Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 İyul 2020 10:14

Azərbaycan Prezidenti İlham ƏLİYEV: Ermənistanın hərbi infrastrukturunun dəqiqliklə vurulması müasir silahlar hesabına mümkün olub

İyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış edərək mənzillər və avtomobillərlə təmin olunan şəhid ailələrini və müharibə əlillərini təbrik edib. Ölkə başçısı qeyd edib ki, atılan addım dövlətin bu kateqoriyadan olan insanlara növbəti diqqətinin təzahürüdür. Prezident    İlham Əliyev bu istiqamətdə görülən işlərlə bağlı statistik rəqəmləri görüş iştirakçılarının diqqətinə çatdırıb. Dövlət başçısı qeyd edib ki,  8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və bu kateqoriyadan olan şəxslərə 7 minə yaxın avtomobil verilib. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib, eyni zamanda, 7 mindən çox məcburi köçkün ailəsinin mənzillərlə təmin edilməsi nəzərdə tutulub. "Bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb", - deyə Prezident bildirib. Dövlət başçısı qeyd edib ki, çətin pandemiya dövründə dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycanın adı bu siyahıda yoxdur. Ölkə rəhbəri onu da vurğulayıb ki, əldə edilən bu uğurlar böyük iqtisadi potensialın hesabına mümkün olub. Dövlət başçısı çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinə də toxunub.
- Bildiyiniz kimi, bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olubdur, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya silahlarından hücum təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Dərhal lazımi tədbirlər görülüb və qisas əməliyyatı keçirilib. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib. Yəqin ki, siz də o videogörüntüləri internetdə görmüsünüz, Azərbaycan Ordusu sərrast atəşlə, dəqiqliklə Ermənistanın dayaq məntəqələrini, idarəetmə məntəqələrini və digər hərbi infrastrukturunu necə məhv edir. Biz bunu nəyin hesabına edirik? Müasir silahlar hesabına. Bu silahlar Azərbaycanda istehsal olunmur. Bu silahların qiyməti çox yüksəkdir. Bizim maddi imkanlarımız olmasa, biz onu edə bilməzdik. Bu gün Azərbaycan Xalq Cəbhəsinin gözündə qalan arzusu budur ki, imkanımız olmasın, Azərbaycan yenə də torpaqlar itirsin.
Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi. İnsanların coşqusu və ehtirasları çox müsbət istiqamətdə gedirdi. Mən dərhal göstəriş verdim ki, hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün bütün tədbirləri görsün. Yəqin, internetdə görmüsünüz ki, insanlarla bərabər, polis əməkdaşları da gedirdilər. Çünki insanlar avtomobil yolu ilə gedirdilər, orada hansısa qəza baş verə bilərdi. Çox nizamlı şəkildə hara gəldilər? Şəhidlər xiyabanına, ora da gəlməli idilər. Orada öz dəstəklərini ifadə etdilər. Ancaq bəzi çirkin ünsürlər, Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, parlament binasına soxuldular, orada dağıntılar etdilər. Parlament binasının əldə edilmiş qələbə ilə nə bağlantısı var? Bir də ki, bu, qələbədir, bunu hamı etiraf edir. Ermənistan artıq bunu etiraf etməyə məcburdur. Biz bu günlərdə böyük xarici dəstək də görmüşük. Yəni, xalqın iradəsi öz yerini tapmışdır, bunu bayram etmək lazımdır. Amma girib parlamentin binasının divarlarını, kabinetlərini dağıtmaq, sökmək nəyə lazım idi?! Üçüncü mərtəbəyə qədər qalxmışdılar. Kabinetlərin qapılarını, şüşələrini sındırırdılar. Sən gəlmisən burada ali qanunvericilik orqanını dağıtmağa? Bunu kim edə bilər? Düşmən, başqa heç kim.
Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu edər? İndi istintaq gedir. Mən istintaqı qabaqlamaq istəmirəm. Heç müdaxilə etmək fikrim də yoxdur. Amma hər şey göz qabağındadır. İndi bəzi görüntülər də ictimailəşdirilib. Görün, bu adamlar hansı miskin və aciz gündədirlər. Hanı bunların "hünəri", hanı bunların "qəhrəmanlığı"? İndi qanun qarşısında cavab verəcəklər. Mən demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik. Qoy, xalq onları tanısın. Qoy, onların valideynləri utansınlar - onlar kimi böyüdüblər? Hansı manqurtları böyüdüblər? Ona görə ictimaiyyət bunu bilməlidir. Təkcə onlar yox, onların valideynləri də məsuliyyət daşıyırlar. Təbii ki, bu, mənəvi məsuliyyətdir. Amma qoy, valideynləri də utansınlar. Bu, nəyi xatırladır? Yəqin ki, siz də xatırlayırsınız, 1992-ci ili. Azərbaycan Xalq Cəbhəsinin hərbi çevrilişi parlamentin binasının zəbt edilməsi ilə başlamışdı və orada da başa çatmışdı. O kadrlar da var, yəqin ki, televiziyalar onu göstərəcəklər. O vaxt Azərbaycan hakimiyyəti bunun qabağında dura bilmədi. Çünki cəsarət, qətiyyət göstərmədi, iradə və ən önəmlisi, xalqın dəstəyi yox idi. Ona görə orada bir dəstə adam yığışan kimi, oraya basqın edən kimi hakimiyyət tamamilə dağıldı. Hərə bir tərəfə çəkildi, gizləndi, biri evində, biri harada. Hakimiyyətsizlik hökm sürürdü. Eyni ssenari üzrə bunlar bu dəfə də bunu etməyə çalışırdılar. Eyni ssenari üzrə, parlamentin binasını zəbt etmək, orada öz hakimiyyətini elan etmək. İndi istintaq materialları bunu artıq göstərir. Yenə də deyirəm, qabaqlamaq istəmirəm, Azərbaycan xalqı hər şeyi biləcək. Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər. Amma mən dedim, onların fikri o illərə getməsin. İndi Azərbaycan o Azərbaycan deyil.
Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Mən bu günlərdə hər gün bəlkə də minlərlə məktub alıram. O məktublarda vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəylik ifadə edirlər, mənim çıxışımdan sonra orduda xidmət etmək istəyirlər. Mən demişdim, orada şüşələri qıranlar getsinlər, yazılsınlar orduya. O gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdir. Amma mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci.
Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik.
Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq.
Mən bir məsələyə də toxunmaq istəyirəm. İstəyirəm ki, Azərbaycan xalqı bunu bilsin. İndi, əlbəttə ki, məlumat məkanı çox genişdir. Biz bu günlərdə heç vaxt olmadığı qədər, - nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, - çox güclü beynəlxalq dəstək gördük. Təbii ki, ilk dəstək, ilk qardaşlıq addımı qardaş Türkiyədən gəldi. Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə Azərbaycanı dəstəklədi, bildirdi ki, Azərbaycanın yanındadır. Bildirdi ki, Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar. Bu dəstəyə görə mən öz qardaşıma dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz daim təmasdayıq. Mənə telefonla zəng edib, dəstək ifadə edib, şəhidlərimizin həlak olması ilə əlaqədar başsağlığı verib. Deyib ki, biz sona qədər bir yerdəyik.
Mən də hər zaman dostum, qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana böyük hörmət göstərmişəm. Türkiyə xalqına mənim məhəbbətim heç kəs üçün sirr deyil. Dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkələr yoxdur. Bu, həm tarixə, bizim ortaq, etnik köklərə, həm də bugünkü siyasətə əsaslanır. Eyni zamanda, Türkiyənin digər yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstərmişlər.
Bir çox ölkələr fərdi qaydada rəsmi şəxslər səviyyəsində dəstək göstərmişlər. Ona görə də mən onlara minnətdaram. Beynəlxalq təşkilatlar, ilk növbədə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək göstərmişdir. Bu təşkilatda beş ölkə fəaliyyət göstərir - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Onlar bu təşkilatın üzvləridir və Azərbaycana birmənalı dəstək göstərmişlər. Mən də cavab məktublarımda bu ölkələrin dövlət başçılarına öz təşəkkürümü bildirmişəm. Bu məktublar mətbuatda dərc edilib.
İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Orada 57 ölkə birləşir. Bu, həm haqq-ədalətə verilən, həm də Azərbaycana verilən dəstəkdir. Çünki siz də bilirsiniz, mən İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər səylər göstərirəm. Azərbaycan nə qədər çalışır ki, bəzi İslam ölkələri arasında olan hansısa ixtilaflar aradan qaldırılsın, yaxud da yumşalsın ki, ilk növbədə, biz öz evimizdə qayda-qanun, həmrəylik, dostluq yaradaq. Biz gərək, ilk növbədə, müsəlman aləmində birlik yaradaq. Çünki əgər burada birlik olmasa, onda bizim taleyimiz necə olacaq? Müsəlman ölkələri bunu qiymətləndirir. Bütün ölkələr - 57 müsəlman ölkəsi bizi dəstəklədi. Baxmayaraq ki, bu ölkələrin bəzilərində erməni icmaları kifayət qədər böyük imkanlara malikdir. Baxmayaraq, bu ölkələrdə erməni rəsmi orqanları, onların səfirlikləri gecə-gündüz çalışırlar ki, bəzi müsəlman ölkələrini öz tərəfinə çəksinlər. Biz bunu görürük. Bəzən səfərlər edirlər. Bəzən dövlət başçısı səviyyəsində müsəlman ölkələrinə gedirlər. Biz hər şeyi izləyirik, baxırıq, baxmalıyıq. Bəzən, bəzi müsəlman ölkələrinin dövlət başçıları Ermənistana rəsmi səfərlər edirlər. Əlbəttə ki, bu, bizi haqlı olaraq narahat edir. Bunu açıq şəkildə deyirik, həmrəylik sözdə yox, əməldə olmalıdır.
