Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 İyul 2020 11:00

“Bu döyüşlər bizim növbəti şanlı qələbəmizdi”

Ermənistan silahlı birləşmələri Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisindən dövlət sərhədimizi hücumla pozdu. Azərbaycan hərbçiləri düşmənin qəfil hücumunun  qarşısını aldı. Düşmənin dayaq məntəqələri dağıdıldı, neçə-neçə döyüş texnikası, canlı qüvvəsi məhv edildi. Əməkdaşlarımız döyüşdə yaralanmış hərbçilərimizlə görüşüb.

Baş leytenant Saleh Talıbov:
Əsgərlərimiz şəhidlərimizin döyüş yolunu davam etdirir. Hər bir azərbaycanlının müqəddəs arzusu - Böyük Qələbə ordumuzun igid, mərd, qorxubilməz və ürəkləri Vətən sevgisilə döyünən oğullarının sayəsində reallaşacaq. Bu arzunu Aprel döyüşlərində, Günnüt zəfərində qələbə qazanmış əsgərlərimiz gerçəkləşdirəcək. Həmin döyüşlərdə düşməni ağır məğlubiyyətə uğradanlarımız göstərdi ki, münaqişə sülh yolu ilə həll olunmasa, tezliklə bu qələbələri tamamlayacaq döyüş olacaq. Xalqımıza növbəti qələbə sevincini yaşatmağın təşnəsiyik, Böyük Qələbənin ərəfəsindəyik...
İyulun 12-si günorta saatlarında Azərbaycan-Ermənistan sərhədində düşmən atəşkəs rejimini pozaraq hücuma keçdi. Həyacan siqnalı verildi. Yüksək döyüş və mənəvi-psixoloji hazırlıqlı bölmələrimiz düşmənə layiqli cavab verdi. Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edildi. Ordumuzun şəxsi heyəti əsl qəhrəmanlıq göstərdi.
Bu döyüşlər bizim növbəti şanlı qələbəmizdir. Bu döyüşlər də təsdiqlədi ki, ordumuzda aparılan ideoloji iş, mənəvi-psixoloji hazırlıq, şəxsi heyətin yüksək əhval-ruhiyyəsi və ruh yüksəkliyi ən yüksək səviyyədədir. Azərbaycan Ordusunun şəxsi heyəti istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Döyüşdə yaralandım.  Hospitalda olduğum bu günlərdə tərxis olan onlarla əsgərimdən, dostumdan, tanışımdan orduya könüllü getmək üçün zənglər almışam - dost kimi istəklərini mənimlə  bölüşürlər. Tibbi qayğı ilə yanaşı, gənclərimizin bu sevgisi də sağalmağıma təsir edir. Azərbaycan əsgəri Vətənin keşiyini çəkir, həkimlər Vətənin keşiyini çəkənlərin keşiyini. Döyüşdə yaralananları həyata qaytaran tibbi personalı heç zaman unutmayacağıq. Həkimlərimizin, tibb bacılarının yaralılara ana-bacı şəfqəti bizlərin döyüş, qələbə ruhunun zərrəsinə çevrilir. Tez bir zamanda sağalıb döyüş yoldaşlarımın yanına qayıtmaq, xalqımıza Böyük Qələbə sevincini bəxş etmək istəyirəm.
Kiçik çavuş Novruz Əliyev:
- Sərhəd, səngər... Ürəyi Vətən eşqi ilə döyünənlərin səngəri sevgisinin sərhəddidir və düşmənə keçilməz qaladır. Vətəni qoruyanların mərdliyi, qorxmazlığı, vətənpərvərliyidir bu qalanı daha da toxunulmaz edən. Əsgərlərimiz mərdliklə xidmət edir, Vətəni qoruyur. Ön xətdə xidmətimdən həmişə qürurlanmışam... 
İyulun 12-dən başlayaraq düşmən Azərbaycan-Ermənistan sərhədində artilleriya atəşi ilə atəşkəs rejimini pozdu. Ordumuzun adekvat tədbirləri nəticəsində düşmənə cavab zərbəsi endirildi və ermənilər böyük itkilər verərək geri çəkilməyə məcbur edildi. Yüksək döyüş və mənəvi-psixoloji hazırlıqlı əsgərlərimiz qətiyyətlə vuruşdular. Gedən döyüşlərdə ordumuz bir daha öz üstünlüyünü sübut etdi.
Şəhid olan oğul, Vətəninin, xalqının, millətinin müstəqilliyi naminə həlak olan əsgər əbədiyyən yaşayır. Xalqımız Vətənimizin müstəqilliyi uğrunda döyüşənlərlə, ordumuzun bütün mərd oğulları ilə qürur duyur. Qəhrəmanlıqla şəhid olanlar tarix yazır.
Döyüşdə yaralandım. İlk təcili tibbi yardımı aldıqdan sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirildim. Tibbi personaldan çox razıyam.
Yaralılar həkim və tibb bacılarının qayğısı nəticəsində sağalaraq Vətəni tam gücləri ilə qorumaq üçün öz xidmət yerlərinə qayıdırlar. Onlara dərin təşəkkürümü bildirir, nəcib, xeyirxah işlərində uğurlar, özümə isə tez bir zamanda sağalaraq Vətənin keşiyində öz yerimi tutmağı arzulayıram.

