Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyul 2020 11:00

“Əsgərlərimizin döyüş əzmi, qələbə ruhu yüksəkdir”

İsti bir yay günündə istiqamətimiz özünün gözəl, füsunkar, əsrarəngiz təbiəti ilə göz oxşayan, Azərbaycanın sevilib-seçilən, ərənlər yurdu olan rayonlarından birinədir. Dağ yamaclarının zirvəsinə qalxdıqca sanki göz oxşayan mənzərələr səni valeh edir. Yaşayış yerləri də möcüzəli və maraqlı gəlir insana. Evdən həyətə, həyətdən üzü aşağı bulağa, bulaqdan çaya, çaydan  meşənin içərisinə, meşədən isə dağa qalxırsan. Ürək, qəlb açılır, beyin təzələnir, insanın əhval-ruhiyyəsi yüksəlir. Elə bilirsən ki, dünyanın "Cənnəti"nə düşmüsən, səndən xoşbəxti yoxdur.
Bu gün həm də ona görə xoşbəxtik ki, gəldiyimiz hərbi hissənin zabitinin müşayiəti ilə əsgər oğullarımızın görüşünə tələsirik. Yolboyu təbiətin sehrindən ayrıla bilmirik.
Mayor Rəşad Əliyev sükutu pozaraq bildirir ki, bu gün Ali Baş Komandanımız tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqət və qayğının nəticəsində ordumuzun döyüş hazırlığı yüksəlib, o cümlədən təmsil olunduğu hərbi hissə də yeni silah-sursat və ən müasir döyüş texnikası ilə təmin olunub. "Şəxsi heyətimiz hər an doğma torpaqlarımızı  azad etməyə hazırdır və məhz bu məqsədlə güclü ordu yaradılıb. Bu gün əsgərlərimizin döyüş əzmi, qələbə ruhu yüksəkdir. Uzun illərdir Azərbaycan xalqı işğaldan əziyyət çəkir. Ancaq Azərbaycan öz torpaqlarının bir hissəsini müvəqqəti olaraq itirib. Bu səbəbdən ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət, hökumət və hər bir vətəndaş üçün prioritet vəzifədir".
Sürücü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Eltac Qasımov  isə qeyd edir ki, bu gün sərhəddə - ön xətdə səngərdə xalqın müdafiəsi üçün dayanan əsgər və zabitlərimizin məqsədi, vəzifəsi birdir - Azərbaycan xalqının səbirsizliklə gözlədiyi qələbəni təmin etmək. Hər bir əsgərimiz yaxşı başa düşür ki, şəhidlərimizin qanı yerdə qalmamalı, ana-bacılarımızın qisası alınmalı, ən əsası üçrəngli bayrağımız bütün Azərbaycan ərazisində dalğalanmalıdır.
Söhbətin şirin yerində səngərə çatırıq. Göy üzünün tutulması bizə yağacaq güclü yağışdan xəbər verir. Asimanda hökmranlıq edən günəşdən əsər-əlamət yoxdur. Adama elə gəlir ki, buludun qaranlığına qərq olan dağlar, təpələr yağışa həsrətdi, Böyük Qələbədən sonrakı yağışa... Sevinc göz yaşlarına qovuşaraq yolu, irizi, bəndi, bərəni yuyub aparan, bizi torpaqlarımıza uğurlayan bir yağışın təşnəsidi bu torpaq. Bu torpaqlar əsas sakinlərinə qovuşmaq həsrətindədi. Bu həsrətə son qoyacaq bir qüvvə var: Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgəri. Odur ki, uca dağlarda məskən salan Azərbaycan əsgəri ilə görüşə gəlmişik.
Tanrının yaratdığı əvəzsiz təbiət mənzərələrini - xınalı daşları, sərt qayaları, yol kənarından boylanan, ətri ilə insanı bihuş edən kəklikotu  kollarını, zirvələrdə ara-sıra gözə dəyən qar talalarını, yamacı yaşıla bürünən uca dağları seyr edir və dağ vüqarlı əsgərlərimizlə həmsöhbət oluruq.
