Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2020 12:00

“Vətəni şərəflə qoruyuruq”

Zabit və gizirlərimizin peşəkarlığı Azərbaycan Ordusunun gələcəyini formalaşdıran əsas amillərdən biridir. Ordu sıralarına qədəm qoyan bir gəncin müqəddəs və şərəfli peşənin vərdişlərinə yiyələnməsində, müasir hərbi texnikanın sirlərinə yaxından bələd olmasında, vətənpərvər bir əsgər kimi formalaşmasında peşəkar zabit və gizirlərimizin rolu danılmazdır. Onlar Vətən sevgisinin, Vətənə bağlılığın, Vətən müqəddəsliyinin nə olduğunu Azərbaycan əsgərlərinə xidmətləri boyunca aşılayırlar. Azərbaycan əsgəri bu sevgi ilə xidmət edir, xidmətinin hər dönəmində Tanrının ona bəxş etdiyi Vətənə sahib olmanın qürurunu yaşayır.
Hərbi sahədə köklü dəyişikliklər, yeniləşmə ordu quruculuğunun uğurlarıdır. Hərbi xidməti həm də ən müqəddəs vətəndaşlıq borcu, həyat amalı bilən zabitlərimizdən biri kapitan Mustafa Əsgərlidir. 1990-cı ildə Ordubad rayonunun Bilər kəndində anadan olan zabit Heydər Əliyev adına Hərbi Liseyə daxil olmaqla arzusunu həyata keçirib və təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində başa çatdırıb.
"Azərbaycan xalqının güvənc yeri Azərbaycan Ordusu, bizlərin isə güvənc yeri Azərbaycan xalqıdır", - deyə kapitan Mustafa Əsgərli söhbətə başladı. - O inamdır zabit və əsgərlərə dəyanət verən, əminlik bəxş edən. O inamdır ordumuzu zəfərdən zəfərə aparan. Ordunun döyüş qabiliyyəti əsgərin döyüş hazırlığından asılıdır.  Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın geri qaytarılması üçün güclü hazırlığa, maddi-texniki bazaya malik olan ordunun olması əsas şərtdir. Bunun üçün hərbi təcrübəmin artmasına xüsusi əhəmiyyət verirəm. Onu da qeyd edim ki, bu gün şəxsi heyətimiz elə bir səviyyədə döyüş hazırlığına malikdir ki, artıq düşmən qorxu içindədir. Dediklərimi Aprel və Günnüt zəfərləri, eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər də sübut etdi. Əsgərlərimiz üçün vətənpərvərlik əsas silahlardan biridir. İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri bu sahədə fəaliyyəti daha da gücləndirməlidirlər.
“Əgər biz əlimizə silah almışıqsa və bu silahdan Vətənin qorunması üçün istifadə ediriksə, bu bizim  şərəf yolumuzdur”, - deyə kapitan Mustafa Əsgərli söhbətə davam etdi.
- Mübariz İbrahimov, Çingiz Qurbanov, Polad Həşimov, İlqar Mirzəyev və digər şəhidlərimizin keçdiyi şərəfli həyat yolu bugünkü hərbçilərə, xüsusən də əsgərlərə Vətən sevgisinin aşılanması üçün bir məktəbdir. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqımızın iradəsini ifadə edərək dəfələrlə deyib ki, Azərbaycan bir qarış torpağını belə düşmənə verməyəcək. Azərbaycan əsgərləri bu fikirləri rəhbər tutaraq döyüşkən əhval-ruhiyyəyə köklənib.
Zabit qeyd etdi ki, bu gün ardıcıl və sistemli şəkildə aparılan ordu quruculuğu prosesi mühüm mərhələdədir. İndi arxa cəbhədə də, düşmənlə üzbəüz təmas xəttində də yerləşən hərbi hissələrdə nizam-intizam, səliqə-sahman, yüksək döyüş ovqatı qürur və sevinc hissi daha yüksək səviyyədədir. Əsgər və zabitlərin Vətən, torpaq sevgisini duymaq, döyüş əzmini, qələbə ruhunu, yüksək mənəvi-psixoloji durumunu yaxından hiss etmək bir zabit üçün həm peşə fəaliyyətidir, həm də mənəvi borcdur.”
Mustafa Əsgərli onu da bildirdi ki, işğalçı Ermənistan ordusunu artıq Azərbaycanın Ordusu ilə müqayisə etmək ən azından sadəlövlük olardı. "Azərbaycan Ordusunu dünyanın ən inkişaf etmiş dövlətlərinin silahlı qüvvələri ilə müqayisə etmək olar. Hazırda Azərbaycan Ordusunun ən son elmi nailiyyətlərin bəhrəsi olan müasir hərbi-texniki bazası və bu texnikanı işlətməyə, ən əsası hərbi birləşmələrlə istənilən döyüşdən qalib çıxmağa qadir olan peşəkar zabit korpusu var. Azərbaycan Ordusu çoxdan arzuladığımız səviyyəyə çatıb. Xalqımız öz ordusu ilə fəxr edir, hər bir azərbaycanlı ailəsi övladını çox həvəslə ordu sıralarında xidmətə göndərir. Güclü ordu Azərbaycanın müstəqilliyinin və azərbaycançılıq məfkurəsinin zəmanətlərindən biridir. Vətən şərəflə qorunur".

Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"