Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyul 2020 10:11

“Hərbi xidmət həm də həyat məktəbidir”

Düşmənlə təmas xəttində yerləşən bölmələrimizin birində əsgərlərimizin əhatəsindəyik. Söhbətləşəndə onlardan hərbi xidmətin gənclərin həyatında rolu haqqında düşüncələrini soruşuruq.
Əsgər Surxan Ələkbərov hərbi xidmətə Göygöl rayonundan çağırılıb. O hərbi xidmət xatirələrinin yaddaşında əbədi həkk olunduğunu dedi. "Uşaqlıqdan hərbi mundirə böyük sevgi ilə böyümüşəm. Həmişə hərbçi görəndə "əsgəri salam" verir, qabağına qaçıb onunla danışmağa çalışırdım. O vaxtlar hərbi rütbə tanımırdım. Hamısına əsgər deyirdim. Həmin günü özümü başqa cür hesab edirdim. Tez evə qayıdıb əsgərlə söhbət etdiyimi valideynlərimə danışardım. Onlar da vaxtı gələndə sən də hərbi formanı geyinib Vətənimizin müdafiəsində dayanacaqsan deyirdilər. Böyüklərimiz hərbi xidmətin vacibliyi və ciddiliyi haqqında çox danışırdılar. Kütləvi informasiya vasitələrində hərbi verilişlərə baxırdım. Çalışırdım ki, hərbi xidmətə çağırılanda ilkin biliklərə sahib olum. Hərbi formanı geyindiyim gün sevincimin həddi-hüdudu yox idi. Valideynlərim, dostlarım, qohumlarım Vətənə sədaqət andımın şahidi oldular. Onların baxışlarında mənimlə fəxr etdiklərini görməmək mümkün deyildi. Mən də onların etimadını doğrultmağa çalışıram.  Artıq xidmətimi başa vururam. Yoldaşlarımdan ayrılmaq bir qədər çətindir. Harda olsam da mən hər zaman əsgərəm. Yüksək döyüş ruhuna və bacarığına malik əsgər kimi, Ali Baş Komandanın əmri ilə Qarabağımızı işğaldan azad etmək üçün sıraya qayıtmağa hər an hazıram".
- Hərbi xidmət bir həyat məktəbidir, - əsgər Saleh Yusubzadə dedi. - Burada döyüş hazırlığı öyrənməklə yanaşı, Vətən sevgisinin nə olduğunu anlayırsan. Düşmənə nifrət hissin artır. Bir gənc kimi yaxşı anlayıram ki, xidmət illəri bizə bir çox keyfiyyətlər aşılayır. Komandirlərimizin səyi nəticəsində hər birimiz hazırlıqlı əsgər kimi formalaşdıq. Hamımız üzərimizə düşən vəzifəni - Vətən torpaqlarının bizə əmanət olduğunu dərk edirik. Hər qarış torpağını qorumaq üçün əlimizdən gələni əsirgəmirik. Xidmətimin çox hissəsi geridə qalıb. Hərbi xidmətdən ehtiyata buraxılsam da, döyüş əmri verildiyi vaxt yenidən ordu sıralarına qayıtmağa hazıram. İnanıram ki, həmin gün uzaqda deyil. Xidmətə yeni başlayan yoldaşlarıma komandirlərimizin dediklərinə riayət etmələrini, öyrətdiklərini dərindən mənimsəmələrini tövsiyə edirəm.
"Hərbi xidmət dəmir intizam tələb edir. Nizam-intizam isə sıradan başlanır. Sıra müqəddəsdir, bu sıralarda Mübarizlər, Samidlər, Raquflar dayanıblar. Onların keçdiyi döyüş yolu, vətənpərvərlikləri hər birimizə nümunədir. Xidmətimi başa vurmağıma az qalıb. İndi də nizam-intizamlı və bacarıqlı əsgər olmaq üçün əlimdən gələni əsirgəmirəm. Hərbi mundiri geyinmək hər kəsə qismət olmur. Biz bunun məsuliyyətini dərk edirik. Bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni əsirgəmirik. Komandirlərimizin öyrətdiklərini dərindən mənimsəməli, asudə vaxtlardan səmərəli istifadə etməliyik. Xidmətimi başa vurmağıma az qalsa da, vaxtın necə keçdiyini hiss etmədim. Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində xidmət etməyimdən çox qürurluyam. Hərbi xidmətimi uğurla başa vurmağa hazırlaşan əsgər kimi xidmətə yeni başlayan əsgərlərə uğurlar arzulayıram. Onlara silahımı, dəmir dəbilqəmi və zirehli gödəkçəmi təhvil verərək mənim kimi xidmətlərində məsuliyyətli, nizam-intizamlı, cəsur, mərd, vətənpərvər olmalarını diləyirəm. Döyüş əmri veriləndə biz də onlarla birlikdə torpaqlarımızı düşməndən azad edəcəyik", - əsgər Nahid Xankişiyev dedi.
Vətənimizin müdafiəsində dayanan igidlərimizlə söhbətimizdən sonra bir daha əmin olduq ki, torpaqlarımız qətiyyətlə müdafiə olunur. Əsgərlər ruhən özlərini Vətəni üçün, sabahlar üçün də əsgər bilirlər.
Ruslan HƏSƏNZADƏ, "Azərbaycan Ordusu"