Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2020 12:00

Sağlamlıq döyüş hazırlığının tərkib hissələrindəndir

Sağlam bədəndə sağlam ruh olar. Sağlamlıq ən böyük nemətlərdən biridir. Hər bir kəs onu qorumağı bacarmalı və öz sağlamlığının qeydinə qalmalıdır. Sağlamlığı qoruyub saxlamağa idman kömək edir. İdman həyat və sağlamlıqdır. Hər kəs kimi gərək ordumuzun əsgərləri də fiziki cəhətdən sağlam, qüvvətli və güclü olsun. Düşmənlə təmas xəttində yerləşən hərbi hissələrin birində şəxsi heyətin fiziki hazırlığının təmin edilməsi üçün yaradılan şəraitlə tanış olduq. Hərbi hissədə səliqə-sahman hökm sürürdü. Müdafiə Nazirliyi rəhbərliyinin göstərdiyi diqqət və qayğı nəticəsində müasir standartlara uyğun qurulan idman şəhərciyi hərbi qulluqçularımızın fiziki hazırlıqlarını artırmaları, onların əsl hərbçi kimi formalaşmalarına şərait yaradır. Belə gözəl şəraitdə əsgərlərin günün nizam qaydasına uyğun olaraq fiziki hazırlıq məşğələsi ilə məşğul olmasının şahidi olduq.
Şəxsi heyət günün nizam qaydasına uyğun olaraq fiziki hazırlıq məşğələsini yerinə yetirir, - deyə baş leytenant Pərvin Əhmədov bildirdi. Zabit keçirilən idman məşğələləri barədə bizə geniş məlumat verdi. "Əsgərlərimiz müxtəlif idman qurğularından yararlanaraq normativləri yüksək peşəkarlıqla yerinə yetirirlər. Normativlərə 100 və 3000 metr məsafələrə qaçış, turnik, paralel qollarda hərəkət, pres, uzanaraq dayaqda qolların bükülüb-açılması və s. daxildir.  Əsgərlərimizin fiziki hazırlıq məşğələsinə həvəsləri böyükdür. Əlbəttə, fiziki cəhətdən güclü olan əsgər döyüş meydanında çətin vəziyyətlərdən qalib çıxacaq. Müharibə zamanı əsgər fiziki cəhətdən güclü olmalıdır ki, güllə atəşi altında yaralı silah yoldaşını döyüş meydanından təxliyə edə bilsin. Digər tərəfdən isə düşmənlərimizlə üz-üzə gəldikdə onları əlbəyaxa döyüşdə məhv etsin."
Sumqayıt şəhərindən ordu sıralarına çağırılan əsgər Coşqun Hüseynzadə dedi ki, kiçik yaşlarından idmana böyük maraq göstərib. İdmanın boks növü ilə məşğul olub, hətta 2015-ci ildə keçirilən boks üzrə respublika çempionatının qalibi olub. "Mütəmadi məşq etdikdən sonra müəllimim kiçik yarışlarda özümü sınamaq üçün şərait yaratdı. Etiraf edim  ki, ilk dəfə yarışa qatıldıqda çox həyəcanlı idim. Özümü ələ almağa çalışırdım. Öz-özlüyümdə deyirdim ki, burada çətin heç nə yoxdur, mən bunu bacara bilərəm. Rinqə çıxdıqda, rəqibimlə üz-üzə gəldikdə həyəcan əvəzinə döyüşməyi və qalib gəlməyi düşünürdüm. Şükürlər olsun ki, respublika çempionu oldum". Sonda əsgər Coşqun Hüseynzadə qeyd etdi ki, əsgər kimi də qalibiyyət sevincini yaşamaq arzusundadır. "Mən arzu edirəm ki, Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmri ilə doğma Qarabağımızı düşmən işğalından azad edək və Şuşada, Laçında təşkil olunan idman yarışlarında uğurlar qazanım".
Digər müsahibim isə əsgər Nadir Gülmədov oldu. "İdmanla məşğul olmaq tək insanın sağlamlığını möhkəmləndirmir, həmçinin insanda ruh yüksəkliyi əmələ gətirir, insanın zirək, çevik və dözümlü olmasına səbəb olur. İdman insanda öz bədənini idarə etmək üçün əzmkarlıq yaradır. Sirr deyil ki, idmanla məşğul olan insanlar daha dözümlü və intizamlı olurlar. Bundan əlavə, idman insanda kollektivlik, dostluq, yoldaşlıq, bir-birinə dayaq olmaq və vətənpərvərlik hisslərini yüksəldir. İdman insanı tək fiziki deyil, eyni zamanda, ruhi cəhətdən də tərbiyələndirir. Bizim hər birimiz anlayırıq ki, hərbi qulluqçu gərək fiziki cəhətdən sağlam, çevik və güclü olsun. Ona görə də  fiziki hazırlıq saatlarında və asudə vaxtlarımızda bizim üçün yaradılan bu gözəl şəraitdən maksimum yararlanmağa çalışırıq. Gündəlik müəyyən məsafəni qaçır, turnik və digər alətlərdə normativlər yerinə yetiririk. Bütün bunların nəticəsində zəif uşaqlar da sağlam və güclü bir cavana çevrilirlər".
Əsgər Elvin Alıyev də  mülki həyatda idman yarışlarında iştirak edib və bir sıra uğurlara imza atıb. Güləşə böyük maraq göstərən Elvin az vaxt ərzində idmanın sirlərinə dərindən yiyələnib. Bu səbəbdən idmanda uğurlar qazanıb. Əsgər Elvin Alıyev tərxis olduqdan sonra da yenidən idmanla məşğul olacağını və yeni nailiyyətlər əldə edəcəyini bildirdi. "Ümumilikdə respublikamızda idmanla məşğul olmaq üçün bütün lazımi şəraitlər yaradılıb. Hər il yeni-yeni stadionlar, idman zalları və üzgüçülük hovuzları açılaraq idmansevərlərin ixtiyarına verilir. Ordumuzda da idmanla məşğul olmaq üçün bütün lazımi şərait var. Bizim üzərimizə düşən vəzifə isə fiziki hazırlıq məşğələlərində bütün gücümüzlə iştirak etmək və komandirlərimizin verdiyi tapşırıqları layiqincə yerinə yetirə bilməkdir. Fiziki hazırlıqlı olan hərbi qulluqçu qarşıya qoyulmuş çətin tapşırıqları asanlıqla yerinə yetirməyə qadirdir. Bunun üçün də hər birimiz var qüvvəmizlə çalışmalıyıq ki, yüzlərlə soydaşımızın canına susayan, minlərlə vətəndaşımızı elindən-obasından didərgin salan erməni qəsbkarlarından qisasımızı alaq. Ali Baş Komandanımızın döyüş əmri ilə onları məhv edəcəyik. Aprel döyüşləri, Günnüt zəfəri bir daha sübut etdi ki, ordumuz  güclüdür və qələbə qazanmağa hər an hazırdır!".
Digər əsgərlər də Ali Baş Komandan İlham Əliyevin döyüş əmri ilə torpaqlarımızı işğaldan azad edəcək döyüşləri səbirsizliklə gözlədiklərini bildirdilər.

Oruc MUSTAFAYEV, "Azərbaycan Ordusu"