Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyul 2020 15:15

Azərbaycan tarixi daha əhatəli öyrəniləcək

İrəvan xanlığı
İrəvan xanlığı XVIII əsrin ortalarında Nadir şah Əfşarın vəfatı və Əfşarlar dövlətinin süqutundan sonra Çuxursəəd bəylərbəyliyinin əsasında yaranmış və 1747-1828-ci illərdə mövcud olmuş tarixi Azərbaycan feodal dövlətlərindən - xanlıqlarından biri idi. İrəvan xanlığının əsası Mirmehdi xan Əfşar tərəfindən qoyulub. Xanlıq Qarabağ, Naxçıvan və Maku xanlıqları ilə, Osmanlı İmperiyası, Kartli-Kaxeti çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi İrəvan şəhəri idi.
Xanlığın mərkəzi iki hissədən: - Qala və Bayır şəhərdən ibarət idi. İkiqat hasarla əhatə olunmuş İrəvan qalası 1582-ci ildə çiy kərpicdən Zəngi çayının sol sahilindəki qayada inşa edilmişdi. Birinci divar ilə ikinci divar arasında dərin arx qazılmışdı. Müharibə vaxtı arx su ilə doldurulurdu. Bayır şəhər qaladan şimalda salınmışdı. XIX əsrin əvvəllərində İrəvan qalasında top və barıt istehsal edilirdi. Hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqlarıdır. Bu torpaqların ən qədim yerli əhalisi - aborigen sahibləri Azərbaycan türkləri idi. İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar və digər çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusilə Göyçə gölü ətrafındakı torpaqlarda yaşamış və özlərindən sonra zəngin tarixi-mədəni iz qoymuşlar.
XIX əsrin əvvəlində baş vermiş Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyəti Azərbaycan türkləri idi. Qeyd etmək lazımdır ki, erməni katolikosluğu mərkəzinin 1441-ci ildə İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər burada ermənilərə məxsus heç bir kənd və yaxud torpaq sahəsi olmayıb. Hətta erməni katolikosluğunun yerləşdiyi Üçkilsə (Valarşabad ) kəndi belə 1443-cü ildən başlayaraq ermənilər tərəfindən müxtəlif vasitələrlə hissə-hissə Azərbaycan türklərindən alınmışdı. Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın dövlət idarəçiliyi tarixində mühüm rol oynamış məşhur Qacarlar adlanan türk sülaləsindən olan xanlar idarə etmişlər. Xanlığın bütün idarəçilik sistemi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatı, burada yaşayan əhalinin məişət mədəniyyəti Azərbaycanın minillər boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tərkib hissəsi idi.
İrəvan xanlığının ərazisində, tarix boyu, Azərbaycan xalqına məxsus çoxsaylı yaşayış məskənləri - kəndlər, şəhərlər salınmış, minlərlə tarixi abidələr qalalar, məscidlər, minarələr ucaldılmış, karvansaralar, hamamlar inşa olunmuşdu. Bölgədəki bütün yer adları - toponimlər Azərbaycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri də təsdiq edir. Xanlığın ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanları və bu qəbiristanlarda Azərbaycan xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr vardı. Bütün bunlar Azərbaycan xalqının maddi mədəniyyət möhürləri idi...
XIX əsrin əvvəllərində regionu ələ keçirməyə çalışan Rusiya imperiyası Azərbaycan xanlıqlarına qarşı müharibələrə başladı.
Osmanlı dövləti və Qacarlar İranı ilə sərhəddə yerləşən İrəvan xanlığının ələ keçirilməsi Rusiya imperiyasının işğalçılıq planlarının mühüm tərkib hissəsi idi. 1804-1813-cü illərdə Azərbaycan torpaqlarının işğalı uğrunda gedən birinci Rusiya-İran müharibəsi zamanı İrəvan xanlığı iki dəfə (2 iyul-3 sentyabr 1804-cü il; 3 oktyabr-30 noyabr 1808-ci il) Rusiya qoşunlarının güclü hücumlarına məruz qaldı. Lakin İrəvan xanlığı Rusiyaya təslim olmadı və öz müstəqilliyini qoruyub saxlaya bildi. Xanlığın əhalisi müdrik və cəsur dövlət xadimləri olan Məhəmməd Hüseyn xan Qacarın (1784-1805) və Hüseynqulu xan Qacarın (1806-1827) başçılığı ilə çar qoşunlarına qəhrəmanlıqla müqavimət göstərdi. Böyük itkilər verən Rusiya imperiyasının hakim dairələri İrəvan xanlığını ələ keçirmək üçün şirnikləndirici vasitələrə əl atdı. Rusiyanın Cənubi Qafqazdakı hərbi qüvvələrinin baş komandanı general Qudoviç İrəvan sərdarının qardaşı Həsən xan Qacara qalanı könüllü təslim edəcəyi halda onu sərbəst buraxaraq, İrəvan qalası və şəhəri istisna olmaqla, bütün xanlığın hakimi təyin olunacağına Rusiya imperatoru adından vəd verdi. Həsən xan Qacar Rusiya imperatoru adından verilən bu təklifi rədd etdi.
