Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2020 10:14

“Düşmənə sarsıdıcı zərbələr endirdik”

Erməni təcavüzkarlarının xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi siyasət nəticəsində tariximizin səhifələri faciələr, qanlı hadisələrlə doludur. Hər səfərində yaranmış siyasi vəziyyətdən istifadə edən mənfur qonşumuz Azərbaycan torpaqlarında "böyük Ermənistan" dövləti yaratmaq istəyib. Niyyətinə çatmaq üçün ötən əsrin sonlarında düşmən yenidən işğalçılıq siyasətinə geniş vüsət verdi və bu zaman xalqımıza qarşı etnik təmizləmə və soyqırımı törətməkdən belə çəkinmədi. Bunun bariz nümunəsi olaraq ermənilərin Xocalıda törətdikləri soyqırımı göstərmək olar. Bu soyqırımı insanlığa və bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Bu soyqırımı  müharibə şəraitində dinc əhalinin xüsusi vəhşiliklə öldürülməsidir.
Bu gün də düşmən öz niyyətlərindən əl çəkmir, yaranmış hər bir əlverişli şəraitdən öz məkrli niyyətini həyata keçirmək üçün istifadə etmək istəyir. Atəşkəs elan edilməsindən sonra düşmənlə təmas xəttindəki ən böyük qarşıdurma 2016-cı ilin aprelinə təsadüf etdi. Düşmən intensiv olaraq ön xətt mövqelərimizi və  yaşayış məntəqələrimizi artilleriya qurğuları ilə atəşə tutdu. Ancaq ordumuz əks-həmlə ilə təxribatın qarşısını aldı. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Madagiz kəndi istiqamətində bəzi mövqelər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Goranboy rayonunun Gülüstan kəndi düşməndən azad olundu. Məğlub olan düşmən 2018-ci ildə də öz çirkin niyyətlərini həyata keçirmək istədi. Bu dəfə də ordumuzun qüdrəti və peşəkarlığı nəticəsində əks-həmlə əməliyyatı ilə düşmən Günnüt kəndindən geri çəkilməyə məcbur edildi. Məqsədinə nail ola bilməyən ermənilər 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular. Döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov... kimi oğullarımız Vətənimizin azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəldilər. Ancaq düşmən Vətənimizin müdafiəsində dayanan igidlərimizin sayıqlığı nəticəsində öz niyyətinə nail ola bilmədi.
Biz də həmin döyüşlərdə iştirak edən bir qrup hərbi qulluqçu ilə yaxından tanış olmaq, dövlət sərhədində gedən döyüşləri onların dilindən eşitmək üçün düşmənlə təmas xəttində igid oğullarımızın müqəddəs məkanı olan səngərdəyik... Burada düşmən təxribatının qarşısını mətinliklə alan əsgərlərimizlə tanış oluruq. Hər birinin gözlərində Vətənə olan sonsuz məhəbbət, düşmənə olan nifrət hiss olunur. İlk olaraq söhbətə qoşulan əsgər Rəşid Qənizadə bildirir ki, düşmənin təxribatı zamanı döyüş növbətçisi idi. “Növbədə olduğum zaman düşmən qüvvələri mövqelərimizi artilleriya atəşinə tutdu. Dərhal yuxarı komandanlığa məruzə etdim. "Həyəcan" siqnalı ilə düşmənin qəfil artilleriya atəşinin qarşısını almaq üçün səfərbər olduq. Hər kəs səngərdə öz mövqeyini tutdu və döyüş başladı. Düşmənin qəfil artilleriya atəşi bizi təəccübləndirmədi. Əksinə, sevincimizin həddi-hüdudu yox idi. Hər birimiz düşməni döyüş meydanında məhv etmək, Vətənimizin azadlığı uğrunda şəhid olanların qisasını almaq eşqi ilə alışıb yanırdıq. Bu bizim üçün ölüm-qalım mübarizəsi idi. Həyatın bu sınağından da üzüağ, alnıaçıq çıxdıq. Təxribat zamanı silahdaşlarımızdan şəhid olan və yaralananlar da oldu. Üzərində gəzdiyimiz torpaq şəhid qardaşlarımızın qanı ilə suvarılıb. Onlar Vətənimiz üçün döyüşərək qəhrəmancasına həlak oldular. Bu gün düşmənlə təmas xəttində nisbi sakitlik hökm sürə bilər. Ancaq onların qanı yerdə qalmayacaq. Bundan sonrakı xidmətimi də elə quracam ki, Vətənimiz qarşısında övladlıq borcumu layiqincə yerinə yetirim".
