Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2020 10:23

Əsgərlər Vətən deyir, dövlətçilik deyir, Böyük Qələbə deyir...

Yaydı...
Xatırlaya bilmirik, ötən ilin bu vaxtı havalar necəydi...
İndi istidi, bürküdü...
Bu istinin-bürkünün içindən keçib ön xətdə, əsgərlərimizlə kəlmələşməyə tələsirik. Belə kəlmələşmələrə könül söhbəti deyilir və könül söhbəti könüldən keçənlərin sözlə təsvirinə dönür. Həmin məqama tələsirik...
Ötən il həmkarımız bir reportajında  yazmışdı: “Yayda isti-bürkü, qışda soyuq-sazaq Azərbaycan əsgərinin döyüş əzminə, qələbə ruhuna təsir göstərə bilmir”. Bunu biz də müşahidə etmişdik. Bu əminliyi əsgərlərin əhatəsində bir daha yaşayacağımız anlara tələsirik.
Ön xətdə çatar-çatmaz isti-bürkü bir qədər yumşalır. Bunu təbiətin Azərbaycan əsgərinə ehtiramı bilirik və bu ehtiramın zəmanətiylə ön xətdə yaşanılacaq anları düşüncələrimizə daha tez köçürməyə həvəsiyirik...
Ön xətdəyik. Xırdaca yel əsir. Yayda bu biçim külək az-az olur deyə bir anlığa ayaq saxlayıb ağacların titrəşən yarpaqlarına baxırıq. Bu incə titrəyişin könül xoşluğunu da səngərə çatdırmaq niyyətindəyik...
Zabit Cavidan Ələkbərzadə əsgərlərin döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olduğunu bildirərək qeyd edir ki, son aylarda hərbi hissədə şəraitlə bağlı əlavə olaraq müəyyən tədbirlər də həyata keçirilmişdir. Öyrənirik ki, burada da Azərbaycan Respublikası Prezidentinin əmr və göstərişləri, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbləri böyük məsuliyyətlə yerinə yetirilir. Pandemiya dünyəvi bəladır, bu bəla ilə mübarizə vətəndaş olaraq həm də hərbçilərin borcudur...
- Azərbaycan Ordusunun yaradılmasının ildönümü ərəfəsindəyik. Bu, sizin də bayramınızdı, bizim də, ictimaiyyətin də. Başqa vaxtlar öz yerində, 2016-cı ilin aprelində ictimaiyyətin orduya inamı, güvənci olduqca həssaslıqla təsdiqləndi, - deyirik. - O günlərin sevincinin davamı Böyük Qələbə olacaq.
Cavidan gözdolusu döyüş növbətçiliyinə gedən əsgərlərə baxır. Bu baxışlarda qədərsiz sevgi, ehtiram var. O sevginin, ehtiramın zəmanətiylə duyuruq ki, zabit 2018-ci ilin iyununda Azərbaycan Ordusunun yaradılmasının, sentyabrda Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlarda gördüklərimizin qürurundan danışacaq, o qürur da əsgərlərə aiddi. Belə də olur:
- 2016-cı ilin Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Ordusunun gücünün təsdiqi oldu. Bir məqalədə oxuduğum kimi, Aprel zəfəri ruhumuzun qələbəsi idi. İctimaiyyət haqlı olaraq bu qələbənin davamını gözləyir. Bilir və inanır ki, Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmrini yenə qələbəylə tamamlayacaq, yenə qələbə qazanılacaq. Bu qələbə Böyük Qələbə olacaq.
Zabit Şahlar Rüstəmbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aprel döyüşlərindən az sonra, 2017-ci ilin yanvarında  Cocuq Mərcanlı kəndinin bərpası haqqında Sərəncam imzaladığını xatırladaraq deyir:
- Cocuq Mərcanlı işğaldan 1994-cü ilin yanvarında Horadiz əməliyyatında azad edilmişdi. 2017-ci ildə yenidən quruldu. Cocuq Mərcanlılar Cocuq Mərcanlıya qayıtdı. İctimaiyyət əmindir ki, Azərbaycan Ordusu işğalda olan torpaqlarımızı azad edəcək, bütün kəndlər, qəsəbələr, şəhərlər yenidən qurulacaq. Bir dəfə tərxis olunan əsgərlərdən biri demişdi ki, Ali Baş Komandanın döyüş əmriylə başlayacaq döyüşlərdə də, qələbədən sonra qəsəbələrimizin, kəndlərimizin yenidən qurulmasında da iştirak edəcəyik. Bu əsgərlər də eyni fikirdədi.
