmanlığı daim ehtiramla xatırlanacaq, hörmətlə yad ediləcək.
Son döyüşlərdə şəhid olanların sırasında general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev kimi cəsur zabilərtimiz də var idi. Generalın əsgərlərlə bir səngərdə vuruşması və şəhid olması çox qürurvericidir. Dünyadakı döyüş təcrübəsindən görmüş və oxumuşuq ki, yüksək rütbəli zabitlər, generallar qərargahda oturub əmr və göstərişlər verirlər. Amma Tovuz istiqamətindəki döyüşlərdə biz bunun əksini gördük. Gördük ki, Azərbaycan generalları tamam fərqlidir, kimlərəsə bənzəmir, bənzəmək istəmirlər. O, əsgərinin arxasında gizlənmir, onunla yanaşı döyüşür, onunla çiyin-çiyinə vuruşur. Azərbaycan generalının ən çətin məqamda, ən kritik vəziyyətdə əsgərinin yanında olmasının özü də böyük bir qəhrəmanlıq nümunəsidir. Bu, Azərbaycan əsgərinin, Azərbaycan generalının torpağına, Vətəninə olan sevgisinin birliyidir. Hamı Vətənin əsgəridir.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"