Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2020 10:14

“Qələbə ruhumuz yüksəkdir”

Əsgər Fərid Nuruzadə "N" hərbi hissəsində təlim-məşq keçdikdən, silahların sirlərinə və istismar xüsusiyyətlərinə yiyələndikdən sonra ön xətdə xidmətə başlayıb.
- Əzizlərim məni hərbi xidmətə təntənə ilə yola saldılar. Atamın dediyi sözləri heç vaxt unutmaram: "Oğul, biz səni ordu sıralarına yola salırıq. Buna çox sevinirik. Çünki bundan sonra sən Vətənə əsgər, mən isə əsgər atası olacam. Getdiyin bu yol ataların, babaların yoludur. Bu yol hər birimiz üçün müqəddəs olduğu qədər də əziz və doğmadır. Bu yolu hamı mərdi-mərdanə, kişi kimi keçməlidir. Hərbi sirləri dərindən öyrən, bacarıqlı, çalışqan əsgərlərdən ol. Həmişə komandirlərinin əmrinə qulaq as, tapşırıqları məsuliyyətlə yerinə yetir. Xidmətini layiqincə başa vur!".
Doğmalarıma söz verdim ki, məsləhətlərinin hamısına əməl edəcəm. Təlim-məşqlərdə mən də hərbi bilikləri dərindən mənimsəmişəm. Atış çalışmalarında hədəfləri dəqiq vurmağı da öyrənmişəm. Normativləri vaxtında yerinə yetirmişəm. Bir sözlə, əsgər üçün nə tələb olunursa, hamısını öyrənib mənimsəmişəm. Xidmətimin sonuna qədər hərbi bilikləri daha dərindən öyrənəcəm, müxtəlif silahların atış xüsusiyyətlərini də mənimsəyəcəm. Neçə vaxtdır ön xətdə xidmət edirəm. Biz Vətəni qorumaq kimi müqəddəs vəzifənin öhdəsindən bacarıqla gəlirik. Onu göz-bəbəyimiz kimi qoruyuruq. Ermənilər atəşkəs rejimini pozmağa cəhd edəndə dəqiq atəş zərbələri ilə onları geri oturduruq. Döyüş hazırlığımızı daim artırırıq. Yaxşı bilirik ki, qələbələr təlim-məşqlərdən, döyüş hazırlığının yüksək olmasından da asılıdır. Buna görə də daim məşq edir, döyüş hazırlığımızı artırırıq.
Əminlik hissi ilə deyə bilərik ki, əsgər Fərid Nuruzadə və onun əsgər yoldaşları təlim-məşqlərdə hazırlıqlarını daha da artıracaqlar. Özünün dediyi kimi, döyüş hazırlığı artdıqca qələbə  ruhu da yüksəlir. Azərbaycan əsgəri verdiyi sözə, içdiyi anda həmişə sadiqdir. “Bu gün bizim üzərimizə böyük və şərəfli vəzifələr düşür. Ən böyük vəzifəmiz isə torpaqlarımızı işğaldan azad etməkdir. Mövqeyimizdə daim ayıq-sayıq dayanırıq. Silahımız döyüşə hazır vəziyyətdədir, barmağımız tətikdədir. Yurdumuzu işğal etmiş erməni qəsbkarlarını məhv etməyə hər an hazır və qadirik. Qələbə ruhumuz yüksəkdir və mən doğmalarımın yanına qalib əsgər kimi qayıtmaq arzusundayam. İnanıram ki, yaxın zamanlarda arzuma çatacağam.”
Sağollaşanda əsgər Fərid Nuruzadə dedi ki, xidmətə gələndə verdiyi sözə, içdiyi Hərbi anda həmişə sadiq qalacaq: “Mən Azərbaycan əsgəriyəm”.
Biz Fərid kimi əsgərlərimizlə fəxr edirik, onlara güvənirik, inanırıq! İnanırıq ki, döyüş hazırlığını, vərdiş və bacarığını artıran belə əsgərlər  Ali Baş Komandanın döyüş əmriylə torpaqlarımızı işğaldan azad edəcəklər.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan Ordusu"