Əsgər Ceyhun Kalbalıyev:
- Hər gənc kimi mən də əsgər olmaqdan, torpaqlarımızın müdafiəsində dayanmaqdan qürur duyuram. Əsgəri xidmət hər birimizin Vətən qarşısında övladlıq borcudur. Bütün silahdaşlarım kimi mən də bir amalla xidmət edirəm - işğalda olan doğma torpaqlarımızın azad edilməsi uğrunda döyüşə hər an hazır olmaq. Bunun üçün nümunəvi xidmət aparır, döyüş vərdişlərini mənimsəməyə daim səy göstərirəm. Gənc əsgər hazırlığımı bitirib səngərə yollanacağımı biləndə çox sevindim. Çünki səngərdə xidmət etmək şərəflidir və arzum olub. Lakin onu da bilirdim ki, burada xidmət ikiqat məsuliyyət tələb edir. Çünki qarşında hiyləgər və xain düşmən dayanır. Bölməyə gəldiyim ilk gündən komandirlərim də diqqətli olmağı, ayıq-sayıq xidmət etməyi tapşırdılar. Düşmənin hücumu ərəfəsində həmişəki kimi xidmətimizi davam etdirirdik. Düşmən qəfil təxribata əl atdı. İriçaplı silahlardan və minaatanlardan mövqelərimizi atəşə tutdu. Sayıqlığımız nəticəsində onlara layiqli cavab verdik. Artıq 4-cü gün idi ki, qızğın döyüş davam edirdi. Hər kəs silahına sarılıb mərdliklə döyüşürdü. İşğalçı düşmən artilleriyadan atəş açaraq həm bölmələrimizi hədəf götürürdü, həm də dinc əhalini. Ermənilər hücuma keçib mövqelərimizə soxulmaq istəyirdilər. Lakin onlara imkan vermədik ki, bir addım da irəli gəlsinlər. Artilleriya qüvvələrimizin də atəş dəstəyi ilə düşməni yerinə oturtduq. Çox təəssüflənirəm ki, mən yaralandım və döyüş meydanını tərk etməli oldum. Döyüşü davam etdirmək istəyirdim, lakin komandirlərim yaralandığımı görüb məni tibb məntəqəsinə, ordan da hospitala göndərdilər.  Hal-hazırda səhhətim yaxşıdır.  Bir neçə gün qabağ çiyin-çiyinə döyüşdüyüm yoldaşlarım döyüşdədi, mənsə hospitalda. Gecələri də yata bilmirəm, fikrim onların yanındadır. Tez bir vaxtda xidmətimə qayıdıb döyüşə davam etmək istəyirəm.  Burada olduğum günlərdə tibb bacıları və həkimlər bizə yüksək qayğı göstərir, sağalmağımız üçün əllərindən gələni edirlər.
Bu döyüşdə mən xalqımızda olan Vətən sevgisinin, vətənpərvərliyin bir daha şahidi oldum. Başımıza düşmən mərmiləri yağırdı. Lakin heç kim qorxu bilmədən döyüşürdü. Yaralandıqda belə heç kim getmək istəmirdi. Bir neçə hərbi qulluqçu yaralı halda belə döyüşürdü, yaralandığını bildirmirdi. Həmin anları sözlərlə ifadə etmək mümkün deyil. İnsana daxilən elə bir güc, dözüm, cəsarət, iradə gəlir ki, heç nə gözünə görünmür. Yaralandıqda belə ağrı-acı hiss etmirsən. Sadəcə bir düşüncən olur, sona kimi döyüşmək, düşməni məhv etmək, ana Vətəninə uzanan xain əlləri kəsmək. Vətən sevgisinin nə olduğunu həmin an daha yaxşı dərk edirsən. Ruhuna hakim olan vətənpərvərlik hisslərindən güc alırsan. "Vətən sağ olsun!" deyib silaha sarılırsan. Dövlətinin ərazi bütövlüyü, xalqının firavanlığı üçün döyüşürsən. Silahdaşlarının döyüş ruhu, əzmkarlığı səni daha da ruhlandırır. Müşahidə zamanı görürsən ki, hamı mətinliklə döyüşür. Biri yaralandıqda, digər biri həyatını riskə atır, onu xilas edib döyüş meydanından çıxardır. Silahdaşlarımın bu qəhrəmanlıqlarını izlədikcə daha da ruhlanırdım. Öz-özümə düşünürdüm ki, bax budur birliyimiz, vətənpərvərliyimiz. Xalqımla, ordumla, silahdaşlarımla bir daha fəxr etdim. Daha güclü iradə və mətinliklə döyüşməyə davam etdim. Belə döyüş səhnələri bizim qəhrəman xalq olduğumuzu bir daha sübut edir. İnanıram ki, şəhidlərimizin qisasını alacağıq. Bu döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər qəhrəmanlarımızın ailə üzvlərinə səslənmək istəyirəm. Sizin övladlarınız ölməyib. Bizim hamımız sizə övladıq. Şəhid qardaşlarımızın qanını yerdə qoymayacağıq. Qisas almaq üçün hər birimiz Ali Baş Komandanın döyüş əmrini gözləyirik. Əmr verilsin, düşməni məhv edək, işğalda olan bütün torpaqlarımızı azad edib, Qarabağa üçrəngli bayrağımızı sancaq! 

"Azərbaycan Ordusu"