Müsəlman məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr ola bilər? Açın baxın internetdə, görün Ağdam məscidi nə gündədir, Şuşa məscidi nə gündədir, digər şəhərlərdəki məscidlər nə gündədir, onları söküblər. Bu azmış kimi, ermənilər orada heyvan saxlayırlar, hətta bizim müqəddəs ocaqlarımızı təhqir edirlər. Kim edir bunu? Ermənistan. Bu məscidlər təkcə bizim deyil, bütün müsəlman aləminə məxsusdur. Mən sual verirəm, necə ola bilər ki, belə çirkin əməllər törədən bir ölkə ilə hansısa əlaqələr olsun, hansısa dostluq haqqında danışsınlar? Hansı dostluq ola bilər? Ona görə, mən bir daha demək istəyirəm, Ermənistan çalışır ki, onları öz tərəfinə çəksin. Ancaq, ilk növbədə, o ölkələrin xalqları buna imkan verməyəcəklər və verməməlidirlər. Əgər görsələr ki, bu ölkələrin hakimiyyəti öz dini mənsubiyyətini ancaq dildə ifadə edir, o ölkələrin vətəndaşları öz sözünü deməlidir, Azərbaycanla həmrəy olmalıdır. Necə ki, biz bütün müsəlman ölkələri ilə həmrəyik, onlardan da eyni münasibət gözləyirik. Xüsusilə belə həssas günlərdə, həssas məsələdə ki, Ermənistan bizə hücum edib, bizim mövqelərimizi zəbt etmək istəyir, bizim hərbçilərimizi, mülki vətəndaşları öldürüb, kəndlərimizi dağıdıb. Mən dünən Sərəncam imzaladım, Tovuz rayonunda zərər çəkmiş bütün binalar, - indi komissiya təşkil olunub, - inventarlaşdırılacaq və qısa müddət ərzində biz bütün evləri bərpa edəcəyik. Amma insanların həyatını bərpa etmək olarmı? 76 yaşlı ağsaqqalın həyatını bərpa etmək olarmı? Bunu kim edib? Ermənistan edib. Əfsuslar olsun ki, özünü bizə dost kimi təqdim etmək istəyən bəzi ölkələr onlara bu mərmiləri veriblər ki, Azərbaycan əsgərini, Azərbaycan vətəndaşını, uşağı, qocanı Xocalıdakı kimi öldürsünlər. O vaxt bizim gücümüz yox idi. Bizim deyəndə, əvvəlki iqtidarın, hansı ki, bu faciə vaxtı Azərbaycana rəhbərlik edirdi. Açıq danışmalıyıq, bu, belədir. Azərbaycan xalqı, Azərbaycan vətəndaşları hər şeyi bilməlidir. Ona görə İslam Əməkdaşlıq Təşkilatının bu qərarını biz çox yüksək qiymətləndiririk. Qoşulmama Hərəkatı da, - burada 120 ölkə cəmləşir, - birmənalı şəkildə Azərbaycanı dəstəklədi.
Mən sizin və Azərbaycan xalqının diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. Yəqin siz eşitmişiniz ki, biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam. Ancaq bildirməliyəm ki, KTMT-yə 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-də üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi və başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə, çətin günlərdə onlar bizə etibar edə bilərlər. Bu, bir. İkincisi, qoy Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-ni necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-yə yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq.
Beləliklə, bütün bu məsələlər bir daha onu göstərir ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm - beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur, mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar.
Mənim fikrim nədən ibarətdir, siz hamınız yaxşı bilirsiniz. Azərbaycan öz tarixi keçmişinə sadiq olan ölkədir və tarixi yaxşı bilirik. Gələcəyi necə görmək istəyirik, onu da bilirik və Azərbaycan xalqı da bilir. Ona görə, ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq. İnşallah, ondan sonra orada sizinlə bir yerdə görüşüb bu günləri də xatırlayacağıq. Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.

AZƏRTAC-ın materialları əsasında