- Fəxr edirəm ki, Azərbaycan Ordusunun əsgəriyəm, - deyə əsgər Vüsal Abbasov söhbətə başlayır. - Hərbi xidmətə gəldiyim ilk gündən komandir heyətinin diqqət və qayğısı ilə əhatə olunmuşuq. Keçirilən hər məşğələnin bizim mahir döyüşçü kimi formalaşmağımızda müstəsna rolu vardır. Məşğələlər zamanı mənimsədiklərimizi düşmən üzərində tətbiq etmək imkanı yarananda özümüzü itirmədik. Komandirimizin əmri ilə düşmən təxribatının qarşısını aldıq. Fitnəkar niyyətli ermənilər istədiklərinə nail ola bilmədilər. Ancaq düşmən məğlubiyyəti ilə barışmaq istəmirdi. Artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular. Bildiyimiz kimi, döyüş itkisiz olmur. Ancaq Vətən onun uğrunda şəhid olanlarla yüksəlir. Bu gün şəhadət şərbətini dadmaq bizə qismət olmadı. Vətənimiz üçün canını fəda edən silahdaşlarımız hər zaman qəlbimizdə yaşayacaqlar. İnanırıq ki, tezliklə Ali Baş Komandanımızın döyüş əmri ilə onların qisasını alacaq, işğal altında olan torpaqlarımızı azad edəcəyik.
Əsgər Qədir Babayev həmin günü belə xatırlayır. "2020-ci il 12 iyul tarixində günorta saatlarında düşmən təxribata əl ataraq mövqelərimizi atəşə tutdu.  Rəhbərlik tərəfindən qarşımıza qoyulan tapşırıqlar uğurla icra edildi. Əsgər yoldaşlarımızla, komandirlərimizlə bir-birimizə arxalanaraq düşməni susdurduq. Düşmənin hər hansı əks-həmləsinə imkan vermədik. Bədxah niyyətin qarşısı vaxtında alındı. Lakin terrorizmi dəstəkləyən, vandalizmə xidmət edən düşmən ordusu daha iriçaplı silahlardan, o cümlədən artilleriyadan istifadə etməyə başladı. Ordumuzun cavabı daha şiddətli və sarsıdıcı oldu. Hər tərəfdən düşməni atəşə tutmuşduq. Düşmən mövqelərini izləyərkən onların çaş-baş qaldıqları açıq-aşkar hiss olunurdu. Onların mövqeləri dəqiq zərbələrlə yerlə-yeksan edilirdi. Düşmən layiq olduğu cavabı aldı. Həmin günlərdə yaşadıqlarımızı sözlə ifadə etməkdə çətinlik çəksəm də, onu deyə bilərəm ki, komandirlərimizin rəhbərliyi altında düşmən həmləsini dəf edən əsgər yoldaşlarımda böyük ruh yüksəkliyi var idi. Təəssüf ki, bu döyüşlərdə əsgər və yüksək rütbəli hərbçilərimiz də şəhid oldular. Onların ruhları qarşısında baş əyirik. Şəhidlərimiz qanları bahasına bu Vətəni qorudular, onların bu fədakarlığı daim ürəklərdə və yaddaşlarda yaşayacaq. Onlarla hər bir azərbaycanlı fəxr edir və qürur duyur. Şəhid general-mayor Polad Həşimov bölməmizi tez-tez ziyarət edər, qayğı və problemlərimizlə maraqlanardı. Bizi Böyük Qələbəyə kökləyirdi. Fəxarət hissi keçirirəm ki, Polad Həşimov kimi qəhrəman sərkərdəmizi tanımışam. Aprel döyüşlərində iştirak edən tanışlarım şəhid generalımız haqqında mənə çox bəhs ediblər. Onun 2016-cı ilin Aprel döyüşləri vaxtı göstərdiyi şücaətdən danışıblar. Tabeliyindəki şəxsi heyətin daim yanında olan general-mayor Polad Həşimov Tovuzda vəziyyətin gərgin olduğu vaxtda da ön xətdə idi, bizlərlə idi. O, ordumuzun düşmənə layiqli cavab verməyində əsas pay sahiblərindən biri oldu. Digər şəhid olan hərbi qulluqçulara rəhmət, yaralılara şəfa diləyirəm. Sonda onu qeyd etmək istəyirəm ki, ordu sıralarında xidmət edən hərbi qulluqçu olaraq, Ali Baş Komandanımızın "İrəli" əmrinə hər zaman hazıram".
