Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2020 10:14

Şəhid gizir Yaşar Babayevin dünyaya yeni göz açan övladı hospitaldan çıxarıldı

İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan Ağstafa rayon Köçəsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlunun 8 illik həsrətdən sonra  dünyaya göz açan qız övladı Narinin 21 iyul tarixində "Caspian İnternational Hospital"dan çıxarılma mərasimi keçirildi. Mərasimdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova və şəhidin ailə üzvləri iştirak etdilər. Mərasimdə çıxış edən Zümrüd Səmədova Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət başçısı, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini qeyd etdi, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirildiyini diqqətə çatdırdı.
"Bu gün müstəqil Azərbaycanda şəhid ailələrinə də xüsusi diqqət ayrılır. Bu kateqoriyadan olan insanların mənzil-məişət şəraiti yaxşılaşdırılır. Onlara mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir və müavinətlər ayrılır. Bütövlükdə Azərbaycanda şəhid ailələrinə həm maddi, həm də mənəvi diqqət göstərilir. Bütün bunlar dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ifadəsidir".
Tibb üzrə fəlsəfə doktoru, uzman doktor mama-ginekoloq Aytən Səfərova bildirdi ki, şəhidin övladının dünyaya gəlməsinə sərf olunan maliyyə vəsaitini Aytən Sonsuzluq Mərkəzinin rəhbərliyi onlara bağışlayıb. Aytən Səfərova onu da qeyd etdi ki, Mübariz, Polad, İlqar, Yaşar kimi oğulları olan Vətən, xalq, dövlət daim var olacaq. Belə vətənpərvər, mərd, cəsur oğullarla fəxr edirik. Bu gün biz onların sayəsində belə rahat yaşayırıq. Biz ömür boyu onlara borcluyuq.
Şəhid Yaşar Babayevin qaynanası Raifə Kərimqızı və yaxınları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Birinci vitse-prezidentə, Müdafiə Nazirliyinin rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.

Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"