İlkin olaraq gizir Elçin Qəhrəmanov bildirir ki, Vətən keşiyində dayanmaq onun üçün hisslərin ən alisinə çevrilib: "Fəqət bu ali hissi  anlamından da çox yaşamaq lazımdır. Bu hissi yaşamadan səngərin mahiyyətini dərk etmək olmaz. İndiki vəziyyətdə belə hal Vətənə yetərli deyil, sözün həqiqi mənasında, qəbuledilməzdir. Ona görə də bütün zabitlərimiz əsgərlərimizə bir ali məqsədə nail olmaq - torpaq və millət naminə xalqımızın Qələbəsini təmin etmək üçün birlik və həmrəylik aşılayır. Onlar yaxşı bilir ki, tarixi qələbə bizdən asılıdır".
Zabit Rəşad Əliyev Azərbaycan Ordusunun şəxsi heyətinin nail olduğu inkişaf nəticəsində möhkəm birlik əldə etdiyini əminliklə qeyd edir. Onu da bildirir ki, Aprel döyüşləri bu birliyi daha da möhkəmləndirdi: "Əmin oldum ki, tariximizə dayanan, keçmişimizə bağlı olan bir xalq kimi formalaşmışıq. İllər ötsə də, zaman keçsə də, heç kim bizim Vətən sevgimizi nə azalda, nə də bundan məhrum edə bilər. Qanımız, ruhumuz vətənpərvərliklə yoğrulub bizim. Dörd gün ərzində ürəyimizdəki ümid qığılcımları, qisas hissi, birlik duyğusu sanki silkələndi. Bir olduq. Birliyimizin fərqinə vardıq. Əsgərlərimiz böyük ruh yüksəkliyi ilə hər an önə atılmağa hazır idilər. Bir sözlə, inamımızın, ümidimizin, mübarizliyimizin ölmədiyinin şahidi olduq".
Bu söhbətdən sonra əsgər Elnur Əzizovla söhbət etməyə nail oluruq. “Xidmət etdiyim  müddətdə  hərbin sirlərinə yiyələnmişəm. Əsgər kimi üzərimə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışmışam. Qarşıda gördüyünüz dağın o tərəfində Azərbaycan torpaqları yerləşir. Torpaqlarımızın geri qaytarılması arzusundayam. Bütün arzularım həyata keçib. İnanıram ki, bu arzum da tezliklə həyata keçəcək".
Əsgər Rəşad Alməmmədov düşmənlə üzbəüz mövqedə dayandığından qürur hissi keçirdiyini bildirir: "Mübariz kimi, Çingiz kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq ən böyük arzumdur. Yaxşı bilirəm ki, müharibədə döyüş də var, şəhidlik də var. Bilirəm ki, döyüşdə hər an şəhid də ola bilərəm. Ancaq Vətənə görə döyüşürəm, torpaqlarımız üçün döyüşürəm, ölümdən qorxmadan döyüşürəm. Polad, Mübariz, Çingiz kimi oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi biz əsgərlərə nümunədir".
Hərbi xidmət həyatda mübarizə aparmaq və ədalətli olmaq hissini mənə aşıladı, - deyə əsgər Murad Əliyev söhbətə qoşulur. - Burada valideynlərimin aşıladığı böyüyə və kiçiyə hörmətlə yanaşmaq fikirləri kollektiv arasında hörmət qazanmağıma yardımçı oldu. Qarşılığında zabitlərdən, gizirlərdən, tabe olduğum digər hərbi qulluqçulardan və əsgər yoldaşlarımdan qayğı və diqqət gördüm. Bu yolun yolçusu olmaq qərarına gəlmişəm. Tərxis olduqdan sonra Vətənimə xidmətimi davam etdirmək istəyirəm.