Əsgər Sabir Nəcəfovun düşmənə olan nifrəti işğal altında olan ərazilərimizə baxan gözlərindən sezilir. "Böyüyüb boya-başa çatdığımız qəhrəmanlar diyarı olan Azərbaycanımızın tarixi və əzəli ərazisi olan Dağlıq Qarabağ və digər yeddi rayonumuz artıq uzun illərdir düşmən tərəfindən işğal edilib. Düşmənin hərbi təcavüzü nəticəsində xeyli sayda insan öz ata-baba yurdundan didərgin düşüb.Tarixə nəzər salsaq düşmənin Xocalıda törətdiyi vəhşiliklər, həmçinin digər rayonlarımızı işğal edərkən əliyalın həmvətənlərimizin başına gətirilən olmazın işgəncələr hər bir həmyerlimizin qəlbində düşmənə qarşı nifrət, qəzəb hissinə əsas təkan verən amillərdəndir. Komandirlərimiz bizimlə söhbət zamanı səbir etməyin vacibliyini və düşmənə layiq olduğu cavabın veriləcəyi günün uzaq olmadığını qeyd edirlər. Onlar üzərimizə düşən vəzifələrin öhdəsindən hər zaman layiqincə gəlməyimiz üçün hərbi biliklərimizin artırılmasının zəruriliyini xüsusi vurğulayırlar. Qisas gününə hər an hazır olmağın vacibliyi komandirlərimiz tərəfindən diqqətimizə çatdırılır. O gün, iyulun 12-də təcavüzkar düşmən ordusunun dövlət sərhədimizin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alanlar sırasında mən də var idim. Qürurluyam ki, həmin gün komandirlərimizlə birlikdə düşmən həmləsini dəf edərkən hər birimiz çiyin-çiyinə vuruşduq. Komandirlərimiz bir sərkərdətək bizimlə birgə döyüşürdü, bizləri ruhlandırırdı. Bu da öz növbəsində bizim döyüş ruhumuza əvəzolunmaz təkan verirdi. Düşmənin məkrli niyyətinin qarşısını alarkən silahım sanki düşmənə nifrət hayqırırdı. Hücumun qarşısını alarkən silahdaşlarımız sırasında şəhidlik zirvəsinə yüksələn və yaralananlar oldu ki, bu ordumuzun düşmənə cavab atəşinin daha sarsıdıcı olması ilə nəticələndi. Ordumuzun vaxtında və dəqiq cavab atəşləri ilə düşmənin çoxlu sayda texnikası sıradan çıxarıldı, canlı qüvvəsi məhv edildi. Ordumuz düşmənə layiq olduğu cavabı verdi. Döyüşdə qəhrəmancasına vuruşaraq şəhid olan və yaralanan silahdaşlarımızın hər biri biz gənclər üçün qəhrəmanlıq nümunəsi, xalqımız üçün isə əsl vətənpərvərlik simvoludur. Güclü ordumuzun mərd oğulları sayəsində düşmənə vurduğumuz sarsıdıcı zərbələr düşmənin susdurulması ilə nəticələndi. Həmin gün mənim yaddaşımda daim yaşayacaq. Bu gün ordu sıralarında düşmənlə üzbəüz mövqedə xidmət edən əsgərlər kimi hər birimizin ən ümdə arzusu tarixi ərazilərimizi azad etməkdir”.
Sonuncu həmsöhbətim əsgər Samir Ələskərov Azərbaycan Ordusunun qüdrətindən danışır. “Azərbaycan Ordusu bu gün ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə,  onun müstəqilliyini qorumağa hər an qadirdir. XX əsrin əvvəllərində əsası qoyulan ordumuz sovet ittifaqı dağıldıqdan sonra daha müstəqil şəkildə inkişaf etməyə başlasa da, çoxlu keşməkeşli yollardan keçərək müasir ordu kimi formalaşmışdır. Ümummilli lider Heydər Əliyev ordumuzun güclənməsinin vacibliyini bilirdi. Məhz o hakimiyyətə gəldikdən sonra Qarabağ cəbhəsində ilk və vacib uğurumuz olan "Horadiz" əməliyyatı keçirildi. Hərbi gücün, döyüş qabiliyyətinin artırılması siyasəti bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Torpaqlarımızı layiqli şəkildə qorumaq üçün əlverişli şərait yaradılıb. Xalqın sevgisi bizi xidmətə daha da ruhlandırır. Müqəddəs vəzifəni yerinə yetirən, Vətənin keşiyində duran əsgərin döyüş ruhu hər zaman yüksək olmalıdır. Düşmənin törətdiyi təxribat zamanı xalqımız ordumuza dəstəyini çox açıq şəkildə bildirdi. Bu döyüşlər zamanı xalqımızın ordumuza, bizlərə dəstəyini anbaan hiss etdik. Aprel döyüşləri zamanı xalqın orduya dəstəyi haqqında eşitmişdim, lakin bu gün bu dəstəyin əyani şahidi oldum. Bu gün dünya bir daha şahid oldu ki, Azərbaycan xalqı əsgərin qürur mənbəyi, Azərbaycan əsgəri xalqın ümid yeridir. Hər kəs əmin olsun ki, Vətənimiz güvənli əllərdədir, ərazi bütövlüyümüz layiqincə qorunur.”