Əsgərlərə baxırıq. Şahların fikrini onların özündən eşitmək istəyirik. Bu, inamsızlıq deyil, yaşadığımız qüruru daha duyğusallıqla yaşamaq niyyətidi.     
- Komandirinizin fikrinə siz nə deyirsiniz?, - soruşuruq.
Əsgərlərdən birinin baxışları qarşı tərəfdən üzülür. Əsgər Nürəddin Rzayev yoldaşlarına baxır və qətiyyətlə deyir ki, hərbi xidmətimiz tərxislə tamamlanacaq. - Bu, öz yerində. Ancaq biz Azərbaycanın görkəminin müharibədən əvvəlki vəziyyətinə gətiriləcəyi günə kimi vətəndaşlıq borcumuzu yerinə yetirəcəyik. Yəni, döyüşlə azad etdiyimiz kəndlərimizi öz əllərimizlə quracağıq.
Bu qədər gözəl niyyəti eşitmək nə qədər xoşdu!..
Son illərdə keçirilən müxtəlif miqyaslı, müxtəlif təyinatlı təlimlərdən danışırıq. Həmsöhbətlərimin  bu təlimlərə münasibətini də ordu quruculuğuna ehtiram bilirik, yəni, zabitlərin təlimlərin döyüş hazırlığında əhəmiyyəti haqqında dediklərini hərbi xidmətdə istinad edilən hərbi zərurət kimi dinləyirik.
- Hər təlimin öz məqsədi, yerinə yetirdiyi konkret vəzifələri olur. Təlimə cəlb olunan hərbi hissələrə, iştirak edən şəxsi heyətə konkret hərbi biliklər aşılanır ki, bu da özlüyündə az müddətdən sonra bütün ordunu əhatələyir. Yəni, təlimlər bir-mənalı şəkildə ordunu əhatə edir. Bu baxımdan hər təlim döyüş hazırlığının yüksəldilməsi deməkdir, - zabit Şahlar Rüstəmbəyli belə deyir.
- Şəxsi heyətin döyüş hazırlığının səviyyəsi həm də təlimlərlə müəyyənləşir. Bu baxımdan təlimlərə diqqət bilavasitə orduya, ordu quruculuğuna diqqət deməkdir, - Şahların dediklərinə münasibət bildiririk.
- Əlbəttə, elədir. Ordu quruculuğu dövlət üçün prioritetdir, orduya diqqət və qayğı kəsilməzdir.     
Yəni, bu səviyyədə diqqət və qayğı ordunun gücünü, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi deməkdir. Bunun nəticəsidir ki, əsgərlərin döyüş əzmi də yüksəkdir, qələbə ruhu da. Əsgərlərimiz Ali Baş Komandanın döyüş əmrinə hazırdır və bu əmri qələbəylə başa çatdırmağa qadirdir.  
Zabit Şahlar Rüstəmbəyli deyir ki, ordunun ən müasir döyüş texnikaları, avadanlıq və qurğularla təchiz edilməsi, təlimlər, keçirilən dərslər, öyrədilənlər əsgərin döyüş hazırlığını yüksəldirsə, hərbi hissələrin yenidən qurulması, əsaslı və ya cari təmiri, məişət şəraitinin yaxşılaşdırılması, Ali Baş Komandanın, Müdafiə Nazirliyi rəhbərliyinin ön xətdə, səngərdə əsgər və zabitlərə tövsiyələri, xidmətdə fərqlənənlərin mükafatlandırılması mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsini təmin edir.
Öyrənirik ki, hərbi hissədə şəxsi heyətin mənəvi-psixoloji hazırlığı milli-mənəvi dəyərlər əsasında formalaşdırılıb, zabit və gizirlər dəyişsə də, mənəvi-psixoloji hazırlıq formalaşdığı əsasda da davam etdirilir. Çağırışçı hərbi xidmətə başlayana qədər müəyyən hərbi biliklərə malik olur, bu biliklər sistemli şəkildə hərbi xidmətdə formalaşır. Nəyi qoruduğunu yaxşı bilən əsgər necə qorumağı ilkin olaraq gənc əsgər hazırlığı dövründə öyrənir, xidmətdə təkmilləşdirir, biliklərini genişləndirir.