Çar Rusiyası Azərbaycan torpaqlarının işğalında ermənilərin köməyindən, erməni xəyanətindən dövlət səviyyəsində istifadə edirdi. Məsələn, çarın həmin dövrdə verilmiş bir fərmanına bununla bağlı ayrıca bənd daxil edilmişdi: "...Hər cür nəvazişlə erməniləri öz tərəfinizə çəkməyi xüsusi olaraq sizin ixtiyarınıza buraxıram". Bütün bunlara baxmayaraq, birinci Rusiya-İran müharibəsi zamanı Rusiya imperiyası İrəvan və Naxçıvan xanlıqlarını işğal edə bilmədi. Hər iki xanlığın yerli əhalisi olan Azərbaycan vətənpərvərləri doğma yurdun azadlığı uğrunda işğalçılara və onlara kömək edən ermənilərə qarşı qəhrəmanlıq mübarizəsi apararaq  qələbə çaldılar. İrəvan xanlığını işğal etmək niyyətindən əl çəkməyən I Nikolay İrəvan və Sərdarabad qalalarını ələ keçirməyin hərbi-strateji əhəmiyyətini nəzərə alır, bunu tez-tez general Yermolova xatırladırdı. Rusiya imperatoru 1826-cı il oktyabrın 21-də Yermolova yazırdı: "Əgər İrəvanı ya silah gücünə, ya İrəvan Sərdarını pulla ələ almaq yolu ilə, ya da onunla gizli münasibətlər qurmaqla ələ keçirmək mümkündürsə, bu imkanı əldən verməyin". İkinci Rusiya-İran müharibəsi (1826-1828) zamanı İrəvan xanlığının işğalına xüsusi önəm verən çar I Nikolay (1825-1855) Yermolova göndərdiyi 1826-cı il 1 avqust tarixli fərmanında işğalçı generala xüsusi olaraq tapşırırdı: “Təcili olaraq İrəvan Sərdarı üzərinə yürüş edin. Tezliklə sizdən belə cavab gözləyirəm: "Allahın köməkliyi ilə Sərdar daha yoxdur və İrəvan vilayəti tamamilə tululub". Siz və 15 min nəfərlik rus ordusu qələbə qazanmaq üçün kifayətdir.”
Azərbaycan vətənpərvərlərinə başçılıq edən İrəvan sərdarı Hüseynqulu xan Qacar, qardaşı "Aslanlar başı" titulunu daşıyan Həsən xan və onun nəvəsi Fətəli xan Qacar 1827-ci ildə Rusiya işğalçılarına qarşı İrəvanı (27 aprel 23 iyun; 24 sentyabr 1 oktyabr) və Sərdarabad qalasını (16-17 aprel; 14-20 sentyabr) dörd dəfə qəhrəmancasına müdafiə etdi. Çar generalı Benkendorfun Sərdarabad qalasını təslim etmək tələbini rədd edən Həsən xanın nəvəsi Fətəli xan Qacar işğalçılara sərt və birmənalı cavab verdi: "Qalanı təslim etməkdənsə onun dağıntıları altında ölməyim yaxşıdır". İrəvan qalasının qəhrəman müdafiəçisi Həsən xan Qacar son anda qalanı düşmənə təslim etməkdənsə partlatmaq məqsədilə barıt qülləsinə yanan fitil qoymuşdu. Lakin poruçik Lemyakin bunu vaxtında görmüş və əli ilə yanan fitili götürmüşdü. Lakin xəyanət öz işini gördü. Ermənilər İrəvan qalasını mühasirədə saxlayan Paskeviçlə əlaqəyə girdilər və azərbaycanlıların qalanın hansı hissəsində yerləşdikləri, top atəşlərini hara istiqamətləndirmək lazım olduğu barədə işğalçılara məlumat verdilər.
İşğalçı Rusiya qoşunlarının İrəvanda törəldikləri dağıntılar və şəhərə vurduqları zərərlə bağlı V.Potto bu hadisənin canlı şahidinin dediklərini olduğu kimi qələmə alaraq yazırdı: "Qalanın cənub-şərq küncünə çatarkən divar və bürclərin dağıntısı məni heyrətə saldı. Mənə elə gəlir ki, rus mühasirə artilleriyasının dörd gündə etdiyini çərxi-fələk dörd əsrdə belə edə bilməzdi".
Rusiya müstəmləkəçiləri İrana və Türkiyəyə qalib gəldikdən sonra Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən, Cənubi Qafqazda Qacarlar İranı və Osmanlı imperiyasına qarşı gələcək işğalçılıq planlarını həyata keçirmək üçün xristian - istinadgah məntəqəsi yaratmaq məqsədilə həmin dövlətlərin ərazisində yaşayan erməniləri kütləvi surətdə Şimali Azərbaycan torpaqlarına köçürdü...
Beləliklə, 1828-ci il fevralın 26-dan iyunun 11-dək, yəni, üç ay yarım ərzində İrandan Şimali Azərbaycana - İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə 8249 erməni ailəsi, başqa sözlə, ən azı 40 min nəfər erməni köçürüldü. Bundan bir az sonra Şimali Azərbaycan torpaqlarına Osmanlı dövləti ərazisindən daha 90 min nəfərdən artıq erməni köçürülüb gətirildi.
Ermənilər Şimali Azərbaycan torpaqlarına xüsusi məqsədlə, yəni, onlara daimi vətən yaratmaq niyyəti ilə köçürülürdü. Bu çirkin siyasətin həyata keçirilməsində Rusiya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. Erməni generalları öz məqsədlərini açıq bəyan etməkdən də çəkinmirdilər... Ermənilərin kütləvi surətdə köçürülüb gətirilməsinə baxmayaraq, çar hakimiyyət orqanları İrəvan xanlığı ərazisində demoqrafik vəziyyəti birdən-birə dəyişdirə bilmədi. İrəvan xanlığının işğalını həyata keçirmiş rus generalı Paskeviç, hətta ermənilərin köçürülüb gətirilməsindən sonra belə, İrəvan bölgəsi əhalisinin dörddə üç hissəsinin Azərbaycan türkləri olduğunu etiraf edirdi... Rusiya müstəmləkəçiləri, çox çəkmədən, Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək üçün inzibati-ərazi islahatları keçirməyə başladı. 1828-ci il martın 21-də Azərbaycan xalqının Novruz bayramı günlərindən birində imperator I Nikolayın fərmanı ilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində İran və Türkiyədən köçürülməkdə olan ermənilər üçün qondarma "Erməni vilayəti" yaradıldı.
Bununla Cənubi Qafqazdakı Azərbaycan torpaqlarında, daha doğrusu, İrəvan xanlığının ərazisində erməni dövləti yaratmaq üçün ilk addım atıldı. Yeri gəlmişkən, 1828-ci ildə, özü də ermənilərin köçürülmə kampaniyası başa çatdırıldıqdan sonra "Erməni vilayəti"ndə olan 1125 kəndin 1111-də ancaq Azərbaycan türkləri yaşayırdı.
Azərbaycan xalqının qədim dövlətçilik ənənələrini və müstəqillik şüurunu məhv etmək üçün 1840-cı ildə daha bir addım atıldı: "Erməni vilayəti" ləğv edildi və onun ərazisində bir neçə qəza yaradıldı: İrəvan, Yeni Bayazid, Gümrü, Sürməli və s. 1849-cu ildə isə həmin Azərbaycan torpaqlarında yeni inzibati-ərazi vahidi - İrəvan quberniyası yaradıldı. İrəvan quberniyasının yaradılması, əslində, Qərbi Azərbaycan ərazisində ermənilər üçün dövlət yaradılması yolunda növbəti addım idi. Bundan sonra ermənilərin İran və Türkiyədən İrəvan quberniyası ərazisinə, həmçinin digər Azərbaycan torpaqlarına köçürülməsi prosesi daha da sürətləndirildi.
Hazırda keçmiş İrəvan xanlığının (indiki Ermənistan Respublikası) ərazisində yaşayan ermənilərin sələflərinin, demək olar ki, hamısı vaxtilə İrandan və Türkiyədən, son dövrlərdə isə digər xarici ölkələrdən əsasən Suriya, Yunanıstan, Livan, Bolqarıstan və Rumıniyadan köçüb gəlmə ermənilərdir. 1948-1950-ci illər deportasiyasından canını qurtarıb öz doğma yurd-yuvasını tərk etməyərək Ermənistan ərazisində qalan azərbaycanlılar isə 1988-ci ildə - Sovet İttifaqının dağılması ərəfəsində erməni silahlı birləşmələri tərəfindən kütləvi soyqırıma məruz qaldılar və tarixi torpaqlarından qovulub çıxarıldılar. Beləliklə, 1918-ci ildə Şimal Qərbi Azərbaycan torpağında keçmiş İrəvan xanlığının ərazisində özlərinə dövlət yaratmağa nail olan və burada etnik azlıq təşkil edən ermənilər bundan 70 il sonra - 1988-ci ildə Ermənistanı təketnoslu ölkəyə çevirdilər. Bununla 70 il əvvəl öz Vətənində - İrəvan xanlığı ərazisində ermənilərə dövlət yaratmaq üçün torpaq vermiş azərbaycanlılar minillərlə yaşadıqları Vətənlərindən məhrum oldular! Bunun ardınca Ermənistan silahlı qüvvələri Azərbaycanın dünya birliyi tərəfindən tanınmış sərhədlərini pozaraq ölkənin içərilərinə soxuldu.
Bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan torpağı idi. Bu torpağın aborigen əhalisi azərbaycanlılar idi.
Hazırladı: Günay TAĞIYEVA, "Azərbaycan Ordusu"