Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2020 12:00

“Təminatımız yüksək səviyyədədir”

Son illər Azərbaycanın ordu quruculuğunda həyata keçirilən islahatlar əsgərlərin sosial həyatında da öz sözünü deyir. Hazırda ordumuzun bütün bölmələrində ən müasir səviyyədə sosial-məişət şəraiti yaradılıb. Şəxsi heyət heç nədən korluq çəkmədən Vətənin müdafiəsində inamla dayanıb.
Bu günlərdə düşmənlə təmas xəttində yerləşən hərbi hissənin müasir şəraiti bizə xoş ovqat aşıladı. Burada xidmət edən əsgərlərin gülər üzləri, əhval-ruhiyyəsi də deməyə əsas verirdi ki, hər kəs yaradılan şəraitdən məmnundur və belə mühitdə xidmət etməkdən qürur duyur.
Nahar fasiləsində fürsət tapıb əsgər yeməkxanasına daxil oluruq. Geniş və yaraşıqlı zalda əsgərlərin nahar etməsi üçün istənilən imkanlar yaradılıb. Müasir avadanlıqlarla təmin edilən işıqlı zal bir azdan nahara gələn Vətənimizin müdafiəçilərini qəbul edir. Hamı baş geyimini çıxarıb yeməkxanaya daxil olur və aşpazlara yaxınlaşır. Hər kəsə növbə ilə yeməklər çəkilir. Bu mənzərəni seyr etdikcə insanda nikbin əhval-ruhiyyə yaranır. Cəbhə xəttində belə əlverişli xidmət şəraitinin yaradılması bir daha göstərir ki, gənclərimiz, həqiqətən də, ən müasir orduda xidmət edirlər. Bunu sözləri ilə əsgərlərimiz də təsdiqlədi.
- "Doğrudan da, xidmət şəraitimiz ürəkaçandır", - deyə Azərbaycan Texniki Universitetinin məzunu, əsgər Rəşad Ağayev bildirdi. - Burada bizə dadlı, ləzzətli xörəklər hazırlanır. Milli çeşiddə, yüksək keyfiyyətli ərzaqlardan bişirilən yeməklər, mövsümə uyğun salat və şirələr ürəyimizcədir. Hansı silahdaşımdan soruşsanız, o da dediklərimi təkrarlayacaq.
- Bəs sən necə, yeməklərdən razısanmı?
- Çox razıyam, - deyə əsgər Pərviz Məmmədov söhbətimizə qoşuldu. - Hər gün isti yeməklər hazırlanır, salatlar, meyvə şirələri verilir. Həvəslə, iştahla nahar etdiyimiz kimi, ürəklə də xidmət edirik.
Əsgər Xəzər Rzayev isə dedi ki, valideynləri onunla görüşə gələndə şəraitdən onlar da məmnun qalıb, ordunun rəhbərliyinə öz razılıqlarını bildiriblər. "Bu yaxınlarda valideynlərim yanıma gəlmişdi, hərbi hissəmizlə yaxından tanış oldular və yaradılan gözəl şəraitə görə rəhbərliyə təşəkkürlərini bildirdilər. Komandirlərimiz daim bizimlə maraqlanır, üst-başımıza, paltarlarımıza, yataq dəstlərimizin təmiz və səliqəli olmasına diqqət yetirirlər. Bir sözlə, hərbi xidməti keçmək üçün hər cür şəraitimiz var. Üzərimizə tək vəzifə düşür - torpaqlarımızın keşiyində inamla dayanmaq."
Mətbəxdə aşpaz qadınlarla da görüşdük. Onlarla söhbətləşdikcə hər birində  əsgərlərimizə olan  ana sevgisini hiss edirsən.
- Əsgərlərin hər birini doğma övladımız, qardaşımız bilirik, - deyə aşpaz Emilya Əliyeva bildirdi. - Masalarda nahar edən əsgərlərə baxıram, iştahla nahar etdiklərini görəndə özüm də sevinirəm. Hər biri övladım, qardaşımdır. Daim çalışırıq ki, əsgərlərimiz üçün dadlı və keyfiyyətli yeməklər hazırlayaq, onlar sağlam, gümrah, möhkəm olsunlar, çünki torpaqlarımızı, Vətənimizi düşməndən qoruyurlar.
Aşpaz Məleykə Vəliyeva da bildirdi ki, bir neçə il öncə qadınların orduda məişət işlərində çalışdığını eşidəndə o da sevinib və hərbi xidmətə gəlmək üçün komandanlığa müracət edib. "Mən bu rayonun sakiniyəm, doğma el-obamızı xain düşməndən mətinliklə qoruyan gənclərimiz üçün yemək hazırlanmasında əməyim olduğu üçün qürur duyuram. Gördüyünüz bu əsgərlər gecə-gündüz torpaqlarımızın keşiyində dayanırlar, onların həvəslə nahar etdiyini görəndə mən də sevinirəm. Yəqin ki, nahar vaxtı əsgərlərə fikir verdiniz, görün nə qədər həvəslə nahar edirlər, çünki yeməklərimiz dadlı və keyfiyyətlidir. Dövlətimizin və ordumuzun rəhbərliyi sağ olsunlar ki, əsgərlərə belə yüksək qayğı göstərirlər.
Səbinə Orucova da dedi ki, əsgərlərə bir ana, bacı kimi qayğı göstərməyi özünə əsl vətəndaş haqqı bilir. "Müstəqil dövləti, qüdrətli Vətəni, yurdu ilə qürur duyan hər kəs öz ordusuna, əsgərinə qayğı göstərməyi özünə borc bilməlidir. Bizim qohumlardan da əvvəllər Azərbaycan Ordusunda xidmət edənlər olub, deyirlər ki, heç bir vaxt indiki şərait ordumuzda olmayıb. Amma indi vəziyyət tamam dəyişib, hərbi hissələrdə təcrübəli həmkarlarımın hazırladığı yeməklərdən hər kəs razılıq edir".
Hərbi hissənin cavabdeh zabitlərindən olan Ziya Səmədov isə qeyd etdi ki, əsgərlərlə birgə zabit, gizirlər də burada nahar edirlər və hər dəfə xörəklərin keyfiyyətindən razı qalırlar. "Sağ olsun dövlətimiz, komandanlığımız nümunəvi hərbi xidmət üçün lazım olan bütün şərait yaradılıb. Belə mühitdə əsgərlər də ürəklə, məsuliyyət hissi ilə xidmət edir və bütün tapşırıqların öhdəsindən bacarıqla gəlirlər." 
 
Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu",
fotolar C.CƏFƏROVUNDUR