Əsgər Muxtar Əlipaşayev atasına, anasına, dostlarına... salam göndərməklə söhbətə başlayır. "Sevgi insanın bu dünyada yaşaması üçün əsas stimuldur. Ona görə də mən valideynlərimi, bir sözlə, xalqımı sevirəm. Ancaq Vətənimə olan sevgimi heç bir hisslə müqayisə edə bilmirəm. Mən bir azərbaycanlı, xalqının, millətinin xoş güzəranını istəyən bir Vətən övladı, bu yolda canından belə keçməyə hazır olan bir Vətən əsgəri kimi demək istəyirəm ki, mənim üçün ilk öncə Vətən sevgisi gəlir.
Əsgər Kənan Həmidov əsgər yoldaşının sözünü təsdiqləyərək deyir ki, Vətən, hər nəyin bahasına olursa-olsun, müdafiə etmək məcburiyyətində olduğumuz, ana dediyimiz, şəhidlərimizin uğrunda can verib, qanlarıyla suladığı, millətimizin üzərində yaşadığı torpaqdır. Vətəni müdafiə etmək, onun uğrunda qan tökmək, canımızı fəda etmək vətəndaşlıq və əsgəri borcumuzdur.
"Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan  yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq", - deyə əsgər Elsevər Cəfərli bildirir.
Səngərdə düşmənlə üz-üzə dayanmaq şərəfinə nail olan, nümunəvi xidməti ilə seçilən digər əsgərlər də bildirirlər ki, erməniləri bizim qədim yurdumuzdan qovub çıxartmaq  üçün əlimizdə silah Vətən torpaqlarının müdafiəsində ayıq-sayıq dayanmışıq və Ali Baş Komandanımızın əmrini səbirsizliklə gözləyirik.
Söylənilən bu fikirlərin arxasında Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzmi, Qələbə ruhu dayanır. Qələbə ruhlu igid oğullarımız demək istəyir ki, gec və ya tez mütləq işğal olunan torpaqlarımızı azad edəcəyik, şəhidlərimizin qanını yerdə qoymayacağıq və düşmənin layiqli cəzasını verəcəyik.
Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"

 

* * *

Mən də, ictimaiyyət də əmindir ki, biz Qarabağa qayıdacağıq!.. Ön xətdəyik. Dayandığımız mövqedən döyüşlər gedən əraziyə qədər xeyli məsafə var. Ancaq ruhumuz o döyüşlərin iştirakçılarının sırasındadı. Biz də orada olmaq istərdik...
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədini pozdu, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi ələ keçirmək üçün hücuma keçdi. Şəxsi heyətin ayıq-sayıqlığı, görülən adekvat tədbirlər nəticəsində düşmənin hücumunun qarşısı alındı. Düşmən itki verərək geri çəkildi.
Düşmən geri çəkilsə də, döyüşlər səhəri gün də davam etdi.
Artilleriya və minaatan qurğularının tətbiqi ilə gedən döyüşlərdə bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqələri, artilleriya qurğuları, hərbi hissəsinin ərazisində avtomobil texnikaları və yüzlərlə canlı qüvvəsi məhv edildi.
Zabit Ramid Hacıyevlə söhbət edirik. Bu döyüşlərdən danışırıq. Ruhən döyüşənlərin yanındayıq; hərbçi kimi əmrləri yerinə yetiririk, zabitlər də, əsgərlər də, biz də...
Təcrübəli zabit bölmələrin döyüşə hazırlığını yüksək qiymətləndirir, "Azərbaycan əsgəri Qarabağı azad etmək əzmindədir", - deyir, qəlbimiz dağa dönür. Belə qürurlu anları 2016-cı ilin aprelində də yaşamışdıq.
