Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Avqust 2020 11:30

Şahidi olduğun hadisə yaddaşda daha dərin iz qoyur

Elə tarixi hadisələr var ki, onlara dərsliklərdə, bu və ya digər kitablarda təsadüf edilmir. Belə hadisələr ya arxivlərdə qalır, ya da yaddaşlarda. Nə yaxşı ki, yaddaşlarda yaşadılanlar xalqa qaytarıla bilir - tarix olduğu kimi öyrənilir.
Harvard Universitetinin məzunu diplomat, böyük tarixi şəxsiyyət Heydər Əliyevin şəxsi tərcüməçisi Tahir Kərimovun yaddaşında yaşadılan bir hadisə azərbaycançılıq heysiyyəti kimi oxunur. Bu hadisənin siyasi çalarlarını, mahiyyətini nəzərə alaraq onu dərc edirik.

"Azərbaycan Ordusu"


Şahidi olduğun hadisə yaddaşda daha dərin izlər qoyur.
1965-ci ilin baharının ilk ayı idi. İrəvan quberniyasının Yeni Bayazid qəzasının Çəmbərək (Krasnoselo) rayonunun camaatı Novruz bayramı əhval-ruhiyyəsi ilə yaşayırdı. Yaşlılar çaşır yığmaq üçün ağır kürklərini çıxardıb yamaclara çıxmaq zamanını, uşaqlar isə əldən düşənədək üzmək üçün Göyçə gölünün suyunun isinməsini gözləyirdilər.
Rayon Partiya Komitəsinin katibi Kazım Əliyev səhər-səhər iş otağında daxil olan məktubları diqqətlə oxuyur, dərkənar qoyur, müvafiq şöbələr üzrə tapşırıqlar verirdi. Telefon zəng çaldı. Birinci katib Əli Həsənovla birbaşa əlaqə telefonu idi.
- Buyurun, yoldaş Həsənov.
- Kazım, Ağbulaqdakı təsərrüfatlarla bağlı fikrini bilmək istəyirəm. Bir düşün, gələcəm danışaq.
Aralarında səmimi münasibətlər olsa da, belə qeyri-formal zəng bir az gözlənilməz oldu.  Həm də Ağbulaq ərazisində müzakirə oluna biləcək xüsusi mövzu da yox idi.
Əli Həsənov Kazım Əliyevin otağına gəldi. Bir neçə dəfə Ağbulaq kəndinin adını çəkdikdən sonra gözləri ilə Kazım Əliyevi dəhlizə dəvət etdi. Hər ikisi dəhlizə çıxdılar. Əli Həsənov dedi:
- Günorta qonağımız olacaq. Bu yerlərin adamı deyil. Sizdə nahar edəcəyik. Səməndər bacıya de hazır olsun. Telefonla bir söz demə. İşdən tez gedərsən. Bizim evdə qulaq var (Əli Həsənov evində danışıqların izlənməsi üçün cihaz quraşdırıldığını nəzərdə tuturdu).
Qonağın kim olmasını soruşmazlar. Bu yerlərin qaydası belə idi. Günorta Kazım Əliyevin evinə "QAZ 69" markalı maşın yaxınlaşdı. Ev sahibi və Əli Həsənov qonağı gözləyirdi. Maşından hündür boylu, idmançı cüssəli, mavi gözlü, 40 yaşlarında bir adam düşdü. Əli Həsənovla görüşdü. Onlar tanış idilər. Sonra Kazım Əliyevlə də görüşdü. Diqqətlə Kazım Əliyevə baxdı. Həyətə daxil oldular. Qonaq Əli Həsənovdan soruşdu:
- Haqqında danışdığın əməkdaşın bu adamdır?
Əli Həsənov təsdiq etdi. Otağa keçdilər. Səməndər xanım məcməidə xoruzpipiyi dəmlənmiş ətirli cayla içəri daxil oldu.
- Sizin tərəfdə kəklikotu çayı olmur? - qonaq səmimiyyətlə soruşdu, otağa çökmüş rəsmiyyəti bir sadəlik əvəzlədi.
Az keçmiş Səməndər xanım bu dəfə kəklikotu çayını süfrəyə düzdü, yanında da İrəvan kətəsi. Ətirli qoxu otağı bürüdü. Çayın qonağın ürəyincə olması sezilirdi.
Qonaq saatına baxdı:
- Yemək qalsın başqa vaxta. Çıxaq havaya, - deyib ayağa qalxdı.
Səməndər xanıma minnətdarlığını bildirdi:
- Belə yerlərin kəklikotu dəmini içməyib gedə bilməzdim.
İdmançı görkəmli adam gəldiyi "QAZ 69"da, Əli Həsənovla Kazım Əliyev "Volqa"da ermənilərin sıx məskunlaşdığı Orconikidze kəndini keçərək Şınıx dərəsi tərəfə, Azərbaycan SSR ərazisinə, Gədəbəyə, Mutu dərəyə, Köhnə Baş Keçidə üz tutdular. Bir qədər sonra maşınlar dayandı. Qonaq "Qoy əməkdaşın bizi burada gözləsin", - dedi.
Əli Həsənovla qonaq aralanıb şumluğa tərəf getdilər. Kazım Əliyev maşının yanında qaldı. Bir saat davam edən söhbətdən sonra qonaqla birinci katib geri döndülər. Qonaq hər ikisi ilə görüşüb öz maşınına tərəf irəliləməzdən əvvəl Əli Həsənova sakit, lakin qətiyyətli səslə dedi:
- Yoldaşa da vəziyyəti izah et. Heç bir şeydən də çəkinməyin. Bir addım belə ata bilməzlər. Möhkəm dayanın.  
Əli Həsənov qayğılı görünürdü, başını bulayıb Kazım Əliyevə dedi:
