Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 İyul 2020 11:18

Hər dağın əsgərə səngərdi, Vətən!..

Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında öz layiqli yerini tutur. İstər maddi-texniki təminat, istərsə də döyüş və mənəvi-psixoloji hazırlıq, qələbə ruhu baxımından ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazır və qadirdir.
Ön xəttə bu düşüncələrin işığıyla çatırıq. Bir daha əmin oluruq ki, Vətən səngərdən başlayır. Sinəsi səngərlərə sipər olan əsgərlərimizlə görüşməyə tələsirik... Zabit Elçin Cuvarov deyir ki, Azərbaycan əsgəri istənilən an Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamağa hazırdır. "Bu gün hər cür diqqət və qayğı ilə əhatə olunan şəxsi heyət üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir. Döyüş hazırlığını təlimlərlə artırır. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri Azərbaycan Ordusunun bölmələrinin, ümumilikdə ordunun gücünün təsdiqi idi. Düşmən də, onun havadarları da anladı ki, ordumuzun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Əsgərlərimizin asudə vaxtının səmərəli təşkili də öz bəhrəsini verir. Ali Baş Komandanımızın diqqət və qayğısının nəticəsidir ki, ordumuzun güclü maddi-texniki bazası vardır."
Səngərdəyik.
İgid oğulların qərar tutduğu məkanda ilk tanışlığımız zabit Elgiz Sabirli ilə olur. Öyrənirik ki, zabitin atası Qarabağ müharibəsinin iştirakçısı olub. O, müharibənin ağrı-acıları haqqında uşaqlıqdan eşidib. Elgiz zabit olacağını qərarlaşdırıb. Hərbi təmayüllü məktəbə qəbul olan gəncin sevincinin həddi-hüdudu olmur. Kursant olduğu müddətdə Elgiz Sabirli hərbin sirlərinə dərindən yiyələnməyə çalışıb. O da hərb peşəsinin qürurunu yaşayır:
- 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdim. "Leytenant" hərbi rütbəsi ilə ön xətdə yerləşən bölmələrdən birinə təyinat aldım. Bu gün belə bir ordunun zabiti olmağımla fəxr edirəm. Ali Baş Komandanın, Müdafiə Nazirliyi rəhbərliyinin ön xəttə səfərləri, şəxsi heyətlə görüşləri hər birimizin döyüş ruhunu, mənəvi-psixoloji vəziyyətini xeyli artırır. Ölkə və ordu rəhbərini ön xətdə - səngərdə görən hərbi qulluqçu daha məsuliyyətlə xidmət edir. 2018-ci ildə Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunan paradları böyük qürurla izlədik. O paradlarda ordumuzun arsenalına daxil olan silah və texnikaları bütün dünya ictimaiyyəti gördü. Bu gün hər kəs yaxşı bilir ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə müasir silah-sursat ilə təchiz edilmiş Azərbaycan Ordusu qələbə qazanacaq.
Əsgər Rüstəm Rəhimov deyir ki, səngərdə xidmət etmək, düşmənlə üzbəüz dayanmaq, həqiqətən də, qürurvericidir. "Xidmətimin bir hissəsini başa vurmuşam. Mənə təhkim olunmuş silahın taktiki-texniki xüsusiyyətlərini dərindən öyrənmişəm. Xidmətimizi günün nizam qaydalarına uyğun qururuq. Komandirlərimiz döyüş növbətçiliyindən əvvəl bizi təlimatlandırırlar. Düşmənin fəaliyyətini diqqətlə izləyir, hər hansı bir dəyişiklik baş verərsə, komandirlərimizə məruzə edirik. Növbətçilik zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edirik. Bir əsgər kimi müqəddəs borcumuzu yerinə yetiririk. Döyüş növbətçiliyində olarkən işğalda olan torpaqlarımızı seyr etdikcə düşmənə olan nifrətimiz daha da artır. Sülh danışıqları baş tutmasa, Azərbaycan Ordusu ərazi bütövlüyünü Ali Baş Komandanın döyüş əmri ilə bərpa edəcəkdir."