- Qarabağda dünyaya göz açmışam. Vətən sevgisi, Qarabağ həsrəti mənim də düşüncələrimdən üzülməyib. Qarabağda dünyaya göz açanlardan biri kimi torpaqlarımızın işğaldan azad edilməsində mən də iştirak etmək istəyirəm. Arzum torpaqlarımıza qələbə bayrağı sancanların sırasında olmaqdır. Xidmətimin başlanğıcından bu istəklə yaşayıram. İllər keçir, xidmət etdiyim bütün yerlərdə görürəm ki, mənim qəlbimi alovlandıran bu istək bütün hərbi qulluqçuların istəyidir. Mən də bilirəm ki,  insan amili çox vacibdir. Bu, öz yerində. Bu mənada hərbi qulluqçunun texnikanın istismarını, silahın istifadəsini mükəmməl bilməsi əhəmiyyətlidir. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "MSPO-2017" sərgisində dediyi "Silahlı Qüvvələrimizin müasir ordular səviyyəsində silahlanması ilə bərabər, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin də durmadan artırılması bu gün Azərbaycanda ordu rəhbərliyinin diqqət mərkəzindədir. Bu baxımdan hərbi bölmələrdə şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılmasına önəm verilir və beynəlxalq səviyyədə təcrübə mübadiləsi aparılır. Azərbaycan hərbçiləri ardıcıl olaraq NATO və digər ölkələrin hərbi əməkdaşlıq planlarına əsasən keçirilən tədbirlərdə fəal iştirak edirlər. Ən müasir silahı da idarə edən insan beynidir, amili də təsdiqləyir ki,  hərbi qulluqçular müasir silah və texnikaların istifadə qaydalarını mükəmməl mənimsəməyə borcludurlar" - fikri bunu təsdiq edir.
2016-cı ilin Aprel zəfəri, 2018-ci ilin Günnüt əməliyyatındakı uğurun qürurunu ictimaiyyət də yaşadı, hərbçilər də. Tovuz istiqamətində gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələrin vurulması, nəticə etibarilə qələbənin qazanılması Azərbaycan Ordusunun gücünün, qüdrətinin təsdiqidir.
Zabit Ramid Hacıyevlə söhbətin mahiyyətini, verdiyi məlumatların qürurunu düşüncələrimizə hopduraraq səngərləri gəzirik. Leytenant Ədalət Novruzov əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək olduğunu bildirir. Ramid Hacıyev özünə borc bilirmiş kimi söhbətə qoşularaq gənc zabit Ədalət Novruzov haqqında fikirlərini bildirir.
- Ədalət İmişli rayonunun Aranlı kəndində anadan olub. Atası Yaşar kişi oğlunun ali təhsil alması, ya həkim, ya da mühəndis olması üçün çox səy göstərib. Məktəb illərində Ədalət məsuliyyətli, çalışqan şagird olub. Oxuduğu İmişli rayon Aranlı kənd Natiq Əsədov adına 2 saylı tam orta məktəb şəhidin adını daşıyırdı. Ədalət hazırda təqaüddə olan ibtidai sinif müəllimi Fövqalə Qədirovadan Natiq Əsədov haqqında eşidib. Onun döyüşlərdə şücaəti, vətənpərvərliyi məktəbli Ədalətin də ömrünə yazılıb. Elə o yaşlardan hərbçi olmağı qərara alıb. İndi zabitdir, ön xətdə xidmət edir. Gənc, bacarıqlı komandirlərdəndir...
"Zabit Ramid Hacıyev leytenant Ədalət Novruzovu belə xarakterizə edir. Bəs leytenant əsgərləri haqqında nə deyə bilər? sualıma cavab olaraq gənc zabit qeyd edir ki, əsgərlərimi bir-birindən fərd olaraq ayırmıram. "Mən onlara inanıram, güvənirəm. Onların hər biri döyüşdə bir-birinə, eyni zamanda, mənə də arxa-dayaqdır. Gedən döyüşlər haqqında mənim də məlumatım var, onların da. O döyüşlərdə biz də iştirak etmək istərdik. Buna ehtiyac olmadı.
Xidmətimizi ayıq-sayıq aparır, döyüş əmrini gözləyirik. Əsgərlərimizin Vətən sevgisini, Qarabağ həsrətini gözlərindən oxuya bilərsiniz.
