Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2020 10:21

“Torpaqlarımızı azad edəcəyik”

Düşmənlə təmas xəttində yerləşən "N" hərbi hissəsində  torpaqlarımızın keşiyində dayanan oğullarımızın sırasından daha birini - baş leytenant Şahin Orucovu tanımaqdan qürur duyuruq. O, Balakən rayonunun Qullar kəndində dünyaya göz açıb. Vətənini canı bahasına qorumağa, eyni zamanda, millətinin, xalqının rifahı və əmin-amanlığı naminə hər şeyə hazır olan Şahin hələ uşaqlıqdan zabit olmaq istəyirdi. Vətənpərvərlik mövzusundan söhbət düşəndə isə həmsöhbətim müəllimi Reyhan Paşayevanı xatırladı.
"Müəllimim dərs prosesində hər birimizə vətənpərvərlik hissini aşılamaq üçün Azərbaycanın qədim dövlətçilik tarixindən, hərb tarixindən, sərkərdələrimizin və qəhrəmanlarımızın həyatından danışar, əyani vasitələrdən istifadə edərək tarixi biliklərimizi artırmağa, həmçinin əsl vətəndaş kimi yetişməyimizə çalışardı. O həmişə deyərdi: "Şagirdlər tariximizi öyrənməsələr, gələcəkdə kim olduqlarını bilməzlər. Onların vətənpərvər ruhda böyümələri Vətəni sevmələri deməkdir".
Baş leytenant Ş.Orucov ordu sıralarında xidmət edən şəxsi heyətin də vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu dedi. "2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri bunların bariz nümunəsidir. Bununla bağlı Ali Baş Komandanımız demişdir: "...Aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Bu gün heç kimə sirr deyil ki, bizim işimiz haqq işidir və biz öz torpaqlarımız uğrunda vuruşuruq."
Söhbət zamanı Şahin qeyd etdi ki, hər bir zabit azərbaycançılıq ideologiyasına sadiq olmalı, şəxsi heyətə hörmət və qayğı ilə yanaşmalı, kollektivdə sağlam mühit formalaşdırmalıdır. "Zabit kimi məsuliyyətli və şərəfli ad qazanmışıq, hər birimiz bu məsuliyyəti dərk etməli, inamlı xidmət etməliyik. Tabeliyimizdə olan şəxsi heyəti Vətənə sevgi, düşmənə nifrət ruhunda tərbiyə etməli, ordumuzun döyüş qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılması istiqamətində bilik və bacarığımızdan yararlanmalıyıq. Ordumuzun müasir tələblər səviyyəsində qurulmasının, dünya standartlarına uyğun silah və texnika ilə təchizatının, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji vəziyyətinin yüksək olması Ali Baş Komandanımızın diqqət və qayğısı ilə əhatə olunmasının nəticəsidir. Bunun qarşılığında isə nümunəvi xidmətimizlə Azərbaycan Ordusunun inkişafına töhfəmizi verməli, şəxsi heyətin döyüş qabiliyyətini, atəş və fiziki hazırlıqlarını daim yüksək səviyyədə saxlamalıyıq. Çünki torpaqlarımızı azad etməliyik, düşməndən qisasımızı almalıyıq. Ordu sıralarında xidmət edən hər bir kəs yalnız bu amal uğrunda xidmət edir. Ali Baş Komandanımızın rəhbərliyi altında o gün uzaqda deyil".
Söhbət zamanı Şahin Orucov qürurla və fəxrlə düşmənlə üz-üzə mövqelərdə xidmət etməyin daha məsuliyyətli və şərəfli olduğunu dedi. Hər birimizin bildiyi kimi, səngər cəsurların, qəhrəmanların məkanıdır.
- Vətənpərvərlik Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq deməkdir. Bunun üçün də biz hər zaman əlimizdən gələni etməliyik. Çünki müqəddəs torpaqlarımız bizlərə ata-babalarımızdan qalan əmanətdir. Bizim borcumuz isə əmanəti göz bəbəyimiz kimi qorumaqdır.
Orxan HÜSEYNLİ, "Azərbaycan Ordusu"