Düşmənlə təmas xəttində yerləşən rayonlarımızın birindən hərbi xidmətə çağırılan əsgər Sədrəddin Pənahov deyir ki, ordu sıralarına gəlməzdən öncə dost-tanışdan hərbi xidmət haqqında çox eşitmişdim. “Mən də hərbi xidmətə çağırıldım. Gənc əsgər hazırlığı dövrü bitəndən sonra xidmətimi ön xətdə davam etdirəcəyimi biləndə çox sevindim. Səngərdə xidmət etmək şərəfli və məsuliyyətlidir. İlk günlərdə buna uyğunlaşmaq bir qədər çətin oldu. Lakin əsgər yoldaşlarımın, komandirlərimin sayəsində həmin çətinliklərin öhdəsindən bacarıqla gəldim. Hərbi xidmətə gəldiyim gündən komandirlərimiz bizlərə qayğı ilə yanaşır, problemlərimiz ilə maraqlanırlar. Onların bizə olan inamını xidmətimizlə doğrultmağa çalışırıq. Asudə vaxtlarımızda ordumuzun keçdiyi döyüş yolundan, qəhrəmanlarımızdan, şəhidlərimizdən danışırıq. Bu gün Azərbaycan əsgəri Raqufların, Mübarizlərin, Samidlərin, Çingizlərin... davamçılarıdır. Onların döyüş yolunu biz davam etdirəcəyik."
Əsgər Bahadur Əmiraslanov bildirir ki, burada yayın isti, qışın sərt keçməsinə baxmayaraq, xidmətimizi düzgün qururuq. "İsti yay günlərində istidən və günvurmadan qorunmaq üçün hər cür tədbirlər görülür. Qışda isə hər cür isti geyimlə təmin olunuruq. Yataqxanamızda istilik təchizatı yüksək səviyyədədir. Qida rasionumuz dadlı və keyfiyyətli təamlarla zəngindir. Bu cür diqqət və qayğıya görə yuxarı komandanlığa minnətdarlığımızı bildiririk. Asudə vaxtlarımızda bizə bölmə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavininin rəhbərliyi ilə Ermənistanın elan etmədən başladığı müharibənin ağrı-acısını əks etdirən sənədli filmlər göstərilir. Xalqımızın ordusuna güvəni sonsuzdur. Ordu xalqı özünə arxa, dayaq bilir.”
Zabit Elçin Cuvarov deyir ki, bütün növ təminatla əhatə olunan əsgər döyüş növbətçiliyini məsuliyyətlə, uğurla yerinə yetirir. "Düşmənlə təmas xəttində yerləşən hərbi hissəmizdə şəxsi heyətin sosial-məişət şəraiti yüksəkdir. Hərtərəfli diqqət və qayğı ilə, müasir silah və texnika ilə təmin olunan əsgər xidmətini düzgün qurur, verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirir. İnanıram ki, ordumuz Ali Baş Komandanın döyüş əmriylə dövlət sərhədlərimizi bərpa edəcək."
Əsgərlər Kamran Əliyev, Rauf Quliyev, Məhəmmədəli Verdiyev və digərləri Azərbaycan Ordusunun əsgəri olmaqları ilə qürur duyduqlarını bildirirlər. Azərbaycan əsgəri bir amalla xidmət edir - torpaqlarımızı işğaldan azad etmək.

Əsgərə səngərdi hər dağın, Vətən,
Dövlət bayrağıdı torpağın, Vətən!..

Düşmənlə təmas xəttində yerləşən bölmədə şəxsi heyətin döyüş əzmi, qələbə ruhu yüksəkdir. Bir daha əmin oluruq ki, əsgərlərimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Forumunun plenar sessiyasının iclasındakı çıxışında dediyi "Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə Qarabağ Azərbaycandır və nida işarəsi" kəlamını xidmətlərinin mahiyyəti bilirlər...
...Əsgərlərin baxışlarında oxunan misralar könlümüzü telləndirir.

Ruslan HƏSƏNZADƏ,  "Azərbaycan Ordusu"