Döyüş mövqeyində Vətənin keşiyini çəkən əsgər Vahid Şahbazovla da söhbətləşirik:
- Bizdən çox da uzaqda olmayan mövqelərdəki döyüşlərdən, ölkəmizin paytaxtında və digər rayonlarımızda keçirilən həmrəylik yürüşlərindən mən də xəbərdaram. Azərbaycan əsgəri olaraq sinəsində üçrəngli Azərbaycan bayrağıyla son mənzilə yola salınan şəhidlərimizin ruhu qarşısında baş əyir və  demək istəyirəm ki, hər birinin qisası alınacaq. Torpaqlarımızın işğaldan azad edilməsi onların ruhuna gözaydınlığı olacaq. Döyüşən, düşmənin hücumunun qarşısını alan yoldaşlarımıza demək istəyirəm ki, Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi zamanı birlikdə döyüşəcəyik. Siz düşmən üzərində qələbə qazandınız, Azərbaycan Ordusunun qüdrətini təsdiqlədiniz. Döyüş əmri verilənə kimi siz də, biz də  döyüş növbətçiliyini böyük məsuliyyətlə aparacağıq.
Səngərdə döyüş ab-havası, qələbə ruhu var.
...Uzun səngərlər, bu səngərlər boyu qurulan mühəndis-istehkam qurğularının möhtəşəmliyi qayalara, daşlara mətərislənib.
Səngərdə, əsgərlərin əhatəsində qardaş Türkiyəni, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın jurnalistlərlə görüşündə dediklərini xatırlayıram. "Ermənistan işğalçıdır. Ermənistanın işğalı, bilirsiniz, illərdir davam edir. Dağlıq Qarabağ işğal altındadır. Hazırda Ermənistan davamlı şəkildə Azərbaycanın yaşayış məntəqələrinə hücum edir. Bu hücumlar nəticəsində Azərbaycan da hazırda öz üzərinə düşən işi görərək torpaqlarının müdafiəsi, xalqın müdafiəsi yönündə addımlar atıb. Bu məsələdə Azərbaycanın yanındayıq. Qardaş Azərbaycana dəstəyimizi verəcəyik. Mən cənab İlham Əliyevlə danışıqlara davam edirəm. Sonuncu dəfə dünən oradan bir heyət Türkiyəyə gəlib. Bizim bir sıra rəsmilərimizlə görüş keçiriblər. Mən də onlarla telefonla danışdım. Azərbaycanlıların Qafqaz mübarizəsində olduğu kimi bu gün də yanındayıq və yanında olacağıq".
Bu düşüncələrin cazibəsindəykən döyüş növbətçiliyini təhvil verən əsgər Nofəl Şahbazovla qarşılaşıram. Qürurludu, sevinclidi, o da Tovuzda düşmənə ağır zərbələr vurulduğundan xəbərdardı. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ali Baş Komandanın "Azərbaycan xalqını bu təxribata çəkən Ermənistan başından zərbə aldı. Bizim şanlı ordumuz, bizim əsgərlərimiz, zabitlərimiz, hərbi komandirlərimiz bu günlər ərzində gecə-gündüz yatmadan iş başındadırlar", - fikirləri onun da köksünü qabardıb.
 - Azərbaycan əsgəri olaraq Ali Baş Komandandan, Müdafiə Nazirliyinin rəhbər heyətindən daima diqqət və qayğı görürük. Sosial məişət şəraitimiz, silah və texnikamız döyüşlərdə qələbə qazanmağımıza zəmin yaradır. Əsgər Rəşad Əliyev əsgər yoldaşının fikirlərini tamamlayır:
- Bu gün Azərbaycan əsgəri tam heyətlə yerindədir. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Qarabağı qaytarmaq ifadəsi qəlbimi gizildədir, biz Qarabağa qayıdacağıq.
Əsgərlərimizin, zabitlərimizin Vətən sevgisiylə, döyüş əzmiylə, qələbə ruhuyla hiss edirik ki, Böyük Qələbə uzaqda deyil...

Ceyhun CƏFƏRLİ, Mahmud MÖHBALIYEV, "Azərbaycan Ordusu"