İyulun 12-də Tovuz istiqamətində düşmənin əl atdığı təxribatın qarşısı vaxtında alındı. Döyüşlər zamanı general rütbəsindən sıravi əsgər rütbəsinə qədər hər bir kəs ölkəsinə, xalqına sədaqət nümunəsi nümayiş etdirdi. Xalq öz qəhrəmanlarını unutmur, igid və mərd oğulları ilə hər zaman fəxr edir. Əbəs yerə deyilmir, Vətən sərhəddən başlayır. Sərhədin barıt qoxulu səngərlərdirsə, şəhidlərin və yaralıların olması hər zaman labüddür. Qədim dövrlərdən saysız-hesabsız qəhrəmanlar yetişdirən məmləkətimiz bugünkü varlığını məhz igid oğullarına borcludur. Tovuzdakı məlum hadisələrdə şəhidlik zirvəsinə yüksələn general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Anar Novruzov və Namiq Əhmədov, baş leytenant Rəşad Mahmudov, gizirlər Yaşar Babayev və İlqar Zeynallı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Elçin Mustafazadə, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov sözlə ifadə olunmaz şücaət göstərərək ömürlərini Vətən yolunda qurban verdilər, yüksək məqama ucaldılar, şəhidlik məqamına. Xalq onları əsl qəhrəman kimi yola saldı. Gələcək nəsillər onların qəhrəmanlığını özünə örnək bilməli, üçrəngli ay-ulduzlu bayrağımızı daim uca tutmalı, Vətənini göz bəbəyi kimi qorumalıdırlar.
Ordumuza dəstək kampaniyasına qoşulan çoxlu sayda gənclərimiz müdhiş həmrəylik nümayiş etdirdilər. Dünya bir daha şahid oldu  ki, Azərbaycan xalqının mübarizə əzmini, yenilməz iradəsini heç kim qıra bilməz. Düşmən öz açıq və gizli havadarlarına arxalana bilər, öz itkilərini ictimaiyyətdən gizli saxlaya bilər, dünyanı aldada bilər. Amma düşmən ölkənin rəhbərliyi unutmamalıdır ki, dünya bu gün reallığı çox yaxşı başa düşür. Başa düşür ki, Ermənistan ordusu Azərbaycan Ordusu ilə rəqabət apara biləcək qabiliyyətə malik deyil. İstər şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji durumu, istərsə də arsenalında olan müasir silah-sursat baxımından ordumuz düşməni müqayisəyəgəlməz dərəcədə qabaqlayır. Ölkəmizin müxtəlif kütləvi informasiya vasitələri  əsgərlərimizin yanında olaraq, onların göstərdiyi rəşadəti, reallığı xalqın və dünyanın diqqətinə çatdırmaqda birbaşa və bilavasitə rol oynadılar. Müdafiə Nazirliyinin Mətbuat Xidməti Tovuz döyüşləri zamanı operativ şəkildə ordumuzun düşmənə endirdiyi zərbələri əks etdirən videogörüntüləri paylaşdı ki, görüntülərdə hərbi texnikaların, hərbi təyinatlı obyektlərin və canlı qüvvələrin məhv edilməsi açıq-aşkar görünür.
Tovuz döyüşləri göstərdi ki, Azərbaycan əsgəri Vətəninə və millətinə sadiqdir və Azərbaycan Respublikasının mənafeyi, suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi etibarlı əllərdədir. Bu gün heç kimin şübhəsi olmasın ki, Azərbaycan əsgəri Silahlı Qüvvələrin Ali Baş Komandanının döyüş əmrini səbirsizliklə gözləyir. Tarix boyu qəhrəman oğullarımız, sərkərdələrimiz qanları ilə tarix yazıblar. Məhz Ali Baş Komandanımızın döyüş əmri ilə Azərbaycan əsgəri yeni tarix yazacaq. Hər birimiz inanırıq ki, sən şərəfli xidmətinlə valideynlərinə və doğmalarına başucalığı gətirəcək, qazandığın uğurlarla rəhbərliyin və xalqın sənə olan etimadını daha da artıracaqsan, Azərbaycan əsgəri! Duruşun vüqarlı, yerişin mətin, yürüşün uğurlu olsun, Azərbaycan əsgəri!

Ruslan HƏSƏNZADƏ, Fuad CƏFƏROV, "Azərbaycan Ordusu",
fotolar Coşqun CƏFƏROVUNDUR