Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2020 11:30

Ordumuz yüksək döyüş hazırlığına malikdir

Bu gün Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malik hərbi qulluqçulardan ibarətdir. Ordumuz peşəkar, savadlı və hərb peşəsinin bütün lazımi tələblərinə cavab verən zabitlərlə tam komplektləşib. Belə zabitlərimizdən biri baş leytenant Həmid Xancanov ilə düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində tanış olduq.
Vəzifəsinin öhdəsindən uğurla gələn, xidmətini düzgün təşkil edən, vicdanlı və qayğıkeş zabit 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra ön xətt bölmələrinin birində xidmətə başlayıb. Həmidin əsas amalı torpaqlarımızın azad olunması əməliyyatında yaxından iştirak edib qələbə sevincini yaşamaqdır. Bunun üçün o, təcrübəsini artırmağa xüsusi önəm verir: "Ordunun döyüş qabiliyyəti əsgərin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyətinin yüksək olmasından asılıdır. Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün güclü hazırlığa, maddi-texniki bazaya malik olan ordu əsas şərtdir. Bu gün şəxsi heyətimiz elə bir səviyyədə döyüş hazırlığına malikdir ki, artıq düşmən qorxu içindədir. Bu gün düşmənin qarşısında 90-cı illərdəki ayrı-ayrı qruplarda cəmləşmiş ordu deyil, dünyanın ən güclü orduları sırasında özünə yer tutan nizami ordumuz dayanıb". 
- Əgər bu gün biz müqəddəs mundiri geyinib, əldə silah torpaqlarımızın müdafiəsində dayanmışıqsa, bu bizim üçün böyük şərəfdir, - deyə zabit söhbətinə davam etdi. Tabeçiliyimizdə olan əsgərlərə daima Mübariz İbrahimov, Fərid Əhmədov, Raquf Orucov, Cavanşir Rəhimov, Çingiz Qurbanov və digər şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunu xatırladırıq. Qəhrəmanlarımızın igidlikləri əsgərlərə Vətən sevgisinin aşılanması üçün bir məktəbdir. Gənclərimizdə düşmənə nifrət, Vətənə sevgi hissi yüksək səviyyədədir. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın iradəsini ifadə edərək dəfələrlə deyib: “Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək”. Azərbaycan əsgərləri bu fikirləri rəhbər tutaraq döyüş ruhuna  köklənib.
Zabitlə söhbətimizdən bir daha əmin olduq ki, ordumuz yüksək döyüş hazırlığına malikdir. Bu amil torpaqlarımızın Ali Baş Komandanın əmri ilə igid oğullarımız tərəfindən işğaldan azad ediləcəyinə inamımızı daha da artırır. İnanırıq ki, mərd oğullarımız Azərbaycan xalqına Qələbə sevincini yaşadacaqlar. Qarabağda, Şuşada, Laçında... tezliklə üçrəngli bayrağımızı dalğalandıracaqlar.
                                                                       
Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"