Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2020 11:40

Şəhidlərimiz düşüncələrdə, xatirələrdə yaşayır

Ön xətdə xidmət edən əsgərlərimizlə görüşəndə səmimiyyətlə söhbətləşirik, Vətəndən danışırıq, torpaqdan, qələbədən danışırıq, qürurlarını, sevinclərini görürük, o qüruru, o sevinci düşüncələrimizə köçürürük. Bu qüruru, bu sevinci güc bilirik.
Əsgərlər səngərlərdə Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaqlarından danışırlar. Əminliklə dinləyirik...
Vətən sevgisi və güvən vəhdət təşkil edir. Vətən sevgisi insan ruhunu oxşayan, ürəyin bütün tellərinə toxunan ən ülvi hissdir. Doğulduğun, göz açıb da gördüyün torpaq Vətənindi. Vətənə sevgin yaşam boyu açılan səhərlərinə təbiətin xeyir-duasıdı. Əsgərlərə xitabən deyirəm ki, Vətənin, vətəndaşların sənə güvənməsi sözlə ifadə olunmayacaq qədər gözəldir. Mən sevginin və güvəncin vəhdətini sizin duruşunuzda, baxışınızda, yerişinizdə görürəm.
Vətən əsgərlərinin qaşlarının düyünlənməsini qələbə simvolu bilirəm...
Ermənistan silahlı qüvvələrinin bölmələrinin artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutmasından, şəhid xəbərlərindən sonra ön xətdəydim. Əsgərlərimizin qətiyyəti, şücaəti, yerə-göyə sığışmayan Vətən sevgisi ürəyimizi dağa döndərmişdi. Şəhidlərimizə görə qəhərimiz ürəyimizi isladırdı. 
Görülən adekvat tədbirlər nəticəsində düşmənin dayaq məntəqələri, artilleriya qurğuları, hərbi hissələrinin ərazisində avtomobil texnikaları və canlı qüvvəsi məhv edildi.
Əsgərlərimizin baxışlarında onlarla hər söhbətdə hiss etdiyim güvəncin eynini gördüm. 
Zabit Fuad İsmayılovla söhbətimizi xatırlayıram. Vətən sevgisi və Qarabağ həsrəti hər kəs kimi onun da düşüncələrindədir. Təcrübəli zabitlə səmimi söhbətimiz zamanı dediklərini tezislər kimi qeyd etmişdim. Onun "bu yolda ölsən şəhidsən, qalsan qəhrəman", - sözlərinin mahiyyətini də döyüş əzmi, qələbə ruhu kimi dinləmişdim. Əsgərlər torpaq uğrunda şəhid olanların döyüş yolunu davam etdirəcək. Qəhrəman olmaq üçün yox, torpaqlarımızı işğaldan azad etmək üçün.
"Hərbçi şəhid olanda əbədiyyətə qovuşur. Bu, Vətən sevgisinin qüdrətidir. Şəhidlər əbədi sonsuzluqda olur", - baş gizir Elşən Məmmədalıyev belə dedi.
Elşən döyüşdə ayağından yaralanıb. Sonacan döyüşə bilmədiyinə görə təəssüflənir. Bu təəssüf də Vətən sevgisinin təsdiqi kimi səslənir...
Əsgərlərlə bugünkü söhbəti qətiyyətin, döyüş əzminin, qələbə ruhunun ifadəsi bildim. Əmin oldum ki, Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlayacaq əsgərlər sırasında bu əsgərlər də olacaq...
Əsgərlər Tovuz döyüşlərindən danışdılar. Döyüşlərdə şəhid olanlardan danışdılar. Əhalinin əsgərlərə inamından, güvəncindən danışdılar. Dedilər ki, şəhidlərin ruhunu narahatlıqdan qurtaracağıq, torpaqlarımızı işğaldan azad edəcəyik.
Əsgərlər böyük ehtiramlarla, böyük təəssüflə general-mayor Polad Həşimovu da xatırladılar. Qəhrəmanlığını qürrəylə xatırladılar, şəhidliyini qəhərlə...
Əsgərlərlə söhbətləşdiyim məqamlarda 2017-ci ilin bir qış axşamını xatırladım. Onda general-mayor Polad Həşimov polkovnik rütbəsindəydi. Əsgərlərin düşüncələrində onun Vətən sevgisini görmüşdüm. Cıdır düzünə, İsa bulağına olan niyyətini bu günün əsgərləri gerçəkləşdirəcək...
Düşüncələrdə, xatirələrdə yaşayır şəhidlərimiz. Əbədiyyən yaşayacaq.  Onları yaşatmaq naminə yazıçılar əsərlər yazacaq, şairlər şeirlər yazacaq, bəstəkarlar mahnılar bəstələyəcək, rəssamlar tablolar çəkəcək, jurnalistlər düşüncələr yazacaq...
 
Ceyhun CƏFƏRLİ, "Azərbaycan Ordusu"