Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 2020 12:00

“Əsas silahımız Vətən sevgisidir”

Ön xətdə düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində xidmət edən leytenant Şahlar Rüstəmbəyli Yevlax rayonunda doğulub. O, Naxçıvan Dövlət Universitetinin Tarix-Filologiya fakültəsinin məzunudur. Gənc zabit bildirdi ki, hələ uşaq vaxtlarından hamı onun hərbçi olmaq istəyini bilirdi. Hətta dostları onu "komandir" deyə çağırırdılar. Hərbçi peşəsinə olan sevgisi onu ordu sıralarına gətirdi. “Ehtiyat zabit hazırlığı” kursunu bitirən Şahlar “leytenant” hərbi rütbəsi aldıqdan sonra ön xətdə xidmətə başladı. Söhbətinə davam edən Şahlar dedi ki, zabit vətənpərvər, mərd, cəsur, qorxmaz, igid, yüksək mənəvi dəyərlərə malik olmalıdır. Söhbətimiz zamanı onun Vətəninə, eyni zamanda, peşəsinə sonsuz  sevgi ilə bağlı olduğunu hiss etməmək mümkün deyildi. 
- Vətəni qorumaq hər birimizin müqəddəs borcudur. Vətənini sevən hər bir kəs onun uğrunda Hərbi andda və himnimizdə deyildiyi kimi, canından keçməyə də hazır olmalıdır. Fəxr edirəm ki, mən də Vətəni qorumaq kimi müqəddəs vəzifəni yerinə yetirənlər sırasındayam.
Şahlar Vətən sevgisi, nizam-intizamı, bilik və bacarığı ilə tabeliyində xidmət edən şəxsi heyətə nümunə ola bilən  komandirlərdən biridir. Hərbi hissədə onu əsgərlərinə hərbi bilikləri həvəslə öyrədən, şəxsi heyətə vətənpərvərlik hissi, döyüş əzmi, qələbə ruhu aşılayan, məsuliyyətli və qayğıkeş komandir kimi xarakterizə etdilər. Leytenant Şahlar Rüstəmbəyli bildirdi ki, hərbçilərin əsas vəzifəsi Vətəni qorumaqdır". Hərbçi özü üçün yox, Vətəni üçün, xalqı üçün yaşayır".
Şahlar onu da qeyd etdi ki, xalqımızın keçmişinə, tarixinə sıx bağlı olan zabit xidmət sahəsində hər zaman özünü doğrultmağı bacarır: “Danmaq olmaz ki, düşmənlə təmas xəttində yerləşən bölmələrdə xidmət edən əsgərlərə milli-mənəvi dəyərlərin aşılanmasında zabitlərimizin müstəsna rolu vardır. Belə bir bacarıq isə komandir və  zabitlərdən xüsusi peşəkarlıq tələb edir. Tabeliyində xidmət edən şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini öyrənmək üçün onlarla mütəmadi fərdi söhbətləşmə aparılmalı, səmimi münasibət qurulmalıdır. Düzgün işin nəticəsidir ki, ön xətdə xidmət edən əsgərlərimiz bütün mənəvi keyfiyyətlərə malikdirlər, onların əsas silahı Vətən sevgisidir. Xalqa, millətə, dövlətə, torpağa bağlı olan gənclər Vətənimizi yüksək səviyyədə düşmən təxribatından qorumağı bacarırlar".
Şahlar Rüstəmbəylinin timsalında bir daha əmin olduq ki, Azərbaycan Ordusunun zabitləri hərb peşəsinin incəliklərinə yaxşı bələddir, Vətənə sədaqətlə, məsuliyyətlə xidmət edir, bilikli və bacarıqlıdır. 

Orxan HÜSEYNLİ,  "Azərbaycan Ordusu"