Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2020 11:30

“Döyüş əmrini qələbəylə tamamlayacağıq”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində zabit Şahlar Rüstəmbəyli yaradılan şəraitdən, şəxsi heyətin nümunəvi xidmətindən danışdı. "Ali Baş Komandanımız və ordu rəhbərliyi tərəfindən göstərilən yüksək diqqət və qayğı şəxsi heyətimizin döyüş əzmini daha da artırır, hər kəsdə Vətənə, torpağa sədaqət hissini, qələbə ruhunu yüksəldir.
Zabit Şahlar Rüstəmbəyli əsgər Cavid Pənahovun bacarıqlı əsgər olduğunu, məşğələlərdə və təlimlərdə fərqləndiyini dedi. "Xidməti uğurlar qazanan, hərbi biliklərini daha da artıran bu əsgər həm də gənc əsgərlərə köməklik edir, onlara diqqət və qayğı göstərir. Bu amillər onu şəxsi heyətə sevdirir. Belə əsgərlərimizlə öyünürük".
Əsgər Cavid Pənahov bildirdi ki, ordu sıralarına Şəmkir rayonundan çağırılıb. "Əsgər olduğum günü heç vaxt unutmayacağam. Əsgər olmaqdan şərəfli və müqəddəs heç nə ola bilməz. Hərbi xidmətə gələnə qədər mən də mütəmadi olaraq hərbi verilişlərə baxırdım. Bu, xidmətim zamanı dərs və məşğələlərdə hərbi bilikləri mənimsəməkdə gərəkli oldu. Komandirlərimiz məşğələləri səmərəli keçirdilər. Hər hansı bir sualımız yarandıqda onu əhatəli izah edirdilər. Qısa bir vaxt ərzində biz həm sıra, həm də döyüş vərdişlərini yüksək səviyyədə mənimsədik. İndi istənilən tapşırığı vaxtında yerinə yetirməyə hazırıq."
Əsgər Cavid Pənahov bildirdi ki, hərbi hissədə idman şəhərciyi yaradılıb. Hər gün günün nizam qaydalarına uyğun olaraq fiziki hazırlıq məşğələsi keçirilir. Dərs prosesində komandirlər  hər bir idman təmrinini ətraflı izah edir, əyani şəkildə göstərirlər. Fiziki hazırlığımız da döyüş hazırlığımız kimi müntəzəm olaraq təkmilləşir. Mən və digər əsgər yoldaşlarım inanırıq ki, tezliklə Ali Baş Komandanımızın döyüş əmri ilə torpaqlarımızı işğaldan azad edəcəyik.

Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"