- Bu adam Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin rəis müavini Heydər Əliyevdir, bizi böyük bəladan qurtarmağa gəlib. Bakıdan Naxçıvana, oradan da maşınla birbaşa bizim rayona gəlib. Qonşularımız dinc durmurlar.
İki gün sonra rayonda görünməyən hadisələr yaşandı. Çəmbərəkə Moskvadan DTK-nın nümayəndələri gəldilər. Sovet rəhbərliyi milli məsələyə və millətçiliyin hər hansı bir təzahürünə çox həssas yanaşırdı. Rayonun "Ordu, Aviasiya və Donanmaya Könüllü Yardım Cəmiyyəti"nin binasındakı silah otağından yoxa çıxmış silahlar Moskvadan gələn komissiya tərəfindən Orconikidze ermənilərindən  yığıldı. Məhdud sayda adama məlum idi ki, oradan və rayon milis şöbəsinin silah saxlanılma otağından "itmiş" silahlar əvvəlcədən hazırlanmış plana əsasən ermənilərə paylanıb.
Aprelin 24-ü, qondarma "erməni soyqırımı" günündə Yerevandan gəlmiş dəstə ilə yerli millətçilər təxribatlar törədərək Gədəbəyin Şınıx dərəsinin Orconikidzeyə yaxın kəndlərində və Krasnoselonun Ardanış, Şorca və Ağbulaq kəndlərində azərbaycanlıları qırmağı planlaşdırıbmışlar.
Qondarma "erməni soyqırımının" 50 illiyi ərəfəsində Qərbdə, o cümlədən Latın Amerikasında və Yaxın Şərqdə yaşayan ermənilər Türkiyə əleyhinə genişmiqyaslı terror aksiyalarına start verməyi qərara aldılar. Ondan əvvəl isə Azərbaycanda və Ermənistanda azərbaycanlılara qarşı silsilə təxribatlar planlaşdırılırdı. Erməni lobbisinin təzyiqləri qarşısında aciz qalan Sovet rəhbərliyi prinsipsizlik nümayiş etdirərək 1965-ci ildə "soyqırımla" bağlı Yerevanda məhdud çərçivədə tədbir keçirilməsinə icazə verdi. Əslində, bu aqressiv erməni milliyyətçiliyinə SSRİ məkanında əl-qol açmağa imkan yaratmışdı.
Krasnoseloda dindirmələr, sorğu-suallar başladı. Rayonun partiya-sovet və hüquq-mühafizə orqanlarının rəhbərləri də Moskvadan göndərilmiş xüsusi komissiya tərəfindən şübhəlilər qismində təhqiqata cəlb olundular. Yerli milis şöbəsinin rəisi mayor Qaleçyan xüsusilə narahat görünürdü. Əsaslar isə ciddi idi. Əvvəllər də azərbaycanlılara qarşı nifrətini gizlətməyən Qaleçyanın dinc əhalinin əmin-amanlığını qorumaq əvəzinə, terror şəbəkəsinin əsas əlaqələndiricisi olması üzə çıxmışdı.
Rayonda müxtəlif şayiələr yayılmağa başladı. Camaat terror şəbəkəsinin Yerevana, oradan da xaricə uzanmasını müzakirə edirdi. Moskva komissiyasının rayonda işinin ikinci günü Qaleçyanın öldürüldüyü xəbəri yayıldı. Rəsmi versiya "özünəqəsd" oldu. Qaleçyanın kabinetində ağzının içinə atəş açılmışdı. Kriminal aləmdə ağzından söz qaçıran şəbəkə üzvləri belə cəzalandırılır. Bu ölüm, əslində, Moskva komissiyasının da işinə yaradı. Şəbəkənin əsas təşkilatçıları və üzvləri nə bilindilər, nə də həbs olundular.
Bu gerçək hadisə Heydər Əliyevin həyatından olan epizodik bir andır. Heydər Əliyev yüzlərlə, minlərlə soydaşımızı erməni terrorundan xilas etmişdi...
Göyçəlilər daha 23 il öz dədə-baba torpaqlarında yaşadılar. Əli Həsənov daha 4 il Birinci katib işlədi. Daha sonra İrəvanda rəhbər vəzifələrdə işləsə də, onun erməni siyasi dairələri tərəfindən təqibləri başlanmışdı, hər an şərlənərək həbs edilməsi zaman məsələsi idi. Heydər Əliyev bu vətənpərvər azərbaycanlı kadrı erməni şovinizmindən xilas edərək Azərbaycana dəvət etdi və o, Azərbaycanda məsul vəzifələrdə çalışdı. Həsənovdan sonra azərbaycanlıların böyük əksəriyyət təşkil etdiyi Krasnoseloda bir daha birinci şəxs postuna Azərbaycan türkü təyin edilmədi.
O dövrün gerçəkliyi elə idi ki, Anti-Azərbaycan Sovet rejiminin sərt qadağaları çərçivəsində Heydər Əliyevin belə fədakarlıqlarından xalqımızın xəbəri olmurdu, amma az sayda bilənlər Azərbaycan xalqının böyük oğlunun belə əməllərini daim minnətdarlıqla xatırlayırlar.
Nə yaxşı ki, həmfikrim, Göyçəli həkim Hüseyn Hüseynov kimi həmin hadisələrin canlı şahidləri həyatdadır.

 

Tahir KƏRİMOV, tərcüməçi