- Bildiyimiz kimi, iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirildi. Bu mühüm beynəlxalq tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Bu tədbirin mahiyyəti haqqında əsgərlərimizə tam məlumat veriləcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nikol Paşinyanın məntiqsiz, erməni xislətli müdaxiləsinə məntiqli, gərəkli cavabı bir vətəndaş olaraq, bir zabit olaraq mənim qürurumu kükrətdi. Mənim yaşadığım qüruru digər zabitlər də yaşadı. Prezidentimizin Sammit iştirakçılarının diqqətinə çatdırdığı tarixi fakt - Parisin Orli hava limanında Karapetyan soyadlı şəxsin törətdiyi terror aktı ermənilik xislətidir, dövləti cinayətdir və bu kimi faktlar təsdiqləyir ki, Ermənistan terroru həmişə dəstəkləyib. Bunlar haqqında əsgərlərimizə də ətraflı məlumat veriləcəkdir.
Zabit Şahlar Rüstəmbəylinin dediklərini hərbi hissələrdə dövlət mahiyyətli tədbirlərin bu səviyyədə diqqətdə saxlanması, onların mahiyyətinin öyrənilməsi və şəxsi heyətə çatdırılmasını orduda mənəvi-psixoloji hazırlığın düzgün və əhatəli təşkilinin təsdiqi kimi dinləyirik. Əminik ki, zabitin indi qürurla dediklərini ictimai-siyasi dərslər, asudə vaxtlarda söhbətlər vasitəsilə əsgərlər əhatəli şəkildə mənimsəyəcəklər, bu qüruru onlar da yaşayacaqlar: "Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır"...
Əsgər Çingiz Osmanov deyir ki, komandirimizin dediyi Sammit haqqında məlumatımız var, ancaq daha əhatəli informasiya da alacağıq. Ölkə başçımızın qətiyyəti təkcə bu Sammitdə iştirak edən dövlətlərin başçılarına deyil, ümumən dünyanın aparıcı dövlətlərinə də yaxşı məlumdur. Onlar da bilir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir. Əsgər Baba Hüseynov əsgər yoldaşının fikrini belə tamamlayır:
- Azərbaycanın bəşəri dövlət olduğunu bizə dost dövlətlər də bilir, düşmənlər də. Azərbaycan bəşəri dövlət olduğu üçün ərazi bütövlüyünü də bərpa edəcək.  Sülh danışıqları baş tutmasa döyüşlə. Biz Ali Baş Komandanın döyüş əmrinə hazırıq. Biz 2016-cı ilin Aprel döyüşlərinin iştirakçılarının döyüş yolunu davam etdirəcək, qazanılan qələbəni tam qələbəylə...
- Böyük Qələbəylə, - gizir İlham İsgəndərov əsgər Baba Hüseynovun fikrinə münasibət bildirir.
- ...tamamlayacaq, torpaqlarımız işğaldan azad ediləcək...
Kiçik çavuş Ramil Namazov deyir ki, bu qələbə həm də şəhidlərimizin ruhuna gözaydınlığı olacaq...
Bu, Azərbaycan əsgərinin inamıdı. Azərbaycan əsgərinin inamı Azərbaycanımızın inamıdı. Məmləkətimiz bu inamın qələbə sevincini 2016-cı ilin aprelində yaşamışdı, yaxın vaxtlarda bundan daha böyük sevinc yaşayacaq...
Səngərdən səngimiş istinin, bürkünün uğurlamasıyla ayrılırıq.
İstini-bürkünü bir qədər yumşaldan küləyin cazibəsində əsgərlərimizlə səmimiyyətlə kəlmələşmişik. Belə kəlmələşmələrə könül söhbəti deyirlər. Könül söhbətimizin mahiyyəti Vətən oldu, dövlətçilik oldu, Böyük Qələbə oldu...
Ruhumuzun Qələbə fəsli ərəfəsindəyik...
Ceyhun CƏFƏRLİ,  "Azərbaycan Ordusu", Fotolar Coşqun CƏFƏROVUNDUR