Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2020 10:30

Cıdır düzündə görüşəcəyimiz günə az qalıb

Ana Vətənin keşiyində dayanmaq müqəddəs vəzifədir. Bu müqəddəs vəzifənin icrası hərbi qulluqçuların, o cümlədən əsgərlərin öhdəsinə düşür. Yayın istisində əsas bölmələri düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsindəyik. Səhərdən bir az ötmüş Günəşin hərarətindən "hər yan od tutub yansa da" Azərbaycan əsgəri xidmətindədi, mövqeyindədi, Vətənin keşiyindədi.
Bura xidməti zərurətlə gələnlər həmişə əsgər sevgisiylə əhatələnir, ürəyi Vətənlə döyünənlərin fikirləri düşüncələrini nizamlayır. Birinci Qarabağ müharibəsindən üzü bu yana bu düzənlik şırım-şırım səngərlərə bölünüb. Torpağın sinəsində çəkilən bu səngərlərdə müntəzəm döyüş növbəsi aparılır.
... Əsgərlərin hər birinin üzündə təbəssüm, o təbəssümə bükülü Vətən  məhəbbəti hiss edirsən. Bəzən araya sükut çökür, onda gözlərindən keçirdikləri fərəh hissini sezmək olur. Bu səbəbdən yaddaşlara yaddan çıxmayacaq ad və soyadlar hopur....
Gizir İlham İsgəndərov söhbətcil adamdı. Kəskin cizgili sifəti, iri gözləri, sərt baxışları, çöhrəsindəki Vətən sevgisinin işartıları ilə yadda qalır. Onunla xidmətindən, xidməti dövründə əldə etdiyi nailiyyətlərdən danışırıq.
Kürdəmir rayonunda dünyaya göz açan İlham hərbi xidmətini nümunəvi əsgər kimi başa vurduqdan sonra müharibə qurtarınca xidmət etməyə qərar verir. Gizir hazırlığı kursunu bitirdikdən sonra ön xətt hərbi hissələrindən birinə göndərilir. Müddətli həqiqi hərbi xidməti dövründə komandirlərindən öyrəndiklərini, kursda mənimsədiklərini əsgərlərinə həvəslə öyrədir.  Tabeliyindəki əsgərlərin mənəvi-psixoloji vəziyyətini, hərbi intizamını ciddi nəzarətdə saxlayır.
- Xidmətə yeni başlayan əsgər ilk günlərindən hansı tələblərlə əhatələnsə, sonacan onu yadda saxlayacaq. Komandir əsgərinə lazım bildiyi və nizamnamələrdə nəzərdə tutulanları öyrədir. Nizam-intizamın gərəkliyini aşılayır, ona silahların, döyüş texnikalarının sirlərini öyrədir. Texnikaların, döyüş sursatlarının və başqa materialların qorunub saxlanmasının vacibliyini izah edir. Bu zəruri izahatlar əsgərə xidmətini düzgün qurmasını, döyüş hazırlığını artırmasını təmin edir, - dedi gizir İlham İsgəndərov.
Öyrənirik ki, gizir İlham İsgəndərov Aprel döyüşlərinin iştirakçısıdır. Döyüşlərdə  düşmənin zirehli texnikasını məhv etdiyi üçün  "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib.
- Xidmətim müddətində verilən tapşırıqları vaxtında, düzgün yerinə yetirməyə çalışıram. Səngərdə məsuliyyət birə beş artır. Bizə tapşırılmış postun vəziyyətini mükəmməl bilirəm, əsgərlərimə güvənirəm və onların döyüş hazırlığından, Vətən sevgisindən qürur duyuram, - İlham İsgəndərov bildirdi.
Gizir İlham İsgəndərovla Cıdır düzündə söhbətləşəcəyim günün uzaqda olmadığını hiss edirəm.

Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu"