Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 2020 10:30

Azərbaycan Ordusu istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir

Azərbaycanda  aparılan məqsədyönlü tədbirlər nəticəsində ölkə həyatının bütün istiqamətlərində, o cümlədən ordu quruculuğu sahəsində son illərdə mühüm nailiyyətlər əldə olunub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən layihələr regionda təhlükəsizliyin və əməkdaşlığın inkişafına mühüm töhfələr verib. Bu gün Azərbaycan Ordusunun maddi-texniki bazası, intellektual potensialı inanılmaz dərəcədə inkişaf edib. Ordunun istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadir bir qüvvə kimi formalaşması məhz bu gün orduya göstərilən diqqət və qayğının nəticəsdir.
"N" hərbi hissəsinin tank bölmələrində gördüklərimiz də onu deməyə əsas verir ki, ordunun inkişaf perspektivləri daha da genişlənib və Azərbaycan Ordusu Cənubi Qafqazda ən mobil, ən yüksək döyüş hazırlığına malik bir ordu kimi formalaşıb. Hərbi hissənin zabiti Elvin Həsənov bu məsələyə toxunaraq bildirdi ki, Azərbaycan Ordusunun bütün qoşun növlərində, o cümlədən xidmət etdiyi hərbi hissənin bütün strukturlarında maddi-texniki təchizat, sosial məsələlərin həlli, həmçinin şəxsi heyətin hərbi bilik və bacarıqları, döyüş qabiliyyətinin artırılması üçün yaradılan şərait yüksək səviyyədədir. "Keçirilən təlim və yarışlarda hərbi hissəmizin şəxsi heyətinin əldə etdiyi uğurlar hərbi qulluqçularımızın döyüş qabiliyyətinin, nizam-intizamının, mənəvi-psixoloji və fiziki hazırlıqlarının yüksək səviyyədə olduğundan xəbər verir. Şəxsi heyətimizin son illərdə keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərdə, beynəlxalq əhəmiyyətli tədbirlərdə və "Ən yaxşı tank bölüyü" yarışlarında nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti, döyüş hazırlığı prosesində həyata keçirdiyi şərti hücum əməliyyatları da təsdiq edir ki, onlar istənilən şəraitdə döyüş texnikasının, silahların tətbiq edilməsinin üsul və metodlarını mükəmməl öyrənib, şəxsi heyətin bilik və bacarığı xeyli təkmilləşib".
"Yarandığı gündən üzərinə düşən missiyanı fədakarlıqla yerinə yetirən hərbi hissəmizin şəxsi heyəti bu gün də qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir. Hərbi xidmətin yüksək səviyyədə aparılması, əsgərlərin hərbi vərdişlərə dərindən yiyələnməsi üçün hər cür şərait yaradılıb. Bu amil isə şəxsi heyətin vətənpərvərlik ruhunun, döyüş əzminin artırılmasına həmişə müsbət təsir edir", - deyə zabit qeyd etdi.
Zabit Rasim Məmmədov bildirdi ki, qazanılan uğurların əsasında Vətən sevgisi dayanır. "Azərbaycan Ordusunun bütün şəxsi heyəti torpaqlarımızı işğaldan azad etmək arzusu ilə xidmət edir. Bu gün keçirilən bütün məşğələ və dərslər vətənpərvərlik mövzusu ilə başlanır. Həmin məşğələ və dərslərdə müharibədən, işğalda olan torpaqlarımızdan, Azərbaycan əsgərinin hər cür fədakarlığa hazır olması üçün yetərincə hərbi bilik və bacarıqlara yiyələnmək zərurətindən söhbət açılır.
Bu gün hərbi hissəmizdə erməni işğalçılarına qarşı müharibədə döyüşçü kimi şərəfli yol keçmiş zabit və gizirlər əsgərlərin kamil yetişməsi üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Onlar Azərbaycan Ordusunun sıralarında xidmətdən qürur duyduqlarını, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda savaşlar başlasa, yenə düşmən üstünə şığımağa hazır olduqlarını qətiyyətlə bildirirlər".
Söhbətimizin bu yerində Aprel döyüşlərinin od-alovundan keçmiş hərbçilərlə, o cümlədən gənc əsgərlərlə söhbət etməyi, onların ordu quruculuğu, vətənpərvərlik haqqında fikirlərini, keçmiş döyüşçü dostlarının qəhrəmanlıqları ilə bağlı kövrək və qəzəb dolu xatirələrini dinləməyi özümüzə borc bilirik. Belə oğullarla söhbət edəndə düşünürsən ki, Azərbaycan əsgəri Ali Baş Komandanın əmri ilə zəfər yürüşlərinə başlasa, qəsbkar onun qarşısında duruş gətirə bilməyəcək!
Təlim-məşq meydanında həmsöhbət olduğumuz baş leytenant Ayaz Heydərli hesab edir ki, dislokasiya yerindən asılı olmayaraq, hər bir hərbi qulluqçu özünü istənilən anda düşmənlə üzbəüz səngərdə görməlidir. "Başqa sözlə, əsl və mükəmməl hərbçi Vətənin müdafiəsinə hər an hazır olan hərbçidir! Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusunun bütün şəxsi heyəti mübariz ruhludur. Vətəni uğrunda göz qırpmadan döyüşlərə atılmağa, düşməni məhv etməyə hazırdır! Torpağı, eli, obası onun üçün müqəddəsdir. Belə ruha malik olanların qarşısında isə tab gətirmək mümkünsüzdür. Əslində, bu gün tək Azərbaycan əsgəri deyil, kiçik və böyüyündən, cavan və yaşlısından, kişi və qadınından asılı olmayaraq bütün cəmiyyət ölkəmizin ərazi bütövlüyünün bərpası üçün torpağına öz qanını halal etməyə hazırdır!"
"Əslində, bizi Vətəni qorumağa vadar edən əsas amillərdən biri də xalqımızın qəhrəmanlıq ənənələri, eyni zamanda, vətəndaşların dövlətinə, Vətəninə olan sevgi və sayğısıdır", - deyə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Naib Quliyev zabitin sözünə həmfikir oldu. "Biz heç vaxt Vətənimizi erməni əlində qoymayacağıq, itirilmiş torpaqlarımızı mütləq düşmən tapdağından azad edəcək, Kəlbəcərdən, Laçından, Qubadlıdan, Zəngilandan, Cəbrayıldan, Füzulidən, Ağdamdan, Şuşadan, ümumiyyətlə, Dağlıq Qarabağdan qovulmuş soydaşlarımızı öz doğma yurdlarına qaytaracağıq! Qoy ermənilər bilsinlər ki, Qafqazda - qədim türk torpaqlarında onlara yer qalmayacaq!”
Aprel döyüşlərinin iştirakçısı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Ceyhun Rüstəmov qeyd etdi ki, onu hərbçi olmağa vadar edən əsas amil Vətən sevgisi və bir də şəhidlərimizin qisasını alanların sırasında olmaq istəyidir. "Aprel döyüşləri tək bizim deyil, xalqımızın qürur mənbəyidir. Həmin döyüşlərdə torpaqlarımızın müəyyən bir hissəsini azad etdik. O günlər ermənilər Azərbaycan Ordusunun gücünə, Azərbaycan əsgərinin döyüş əzminə və ruh yüksəkliyinə şahid oldu. Hamı mərdliklə vuruşdu. Bu döyüşlərdə ordu ilə xalqın birliyinin səviyyəsi də təsdiqləndi. İstər Aprel döyüşlərində, istərsə də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə dünya ictimaiyyəti gördü ki, xalq ordusuna inanır, ordu xalqına arxalanır. Bu gün ona görə mən Vətənin keşiyindəyəm ki, düşməndən xalqımızın qisasını alanların sırasında olum. Fəxr edirəm ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun davamçısı kimi bu missiyanı yerinə yetirəcəm. Bu oğulların hər biri torpaqları azad etmək istəyi ilə alışıb yanır. Hər biri inanır ki, tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik, Azərbaycanın üçrəngli bayrağını Cıdır düzündə dalğalandıracağıq.”
Gizir Əhliman Qəhrəmanovun Ali Baş Komandan İlham Əliyevin cəbhə bölgəsində, azad edilmiş ərazidə Aprel döyüşlərinin iştirakçıları ilə görüşərkən böyük fəxarətlə dediyi "Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi" kəlamlarını xatırlaması bizlərə könül xoşluğu yaşatdı.
Gizir Dəyanət Əliyev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Bəhruz Quliyev, Röyal Rzayev və başqaları fikirlərini Şeyx Şamilin sözləri ilə bitirdilər: “İşğala uğrayan Vətən torpaqları sülh ilə ələ keçməz, ancaq savaşla alınar!” Əgər torpaqlar sülh yolu ilə qaytarılmasa, düşmən bilsin ki, Azərbaycan Ordusu istənilən döyüşü qələbə ilə başa çatdıracaq qədər qüvvətlidir.

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu",

fotolar  Namiq PƏNAHOVUNDUR